Banker.az TASS agentliyinə istinadən xəbər verir ki, Dünya bankı Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 800 milyon dollar kredit ayırmaq qərarına gəlib. Vəsait bərabər şəkildə Türkiyə və Azərbaycan arasında bölünəcək. Türkiyənin dövlət şirkəti Botaş 24 il müddətinə 400 milyon dollar əldə edəcək. Azərbaycan üçün isə eyni kredit 30 illik müddətə təqdim edilir. Hər iki kredit üçün güzəşt müddəti 5 il təşkil edəcək.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.
Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.