Oyun tərtibatçısı“Epic Games” ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə tənzimləyici tərəfindən aparılan iki araşdırmanı sonlandırmaq üçün 520 milyon dollar ödəməyə razılaşıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, şirkət Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktını pozduğuna görə rekord məbləğdə 275 milyon dollar cərimə ödəyəcək. “Epic Games” yetkinlik yaşına çatmayan istifadəçilər üçün real vaxt rejimində mətn və səsli söhbət imkanlarını söndürmək də daxil olmaqla, bir sıra qayda və parametrləri dəyişməyə razılaşıb.
Bundan əlavə, tərtibatçı oyunçuları pul xərcləməyə məcbur edən manipulyasiya taktikasına görə 245 milyon dollar təzminat ödəyəcək. Ötən həftə Kanada məhkəməsi “Epic Games”ə qarşı qaldırılan valideyn iddialarına baxıb. Onlar şirkəti “Fortnite” oyununun uşaqlara asılılıq yaratmasından günahlandırıblar.