8 C
Baku
Friday, December 13, 2024

Ermənistan üçün xarici borclar üzrə risklər artır

Beynəlxalq Valyuta Fondu (IMF) Ermənistan Respublikasının xarici borcunun yüksək həddə olduğu qənaətindədir. 2019-cu ilin sonuna Ermənistan Respublikasının (ER) xarici borcu 11.4 milyard ABŞ dolları ($) təşkil edib ki, bunun da $5.8 milyard xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 42.5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən $1 900 olub. Lakin, bir faktı isə qeyd etməliyik ki, bu 2018-ci ildə 48.49% idi.

Bildirilməlidir ki, xarici borcun ÜDM-də payının azalmasını nisbətən qlobal bazarda sabitliyin höküm sürdüyü illərdə olub. 2020-ci ildə isə əksər ölkələrin iqtisadiyyatı ressesiya riski ilə üz-üzədir.

Ermənistanın xarici dövlət borcunun ÜDM-də payı, mənbə ER Milli Bankı
43

Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ( İİTKM) hesablamalarına görə, Ermənistanda xarici borcla bağlı göstəricilərin cari ildə daha da pisləşəcəyi proqnozlaşdırılır. Buna səbəb kimi Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması göstərilir. Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13.7 faiz azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2.25 faizdən 5 faizədək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirmişdir. 2020-ci ilin I yarımilində birbaşa xarici dövlət borcu 175 milyon ABŞ dolları artıb.

Mərkəz deyir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından sonra dövlətin xarici borc yükünün daha çox artacağı gözlənilir. Belə ki, Ermənistan Respublikasının Maliyyə Nazirliyinin yenilənmiş proqnozlarına əsasən hərbi xərclərin artırılması ilə cari ildə dövlət büdcəsinin kəsrinin ÜDM-ə nisbəti 7.4 faiz təşkil edəcəkdir. Dövlət büdcəsinin kəsrinin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu isə xarici dövlət borcu hesabına hərbi xərclərin maliyyələşdirilməsi və militarist iqtisadiyyatın formalaşdırılması deməkdir.

Beynəlxalq Valyuta Fondu məzənnə riskinə görə xarici dövlət borcunun səviyyəsinin yüksək olmasından narahatdır. Fond tərəfindən qeyd edilir ki, milli valyutanın ucuzlaşması xarici dövlət borcu ilə bağlı göstəricilərin pisləşməsinə, o cümlədən dövlət borcuna xidmət xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb ola bilər. Hesablamalara görə, milli valyutanın real effektiv məzənnəsinin 30 faizlik ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 115 faizinə çatdıra bilər.

“Xarici dövlət borcunun yüksək olması ölkənin reytinqlərinə mənfi təsir göstərən amillərdəndir. Ermənistan 2019-cu ildə dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda dövlət borcu indikatoru üzrə 141 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Ümumiyyətlə, Ermənistanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti region ölkələri ilə müqayisədə yüksəkdir. Belə ki, 2019-cu ildə sözügedən göstərici Ermənistanda 42,5 faiz olduğu halda, Gürcüstanda 32,3 faiz, Ukraynada 29 faiz, Belarusda 27,1 faiz, Moldovada 14,4 faiz və Qazaxıstanda 6,9 faiz təşkil edib”- deyə İİTKM deyir.

Mərkəzdən Banker.az-a bildiriblər ki, xarici borcun yüksək həddi ölkənin gələcəkdə xarici maliyyə bazarlarından yeni vəsaitlər cəlb edilməsini çətinləşdirə və həmin vəsaitlər üzrə tətbiq ediləcək faiz dərəcələrinin artımına səbəb ola bilər:“Ortamüddətli dövrdə ölkənin xarici vəsaitlərə olan tələbinin yüksək olaraq qalacağını nəzərə aldıqda xarici maliyyə bazarlarına əlverişli şərtlərlə çıxış imkanlarının qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir”.

Son xəbərlər
Digər xəbərlər