Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sığorta ehtiyatları mümkün sığorta hadisələri üzrə kompensasiyaların ödənilməsinə kifayət edəcək qədərdir.
Bu barədə ƏSF-in icraçı direktorunun müavini Bəhruz Qayıbov deyib.
Onun sözlərinə görə, Fondun mövcud sığorta ehtiyatları qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya ödənişlərini vaxtında və tam həcmdə icrası üçün kifayət edəcək məbləğdə formalaşıb:
“Fondun iştirakçı bankların ödədiyi haqlar, eləcə də öz vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlir və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına formalaşdırdığı sığorta ehtiyatları hazırda baş verə biləcək sığorta hadisəsi ehtimalında kompensasiya ödənişlərinin verilməsinə kifayət edəcək həcmdədir. Bu səbəbdən, iştirakçı banklardan hər hansı birində sığorta hadisəsi baş verəcəyi təqdirdə kompensasiya ödənişlərinin verilməsi məqsədilə əlavə maliyyə resurslarının cəlb edilməsinə zərurət yaranacağı gözlənilmir”.
B.Qayıbov bildirib ki, bu məqam təcrübədə sonuncu sığorta hadisəsi üzrə həyata keçirilmiş kompensasiya ödənişləri zamanı da özünü göstərib.
“Belə ki, 2023-cü ilin oktyabr ayında “Muğanbank” ASC-də sığorta hadisəsinin baş verməsilə əlaqədar əmanətçilərə təxminən 200 milyon manat məbləğində kompensasiya ödənilib. Həmin ödənişlərin verilməsi prosesində Fond tərəfindən əlavə maliyyə resurslarının cəlb edilməsinə ehtiyac yaranmamış, mövcud sığorta ehtiyatları kompensasiya öhdəliklərinin tam həcmdə və vaxtında yerinə yetirilməsini təmin etmişdir”, – ƏSF-in icraçı direktorun müavini qeyd edib.
O vurğulayıb ki, Fondun sığorta ehtiyatlarının formalaşmasına təsir göstərən əsas mənbələrdən biri yalnız iştirakçı banklardan daxil olan haqlar deyil, eyni zamanda ləğv prosesində olan banklardan reqres qaydasında tələb hüququ ilə alınan vəsaitlərdir.
“Hesab edirəm ki, Fondun sığorta ehtiyatlarının mövcud dayanıqlığının təmin edilməsində rol oynayan əsas amillərdən biri iştirakçı banklar tərəfindən ödənilən təqvim haqları və qanunvericilikdə nəzərdə tutulmuş hallarda əlavə haqlar ilə yanaşı vaxtilə qorunan əmanətlər üzrə həyata keçirilmiş kompensasiya ödənişlərinə uyğun olaraq ləğv prosesində olan banklardan reqres qaydasında alınan daxilolmalarıdır. Məhz həmin reqres gəlirləri və iştirakçı banklardan müntəzəm daxil olan təqvim haqlarının məcmusu Fondun sığorta ehtiyatlarının davamlı və dayanıqlı şəkildə formalaşmasını təmin edən əsas maliyyə mənbələrini təşkil edir”, – B.Qayıbov deyib.







