1 C
Baku
Saturday, December 14, 2024

Əsas və əlavə iş yerində əməkhaqqından tutulmaların hesablanması qaydası

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Məcəllənin bu tələbini əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov “vergiler.az”a şərh edir.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 101.1-1-ci maddənin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi Tutulan Aylıq Gəlirin Məbləği Verginin Məbləği
2500 manatadak 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

 

Vergi Məcəlləsinin 101.1-1 ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə Cəlb Edilən Aylıq Gəlir Verginin Dərəcəsi
8000 manatadək 0 faiz

Misal 1: Fərz edək ki, fiziki şəxs, əsas iş yeri bankda olmaqla, eyni zamanda universitetdə müəllimlik fəaliyyəti göstərir. Çalışdığı bank və universitet hər ikisi dövlət müəssisəsidir. Fiziki şəxsin bankdan əldə etdiyi aylıq gəlir 1.500 manat, universitetdəki müəllimlik fəaliyyətindən gəliri isə 500 manatdır. Bu halda fiziki şəxsin gəlirlərindən nə qədər vergi tutulacaq?

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

1.Əsas iş yeri bank (dövlət sektoru)

Gəlir vergisi: 1500 – 200 = 1300 manat;
1300 x 14% = 182 manat.

Sosial sığorta haqqı: 1500 x 3% = 45 manat.

İşsizlikdən sığorta haqqı: 1500 x 0.5 % = 7.5 manat.

İcbari tibbi sığorta haqqı: 1500 x 2 % = 30 manat.

Əsas iş yerində net alacağı məbləğ:

1500 – 182 – 45 – 7.5 – 30 = 1235.5 manat.

2. Əlavə iş yeri universitet (dövlət sektoru)

Gəlir vergisi: 500 x 14% = 70 manat.

Sosial sığorta haqqı: 500 x 3% = 15 manat.

İşsizlikdən sığorta haqqı: 500 x 0.5% = 2.5 manat.

İcbari tibbi sığorta haqqı: 500 * 2% = 10 manat.

Əlavə iş yerində net alacağı məbləğ:

500 – 70 – 15 – 2.5 – 10 = 402.5 manat.

Misal 2: Fərz edək ki, fiziki şəxs özəl şirkətdə mühasib və dövlət universitetində müəllimlik fəaliyyəti ilə bağlı gəlir əldə edir. Mühasiblik fəaliyyətindan 2.000 manat, müəllimlik fəaliyyətindən isə 400 manat gəlir əldə edir. Bu halda verginin hesablanması necə həyata keçiriləcək?

Özəl və qeyri-neft sektoru olduğu üçün

1. Əsas iş yeri özəl şirkət

Gəlir vergisi: Özəl və qeyri-neft sektoru olduğu üçün vergidən azaddır.

Sosial sığorta haqqı: 200 x 3% = 6 manat,
1800 x 10% = 180 manat.
180 + 6 = 186 manat.

İşsizlikdən sığorta haqqı: 2000 x 0.5% = 10 manat.

İcbari tibbi sığorta haqqı: 2000 x 1% = 20 manat.

Əsas iş yerində net alacağı məbləğ:

2000 – 186 – 10 – 20 = 1784 manat.

2. Əlavə iş yeri dövlət müəssisəsi

Gəlir vergisi: 400 x 14% = 56 manat.

Sosial sığorta haqqı: 400 x 3% = 12 manat.

İşsizlikdən sığorta haqqı: 400 x 0.5% = 2 manat.

İcbari tibbi sığorta haqqı: 400 x 2% = 8 manat.

Əlavə iş yerində net alacağı məbləğ:

400 – 56 – 12 – 2 – 8 = 322 manat.

Göründüyü kimi, əlavə iş yerində fiziki şəxsin gəlirinin tam məbləgi vergiyə cəlb olundu. Yəni, vergidən azad olunan 200 manat gəlir məbləğindən çıxılmadı. Çünki Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, güzəşt yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Misal 3: Tutaq ki, fiziki şəxs bank sektorunda şöbə müdiri və kursda müəllim kimi fəaliyyət göstərir. Çalışdığı bank və kurs hər ikisi özəl sektora aid müəssisələrdir və müvafiq olaraq aldığı əmək haqqı 8.500 manat və 700 manatdır. Bu zaman əmək haqqından tutulmalar necə həyata keçiriləcək?

1. Əsas iş yeri bankda

Gəlir vergisi: 500 x 14% = 70 manat.

Sosial sığorta haqqı: 200 x 3%= 6 manat;
8300 x 10% = 830 manat.

İşsizlikdən sığorta haqqı: 8500 x 0.5% = 42.5 manat.

İcbari tibbi sığorta haqqı: 8000 x 1 % = 80 manat;
500 x 0.5% = 2.5 manat.

Əsas iş yerində net alacağı məbləğ:

8500 – 70 – 836 – 42.5 – 82.5 = 7491 manat.

2. Əlavə iş yeri kurs

Gəlir vergisi: 2019-cu ildən 7 il müddətinə gəlir vergisindən azaddır.

Sosial sığorta haqqı: 200 x 3% = 6 manat;
300 x 10% = 30 manat.

İşsizlikdən sığorta haqqı: 500 x 0.5 % = 2.5 manat.

İcbari tibbi sığorta haqqı: 500 x 1% = 5 manat.

Əlavə iş yerində net alacağı məbləğ:

500 – 36 – 2.5 – 5 = 456.5 manat.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

Son xəbərlər
Digər xəbərlər