“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bənddən “maddəsində (ikinci halda), 14.4-cü” sözləri çıxarılsın;
1.2. 2.5.2-ci yarımbənddə “, 14.1.3-cü və 14.2-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz olunsun və həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2.5.3-cü yarımbənd və 2.6-cı bənd əlavə edilsin:
“2.5.3. həmin Qanunun 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
2.6. həmin Qanunun 14.4-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2023-cü il