9 C
Baku
Friday, December 13, 2024

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar müəyyənləşir

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər açıqlanıb.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərir. Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz.

Paylayıcı sistem operatoru elektrik enerjisinin paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir. Paylayıcı sistem operatoru paylayıcı şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, həmçinin istehlakçılara və paylayıcı şəbəkənin digər istifadəçilərinə elektrik enerjisinin paylanmasını təmin edir. Paylayıcı sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, ötürülməsi və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz. Elektrik enerjisinin paylanması birdən çox paylayıcı sistem operatoru tərəfindən həyata keçirildikdə hər bir paylayıcı sistem operatoruna verilmiş icazədə onun xidmət etdiyi ərazi göstərilir.

Elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. Layihəyə görə, elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz. Elektrik enerjisinin təchizatı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətinə münasibətdə hüquqi ve iqtisadi baxımdan müstəqil fəaliyyətdir. Ötürücü və paylayıcı sistem operatoru, habelə onun idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər elektrik enerjisi təchizatçısının əmlakı üzərində mülkiyyət və ya istifadə hüququna, yaxud elektrik enerjisi təchizatçısının idarəetmə orqanlarının tərkibinin formalaşdırılmasında və ya həmin orqanların qərar qəbuletmə prosesində iştirak etmək hüququna malik ola və bu məqsədlə əqdlər bağlaya bilməzlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər