7 C
Baku
Sunday, December 15, 2024

Elman Sadıqov: “Lombardların özbaşınalıq etmələrinə, müştərilərinin hüquqlarını pozmalarına yol vermək olmaz”

Fins.az iqtisadçı-ekspert Elman Sadıqovun Azərbaycanda fəaliyyət göstərən lombardlar və onların fəaliyyətinin tənzimlənməsi qaydaları eyni zamanda bu sahədə tətbiqi vacib olan qaydalar barədə müsahibəsini təqdim edir

Hazırda ölkəmizdə lombardların fəaliyyəti hansı qaydalarla tənzimlənir?

AR Milli Məclisi 30 sentyabr 2019-cu il tarixdə “lombardlar haqqında” Qanun layihəsini 2-ci oxunuşda qəbul edib. Həmin Qanunun 3.9-cu maddəsinə əsasən “Lombardlar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir”. Digər tərəfdən bu Qanun layihəsində lombardların fəaliyyətlərinin bir neçə istiqamətdə tənzimlənməsi, bir çox məsələlərin əhatə olunması, nəzarətin daha sərt olması nəzərdə tutulub. Müsbət tərəfləri çoxdur. Lakin, konkret olaraq, nə qədər səmərəli olacağı, hansı nəticələr doğura biləcəyini tətbiqindən sonra zaman göstərəcək.

Lombardlar-ın fəliyyəti ilə bağlı hansı zəruri addımlar atılmalıdır?

Lombardların fəaliyyəti ilə bağlı hansı zəruri addımlar atılmazdan öncə mövcud vəziyyət ciddi təhlil olunmalıdır. Mən ciddi təhlil deyəndə ciddi nəzarət tədbirlərini nəzərdə tutmuram. Çünki, bir sıra hallarda iqtisadiyyatda ciddi nəzarət tədbirləri çıxış yolu olmur. Bu sahənin fəaliyyəti bankların və bank olmayan kredit təşkilatlarının fəaliyyətinə bənzəsə də, bu sadəcə zahiri bənzəmədir. Mahiyyət isə tamamilə fərqlidir. Bu sahə spesifik sahədir. Həddən artıq nəzarət və ya bu sahənin boğulması əks effektlər də verə bilir. Bir çox ölkələrin təcrübəsi bunu isbat edib. Bu sahə dinamik və daha operativ xidmətə əsaslanıb. Xarici ölkələrin demək olar ki, hamısında (bir neçə müsəlman ölkəsi istisna olsa da, həmin ölkələrdə də qeyri-leqal fəaliyyətlər olub) bu fəaliyyət növü olub və mövcuddur. Obyektiv statistika mövcud olmadığından bu gün lombarların kreditləşmədə rolu və yeri haqqında obyektiv fikir yürütmək çətindir. Lakin, lombard fəaliyyətinin süni şəkildə boğulması, fəaliyyətinin inzibati yollarla daraldılması əks effektlər verərək faizlərin artması, cəmiyyətdə qısa müddətə təcili pul ehtiyacı səbəbindən lüzumsuz gərginliklərin yaranması və sair ilə nəticələnə bilir. Biz lombard fəaliyyətini daha səmərəli tənzimləmək istəyiriksə lombardların fəaliyyətinə təkan verən məsələ və amilləri təhlil etməli, oradakı bir çox məsələləri həll etməliyik. Məsələn, biz lombardların fəaliyyətini boğmaqla kölgə iqtisadiyyatını azaltmayacağıq, amma kölgə iqtisadiyyatını azaltmaqla lombardların fəaliyyət dairəsini azalda bilərik. Məsələyə yanaşma tərzi həlledicidir.

Xarici ölkələrdə Lombard və yaxud bu tip fəaliyyət həyata keçirən mikromaliyyə təşkilatların işləmə prinsipi və hesabatlılığı üçün hansı mexanizmlərdən istifadə edilir?

Məsələn, Tayvan, Cənubi Koreya, Tailand kimi ölkələrdə 50-60-70-ci illərdə lombard kreditləri bütün kreditləşmənin 30-40%-ni əhatə edirdi. Faizlər isə aylıq 15-20%, bəzən isə hətta 30% ətrafında olub. Sonra bankların inkişafı, iqtisadiyyatda kölgə iqtisadiyyatının payının azaldılması bu sahənin də kiçilməsinə səbəb olub. Avropa da bu vəziyyət olub, ABŞ-da da. Lombardlar əhalidən depozit qəbul edərək fəaliyyət göstərmirlər. Bu səbəbdən bütün dünyada lombardların fəaliyyəti banklar qədər ciddi tənzimlənmir. Ciddi tənzimlənməmənin və fəaliyyətin boğulmamasının bir çox səbəbləri vardır. Səbəblərdən biri də budur ki, lombardların fəaliyyəti daraldıldığı anda sələmçiliyin geniş yayılması müşahidə olunur. Bu daha pisdir. Burada kriminal və sair artır. Mən də lombardlar tərəfindən verilən kreditlərin azalmasının tərəfdarıyam. Sadəcə, lombardların fəaliyyətlərinin azalması rəqabət yolu ilə olmalı, lombardların daha çox kredit verməsini boğmaq deyil, əhalinin bu kreditlərə tələblərinin azaldılması üçün münbit şəraiti getdikcə artırmaq lazımdır. Yanaşmam fərqlidir, genişdir, təəssüf ki, bir müsahibəyə sığmadığı üçün bununla kifayətlənmək istərdim. Sualınıza qısaca belə cavab verim ki, lombardların müxtəlif ölkələrdəki fəaliyyətləri müxtəlif qanunlarla tənzimlənir ki, burada əsas məqsəd lombard və müştərilərin hüquq və vəzifələrinin müəyyən olunmasıdır. Lakin, lombardların fəaliyyətini ən güclü tənzimləyən amil elə iqtisadiyyatın özüdür.

Azərbaycanda bu sahədə hansı mexanizmin tətbiqi daha işlək ola bilər?

Mən də lombardların fəaliyyətinin müəyyən qanunvericilik çərçivəsində tənzimlənməsinin tərəfdarıyam. Amma bu tənzimləmə müdaxilə və ya fəaliyyətin boğulması xarakterli olarsa daha çox risklər meydana çıxar. Lombard faizləri artar və sair. Sui-istifadələr də artar. Ciddi və sərt tənzimləmə sui-istifadə və ya mənfi amillərin olmamasına zəmanət verə bilməz. Məsələ Qanunun özündən daha çox tətbiqi məsələsidir, doğura biləcəyi nəticələrdir. Qısası, lombardların fəaliyyətlərinin azalması rəqabət yolu ilə olmalı, lombardların daha çox kredit verməsini boğmaq deyil, əhalinin bu kreditlərə tələblərinin azaldılması üçün münbit şəraiti getdikcə artırmaq lazımdır. Yanaşmam fərqlidir, genişdir, təəssüf ki, bir müsahibəyə sığmadığı üçün bununla kifayətlənmək istərdim.

Lombardların fəaliyyəti mikromaliyyə haqqında qanunla tənzimlənməlidir yoxsa bu sahə üçün ayrıca qanunun hazırlanması daha effektiv ola bilər ?

Yuxarıda qeyd etdiyim Qanun layihəsində bir çox məsələlər əks olunsa da, narahatçılıq doğuran məqamlar da var. Məsələyə geniş və dərin yanaşmaq lazımdır. Bu sahəni bilmədən bu sahə haqqında fikir yürütmək doğru olmaz. Şəxsi olaraq çoxumuzun sevmədiyi sahədir. Mən də sevmirəm. Amma, bir iqtisadçı kimi, bu sahənin digər ölkələrdəki tarixlərinə nəzər saldıqda, daha praqmatik düşündükdə cəmiyyətlərin ehtiyac duyduğu bir sahədir. Hansı ölkələrdə bu sahəni administrativ yolla və ya dinin tələbləri ilə boğmağa çalışdıqda qeyri-leqal daha mənfi amillər ortaya çıxıb. Lombard kreditləri mikromaliyyə kreditlərinə çox bənzəsə də, mahiyyət etibarilə fərqlidir. İnsanlara bəzən bir neçə saatlıq, bir neçə günlük və ya həftəlik, aylıq pul lazım olur. Operativ şəkildə həll olunmasına ehtiyac olur. Bunların boğulması müxtəlif gərginlik yarada bilər. Əlbəttə, ayrıca qanun layihəsi olmalıdır ki, lombard-müştəri əlaqələrini, hüquq və vəzifələrini tənzimləsin. Amma, bu tənzimləmə xarakterli olmalıdır. Müdaxilə olduqda ən azı faizlərin artımı ehtimalı artır. Çünki, lombardlarda dövriyyədə olan pulun maya dəyərinin artmasını müşahidə edəcəyik.

Vacib bir nüansı da nəzərə alaq. Təəssüf ki, lombard müştərilərinin çox az hissəsi potensial bank müştərisi olmaq imkanına malikdir. Bu sahələri dərindən bilməyənlər deyə bilərlər ki, biz elə edək ki, bu müştərilərə banklar kreditlər versin. Bu da risklidir. Bu halda istehlak kreditləşməsi həm geniş vüsət alar, həm də riskləri çox artar. Nəticədə, əhalinin depozitləri olan bank-maliyyə sektoru daha ciddi risklərlə və təhdidlərlə üzləşər. Bu aspektdə lombardlar həm də dolayısı ilə tənzimləyici rol oynayırlar.

Suallarınıza cavab verərkən, bir çox nüanslara, əsas amillərə toxunmağa çalışsam da, bu məsələ geniş və həm də çox incə məsələdir. Burada hər hansı səhv həm də ciddi sosial problemlərə də səbəb ola bilər. Bu sahənin ən böyük riski lombard işlədən şəxslərin vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmələridir. Lombardların özbaşınalıq etmələrinə, müştərilərinin hüquqlarını pozmalarına yol vermək olmaz. Bu risklərin yumşaldılması əsas amillərdən biri olub və hazırda da əsas çağırışlardan biridir. Məhz bu məsələni həll etmək istəyi bəzən bu sahədə digər riklərin yaranması ilə də nəticələnə bilir. Qeyd etdiyim fikirləri ümumiləşdirərək vurğulamaq istəyirəm ki, lombard-müştəri münasibətləri, istehlakçıların hüquqlarının müdafiəsi, sui-istifadə və dələduzluq hallarının minimuma endirilməsi, lakin normal lombard fəaliyyətinin boğulmaması, faizlərin artımına səbəb olacaq administrativ metodların tətbiq olunmaması “Lombardlar haqqında” Qanunun tətbiqi zamanı əsas prioritetlər olmalıdır.

©Fins.az

Son xəbərlər
Digər xəbərlər