Evdə saxlanılan vacib sənədlər və qiymətli əşyalar üçün seyfdən istifadə etmək mütləqdir. Lakin seyf seçərkən də onun özünün oğrular tərəfindən oğurlanmaması və içərisində saxlanılan dəyərli əşyaların, yaxud pulların asanlıqla əlçatan olmaması üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.
Banker.az saytı bu məqalədə ev üçün seyf seçərkən hansı cəhətlərə diqqət yetirməli olduğunuzdan və bəzi təhlükəsizlik tədbirlərindən bəhs edəcək.
İlk olaraq seyfin evinizdə yerləşəcəyi yeri dəqiq olaraq təyin edin.
Qarətçilərin seyfi içərisindəkilər ilə birgə oğurlamaması üçün bu seyfin ya böyük və ağır, yaxud da divar və ya döşəməyə bərkidilmiş olması lazımdır. Seyf almağa yollanmadan öncə onun harada və necə yerləşəcəyini aydınlaşdırın. Çarpayının altında olan kiçik seyfi bolt ilə döşəməyə bərkitməli olacaqsınız. Yox əgər bu seyf şkafın içərisində olacaqsa, onu birbaşa olaraq divara bərkitmək lazımdır.
Hündür mərtəbəli binada yaşayırsınızsa seyfi divara bərkitmək heç də hər kəsdə alınmayacaq, belə ki, bəzi binalarda divar qatı nazik olduğundan qonşunun divarını deşə bilərsiniz. Yüngül seyfləri isə boltlarla divar və yaxud döşəməyə bərkitmək lazımdır.
Seyfin maksim şəkildə təhlükəsiz olmasına xüsusi önəm verin. Belə ki, istənilən kilidli metal qutu seyf deyil! Bu metal qutu seyf adlanmaq üşün əvvəlcədən təyin olunmuş sənaye standartlarına cavab verməli və sınaqdan keçməlidir. Əldə etməyi planlaşdırdığınız seyfin dayanıqlılığı haqqında məlumatl satıcıdan əldə edin. Seyfin qırılmağa davamlılıq dərəcəsi onun sertifikatında qeyd olunmalıdır. Bu dərəcə nə qədər yüksək olarsa, seyfin qiyməti də bir o qədər baha olacaq.
Evdə istifadə üçün bir və yaxud ikinci sinif seyflər kifayət edər. Üçüncü sinif seyflər zərgərlik mağazaları üçün məsləhət görülür. Dayanıqlığı bundan daha çox olan seyflərdən banklarda istifadə olunur.
Seyf əldə edildikdən və uğurlu şəkildə yerləşdirildikdən sonra da onun içərisində olan dəyərli əşyalara qarşı sayıqlığı əldən vermək olmaz. Belə ki, seyfdən istifadə edərkən aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət etmək məsləhət görülür:
Seyfdən kənar şəxslərin yanında, xüsusilə də kuryerlərin, xidmətçilərin və ilk və son dəfər gördüyünüz istənilən insanların yanında istifadə etməyin. Əgər hər hansı bir kuryerlə evdə görüşürsünüzsə və ona ödənişi seyfdə olan vəsaitlər hesabına edəcəksinizsə, bu pulu o gəlmədən əvvəl hazırlayın.
Gündəlik istifadə etdiyiniz vəsaitləri seyfdə saxlamayın. Seyfi nə qədər gec-gec açarsanızsa, bir o qədər yaxşıdır.
Seyfin şifrəsini heç bir yerdə yazmayın və qeyd etməyin. Heç vaxt!
Seyfdə əlavə əşyalar və predmetlər saxlamayın: bank kartları, xatirə məktubları, sizə əziz olan kiçik əşaylar və s.
Mənzildə yanğın baş verdikdə isə seyfi oradaca qoyun. Həyatınız və sağlamlığınız seyfdə qoruduğunuz istənilən dəyərli əşyadan daha qiymətlidir. Zamanınızı dəyərli əşyaları çıxarmaqla sərf etməyin. İlk öncə öz təhlükəsizliyini təmin edin.