17 C
Baku
Monday, May 13, 2024

Elgün Cavadovla “fransızsayağı müsahibə”

Müsahibimiz Fransanın “Université Toulouse – Jean Jaurès” universitetinin məzunu Elgün Cavadovdur. O, Bakıda Beynəlxalq Münasibətlər ixtisasına yiyələndikdən sonra təhsilini Fransanın Tuluz şəhərində davam etdirmiş və Turizm ixtisası üzrə magistr dərəcəsi almışdır.

İlk növbədə xaricdə təhsil almaq ilə bağlı qərarınız nə ilə əlaqədar idi? Niyə məhz Fransa, niyə məhz “Université Toulouse – Jean Jaurès”? Bakıdan getməyə sizi sövq edən amillər nələr idi?

Xaricdə təhsil bütün tələbə yoldaşlarımın arzusu olmuşdur. Nəticədə də, bizim qrupun əksəriyyəti  müxtəlif ölkələrə üz tutdu. Xaricdə təhsil yeni bir ölkəni, mədəniyyəti kəşf etmək və dar çərçivədən çıxmaq üçün əla şans idi. Bu sadəcə macəradır, təhsil macərası.

Fransada ilk getdiyim şəhər Tuluz oldu. Bu şəhər artıq neçə ildir ki, tələbələr üçün Fransada ən rahat şəhər kimi seçilir. Xarici tələbələrin çoxluğu şəhərə kosmopolit abu-hava verir. Nəticədə mən də sonunadək orada qalmağı qərarlaşdırdım.

Xaricdə təhsilin maliyyələşməsi bir çox bu arzuda olan tələbələrimiz üçün əsas maneədir. Siz bu problemi necə həll etdiniz? Özünüzü necə motivasiya etdiniz?

Sözsüz ki, maliyyə məsələsi nəinki xarici tələbələrin, hətta yerli fransızların da əsas problemlərindən biridir. Elə buna görə də orada dövlət universitetləri pulsuzdur. Əlbəttə ki, ailəm mənə çox dəstək olub. Bununla belə, bir il Dövlət Proqramı ilə oxumuşam. Uyğun zamanlarda işləməklə də özümü təmin edirdim. Sözsüz ki, motivasiya təhsili bitirib, bir sonrakı pilləyə keçməkdir. Burada motivasiya o ola bilər ki, siz özünüzü ən çətin dərslərin arasında vaxt tapıb işləməyə razı salasınız. Ümumiyyətlə isə, burada motivasiyadan çox, mühasibat bacarıqları önəmlidir. Az pulla bir ayı keçirmək hər insana asan olmaya bilər.

^890A7FA9169C4994A3E9EEE2DD2CBFE4C2C9C92FC0CAD91FD7^pimgpsh_fullsize_distr

Zəhmət olmasa, hazırlıq və universitetə qəbul prosesi haqqında məlumat verərdiniz. Əsasən problemlər nədə oldu və ümumi proses hansı mərhələlərdən keçir?

Fransada oxumağın ən rahat yolu fransız dilini bilməkdən keçir. Bakıda isə fransız dilini öyrənmək asan deyil. Lazımi fransızdilli mühit yox idi və fransız universitetinə qəbulun necə olduğunu bilmirdim. Dostlarla birlikdə öyrəndiyimiz hər yeni informasiyanı paylaşaraq, qəbul kağızını aldıq. Əsas problemimiz informasiya azlığı idi. İndi artıq Fransada oxumuş tələbələr Bakıda 10-larladır. Hal-hazırda bu proses asanlaşıb.

Fransada təhsil almağa gedərkən bu ölkədən gözləntiləriniz nə idi və onları doğrulda bildinizmi?

Fransa mənə hələ tarix kitablarından əziz idi. Azadlıqsevər və yenilikçi bir cəmiyyətin məni gözlədiyini bilirdim və elə də oldu. Fransada olduğum müddətdə onların sahib olduqları dəyərlərdən nələrsə öyrənməyə çalışmışam. Ümumiyyətlə isə, Fransa mənə müasir Avropa təhsilini verdi. Sərbəst özünü ifadə və kreativliyin əsas olduğu təhsil insanın öz potensialını kəşf etməyə imkan verir. Fransa bu gözləntini doğrulda bildi.

Sizcə əcnəbi ölkə diplomu ilə Bakıda arzusunda olduğunuz karyeranı asanlıqla qurmaq nə dərəcədə realdır?

Bu o qədər də real görünmür. İlk öncə qərb ölkələrində ixtisaslar iqtisadi-siyasi-sosial tələblərə uyğun proqramlaşdırılır. Bizdə isə bu biraz qarışıqdır. Fransız universitetinin verdiyi ixtisas öz ölkəsindəki boşluğu doldurmaq və ya o sahəni inkişaf etdirmək üçündür. Təəssüf ki, xarici diplomlar alan heç də bütün tələbələrimiz öz ixtisasında çalışmır. Lakin bu diplom yeni imkanlar yaradır. Daha rahat iş tapmaq, daha tez boşluqları görmək, daha çevik reaksiya vermək imkanlarını verir. Bunlar önəmlidir.

 Niyə məhz turizm? Təhsildənkənar fəaliyyətiniz nələr olub?

Mən xarakter olaraq yeni yerlər görməyi, yeni mədəniyyətlər, insanlar tanımağı sevən birisiyəm. Fransada özümə yeni ixtisas axtardığım zaman bu xarakterik keyfiyyətimin gələcək ixtisas seçimimə təsir etdi və mən turizmə yönəldim. Təhsildənkənar fəaliyyətlər adətən ölkədaxili və Avropa şəhərlərinə olan səfərlər olub. Hər imkan yarandığı zaman yeni bir yer görmək üçün səfərə çıxmışam. Sərhədlərin olmamasından maksimum istifadə etməyə çalışırdım.

Ənənəvi sual olaraq, xaricdə təhsil almaq istəyən tələbələrə nə tövsiyyə edərdiniz?

Konkret məqsəd olmalıdır. Nə üçün mən xaricdə təhsil almaq istəyirəm? Əgər cavab təhsildirsə, bütün çətinliklərə baxmayaraq, insan özünü həvəsləndirməli və getməlidir. Xaricdə təhsil sadəcə təhsil ilə hüdudlanmır, yeni adət-ənənələr, yeni insanlar, yeni mədəniyyətlər, yeni dil, yeni davranışlarla qarşılaşırsan. Əgər psixoloji cəhətdən insan buna hazır deyilsə, vaxtını və enerjisini başqa şeylərə də yönəldə bilər. Xaricdə təhsil alan şəxs yeni kimliyə sahib olur. Bu kimlik sizdən nəsə qoparmır, əksinə sizə daha da dəyər qatır. Bütün bu arzuda olan gənclərə uğurlar arzulayıram. Xaricdə oxumaq istəyən insanın tövsiyəyə yox, çoxlu uğura ehtiyacı var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər