Əmanətlərin Sığortalanması Fondu (ƏSF) elektron xidmətlərini “myGov”a inteqrasiya edəcək.
Bunu Fondun İT departamentinin Sistem inzibatçılığı və proqramlaşdırma şöbəsinin müdiri Fərid Şirinov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, Fondun öz kompensasiya portalı fəaliyyət göstərir və elektron müraciətlər həmin portal vasitəsilə qəbul olunur: “myGov” platformasına inteqrasiya üçün isə ilk növbədə təqdim edilən elektron xidmətlərin dövlət reyestrində qeydiyyata alınması və müvafiq tələblərə uyğunlaşdırılması tələb olunur. Platforma hər bir xidməti qiymətləndirərək onun tam elektron, yoxsa qismən elektron xidmət olduğunu müəyyənləşdirir. Bu proses mərhələli şəkildə həyata keçirilir”.
F.Şirinov bildirib ki, ƏSF artıq rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində strateji addımlar atmağa başlayıb: “Bu istiqamət Prezidentin müvafiq fərmanının icrası çərçivəsində hazırlanmış strateji planın tərkib hissəsidir. Plan çərçivəsində Fondun bir sıra elektron xidmətlərinin “myGov” platformasına inteqrasiyası nəzərdə tutulur. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, 2028-ci ilin sonunadək dövlət qurumlarının bütün xidmətləri elektronlaşdırılsın. Bununla yanaşı, bu proses əhəmiyyətli maliyyə və texniki resurslar tələb edir”.







