Have a Question?
Faizlərin qarşılanma əmsalı (interest coverage ratio, ICR) – müəssisənin öz borc öhdəliklərini necə yerinə yetirə bildiyini xarakterizə edir. Göstərici müəyyən müddət ərzində (adətən 1 il) faiz və vergi ödənilməzdən əvvəlki gəliri (EBIT) və həmin dövr ərzində borc öhdəlikləri üzrə faizləri müqayisə edir. Adı çəkilən bu göstərici həmçinin borcun ödənilməsi əmsalı da adlandırılır.
Hesablanma düsturu: Faizlərin qarşılanma düsturu = EBIT / Ödəniş üzrə faizlər
Əmsal faktiki olaraq faiz və vergilər ödənilməzdən əvvəlki gəlirin, faizlərin ödənilməsinə sərf edilən xərcləri neçə dəfə üstələdiyini göstərir.
Faizlərin qarşılanma əmsalı nə qədər azdırsa, təşkilatın kredit yükü və müflis olmaq ehtimalı bir o qədər yüksəkdir. 1,5-dən aşağı olan əmsal təşkilatın öz borc öhdəliyini yerinə yetirə bilmək bacarığını sual altında qoyur. 1-dən aşağı olan əmsal artıq kritik hesab olunur və bu o deməkdir ki, pul vəsaitlərinin axını kreditorlara faizlərin ödənilməsi üçün kifayət etmir. Bunun əksinə, faizlərin qarşılanma əmsalı nə qədər yüksəkdirsə, təşkilatın maliyyə vəziyyəti bir o qədər dayanıqlıdır. Bununla yanaşı, həddindən artıq yüksək əmsal borc pul vəsaitlərinin cəlbinə çox ehtiyatlı yanaşmadan xəbər verir ki, bu da şəxsi kapitalın aşağı gəlirliliyinə gətirib çıxara bilər.