ƏDV depozitindəki vəsaitlər ilə sosial borclar ödənilə biləcək.
Banker.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC və REAL Televiziyasına müsahibəsi zamanı deyib.
Yeni qərara əsasən, özəl sektor təmsilçiləri üçün maliyyə resurslarından istifadə imkanları genişləndirilir.
“Gələcəyə baxışımızın əsas məqsədi vergi ödəyiciləri üçün daha proqnozlaşdırılan, rahat və əlçatan mühit formalaşdırmaqdır. Bu istiqamətdə yeniliklərdən biri artıq 2027-ci ildən qüvvəyə minəcək. Söhbət qeyri-neft özəl sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün ƏDV depozit hesabındakı vəsaitlərin sosial ödənişlərə yönəldilməsi imkanından gedir. Bununla bağlı qanun artıq imzalanıb və mexanizm 2027-ci ildən etibarən dörd il müddətində tətbiq olunacaq.
Hesab edirik ki, bu dəyişiklik şəffaf fəaliyyət göstərən biznes subyektlərinin dövriyyə kapitalına olan ehtiyacının azalmasına və mövcud vəsaitlərdən daha səmərəli istifadə etməsinə imkan yaradacaq”, – deyə Dövlət Vergi Xidmətinin rəisi vurğulayıb.
Orxan Nəzərli vergi qanunvericiliyində gözlənilən digər mühüm yenilikləri də açıqlayıb: “Mikro və kiçik sahibkarlıq subyektləri üzrə hesabatlılığın və inzibati yükün optimallaşdırılması istiqamətində işlər aparılır. Məqsəd həmin bizneslərin inkişaf imkanlarını genişləndirmək və onların böyüməsi üçün daha əlverişli şərait yaratmaqdır”.
Müsahibənin geniş versiyası bu gün yayımlanacaq.







