Ekspertin sözlərinə görə, məhkəmə proseslərinin 99%-də video çəkiliş materialları sübut qismində qəbul edilmir.
“Bir çox ölkələrdə sənədləşmə işi ilə məşğul olan dövlət və özəl təşkilatlar video müşahidə kameralarından istifadə edirlər. Bu tədbir hər hansı əməliyyatdan mənfəət güdən fırıldaqçılarla mübarizə aparmaq məqsədilə həyata keçirilir.
Azərbaycanda bu təcrübəni həyata keçirmək mümkün deyil. Belə ki, məhkəmələr video materialları sübut kimi qəbul etmirlər. Azərbaycan məhkəmələri qatı bürokratiyadır. Fiziki və hüquqi şəxslər öz hüquqlarını yalnız “kağızlarla” sübut edə bilər.
Məhkəmələr əsas olaraq protokol məlumatlarını tanıyırlar. Əminliklə deyə bilərəm ki, əlində sənəd qismində sübutu olan şəxslər 99% hallarda qalib gəlirlər. Buna görə də, notariusların video müşahidə kameralarına fiksasiya edilməsində bir məna görmürəm. Üstəlik, bu video materiallarda hər hansı anı silmək hər zaman mümkündür” – deyə təcrübəçi hüquqşünas Elman Osmanov bildirmişdir
Bununla yanaşı, daşınmaz əmlak sahəsində mütəxəssis olan Rəşad Əliyev də verdiyi müsahibəsində bildirmişdir ki, bəzi yerli banklar kredit əldə edilməsinin fotofiksasiya edilməsi təcrübəsindən istifadə edir. O demişdir: “Məhkəmədə işin şəffaflığını sübut etmək çox çətindir. Adətən bank əməkdaşları bu vəziyyətlə qarşılaşırlar.
Yer gəlmişkən, Azərbaycanda sənədlərin imzalanması zamanı fotoçəkiliş həyata keçirən banklar da var. Məsələ ondadır ki, bəzən vətəndaşlar kredit götürür, daha sonradan onu ödəmir və məhkəmə prosesində ümumiyyətlə həmin maliyyə təşkilatında heç vaxt olmadığını iddia edir. Təbii olaraq, bank əməkdaşları borcalanın yalan danışdığını sübut etmək üçün dəridən qabıqdan çıxırlar.
Buna görə də, borcalanın gələcəkdə ödənişdən yayınmaması üçün fotoçəkiliş həyata keçirir. Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan notariuslar da eyni vəziyyətlə üzləşirlər.
Belə hesab edirəm ki, videoçəkiliş neqativ halların qarşısını almaq və oxşar vəziyyətlərdən sığortalanmaq üçün ən yaxşı vasitədir. Əlbəttə, biz də bu vəziyyətlərin sayı azlıq təşkil etsə də, “ehtiyat igidin yaraşığıdır”.