Müəllif: Royal İmanlı
Faizsiz bankçılığın tarixi iki mərhələyə bölünür:
1. 1955-ci ilə qədərki “Birinci mərhələ”;
2. 1955-ci ildən hal-hazırkı dövrə kimi olan “İkinci mərhələ”.
Birinci mərhələ
Faizsiz bankçılığın yaranması tarixi haqqında fərqli fikirlər mövcuddur. Əksər ədəbiyyatlarda bunun e.ə. 2123-2081- ci illərdə hakimiyyətdə olan Babil kralı Hammurabinin dövrünə gedib çıxdığı deyilir. Digər bir mənbələrə görə isə e.ə. 3500-cü illərə qədər gedib çıxır. Bu haqda ilk yazılar da Hammurabi qanunlarında yer alır.
Lakin mənbələrə istinadən deyə bilərik ki, bu banklar faizsiz fəaliyyət göstərməyib. Hammurabi qanunları “sibtou” adı verilən faizin alınmasına icazə verirdi. Bu faiz dərəcəsi buğda, arpa, xurma kimi mallardan sərmayənin üçdə biri, gümüşdə isə beşdə biri olaraq təsbit edilmişdir.
Faizsiz bankçılığın əsasını təşkil edən mudaraba ve muşarəkə əqdləri Orta Dövr Avropasına da keçmiş, “commenda” və “societa” adı altında istifadə olunmuşdur.
1118-ci ildə xristian hacıların malını və canını qorumaq üçün qurulan Temple məshəbi və bu məshəbin üzvləri olan “Templier”lər yığılan ianələrlə böyük həcmdə sərvət və nüfuz sahibi olmuşlar. Avropada 1000-dən artıq şöbəsi olan qurum hərbi və ticarət məqsədilə faizsiz kredit verirdi.
Avropada orta dövrdə tətbiq olunan ən geniş yayılmış iş ortaqlığı “commenda” olmuşdur. Bu maliyyə alətinin mudarabanın bir törəməsi olduğu deyilir. Mudarabada olduğu kimi, burada da bir tərəfdə sərmayədar, digər tərəfdə bu vəsaiti işlədən aktiv ortaq durur. Mənfəətin bölüşdürülməsi müqavilə imzalanan zaman müəyyən olunur. Qeyd edək ki, 12-13-cü əsrlərdə bu pay konkret müəyyən edilmişdi. Belə ki, sərmayə sahibi mənfəətin dörddə üçünü və aktiv ortaq dörddə birini əldə edirdi. Bu nisbət “ad quartem partem lucri” adlanırdı.
Lakin bankçılığa dair olan mənbələri araşdırdıqda maraqlı bir faktla qarşılaşa bilərik: İlk banklar dini məbədlər olmuşdur. Əmanətlərin bir qismi tanrı adına sədəqə olaraq məbədlərə bağışlanarkən din adamları da bu malları ehtiyac sahiblərinə “qarşılıqsız” borc verirdilər. Məbədlərin insanlara aşıladığı etibar hissi insanların digər mallarını da buralara əmanət olaraq qoymalarına yol açdı. Məbədlər bunlara müvəqqəti sahib sayılır və itməsinə də cavabdeh sayılırdılar. Hər kəsin bir anda gəlib əmanət qoyduğu malını istəmədiyini görən din adamları bu malları ehtiyacı olanlara müəyyən bir faiz qarşılığında borc verməyə başladılar. Kredit bir qazanc mənbəyi halına gələndə məbədlərlə paralel olaraq başqa imkanlı adamlarda bankçılıqla məşğul olmağa başladılar.
Yuxarıdakı mənbə çox maraqlı bir yanaşma doğurur. Bu, yaranan ilk bankların faizsiz olduğu, sonradan faizlə işləyən qurumlara çevrildiyini göstərir. Bunu nəzərə alaraq, bankçılığın faizsiz olaraq yarandığını və bankların yaranma tarixini eyni zamanda faizsiz bankçılığın da təşəkkülü kimi göstərə bilərik.
Tarixdə müxtəlif zamanlarda bir çox dövlətlərdə faizsiz bankçılıq nümunələrinə rast gələ bilərik.
İlk öncə Roma imperatorluğu dövründə imperator Tiberə xalqa daşınmaz əmlak ipotekası müqabilində faizsiz kredit açmaq üçün dövlət bankı açdırmışdı. Bu qurumu faizsiz bankçılıq məqsədilə qurulan ilk təşkilati qurum olaraq göstərə bilərik.
Qədim Yunanıstanda da faizsiz bankçılıq nümunələrinə rast gəlinir. Ticarətin inkişaf etməsi və xalqın varlanması ilə, Afinadakı varlı məbədlərlə birlikdə “trapezitai” adlı özəl bankirlər xalqdan faiz almışlar. Ancaq faizin qarşısını ala bilmək üçün dövlət böyük şəhərlərdə dövlət bankları yaratmağa başlamışdı ki, bu banklar da əhaliyə faizsiz kredit açılırdı.
Ümumiyyətlə, faiz haqqında bu xalqın nümayəndələrinin maraqlı və mənfi mövqeləri diqqəti çəkir.
E.ə. III əsrdə yaşayan yunan filosofu Aristotelin “Politika” adlı kitabında faiz haqqındakı fikirləri belədir: “Ən çox diksinməyə layiq olan faizçilikdir, çünki, bundan əldə olunan qazanc birbaşa pulun öz varlığından yaranır və pulun meydana gəlməsinə səbəb olan prosesə qarşıdır. Pul mübadilə üçün yaradılmışdır, halbuki faiz pulun miqdarını çoxaldır….. Beləliklə də, təbiətə ən zidd olan pul qazanma tərzidir.”
E.ə. 10-cu əsrdə Misir məbədlərində faizsiz investisiyanın ilk nümunələri görünür. Misir mədəniyyətində faizə qadağa qoyan qanunlar var idi. Misirdə e.ə. 16-cı əsrdə banknot tədavül edildiyi və bunların çek bənzərində əmanət sertifikatları olduğu yazılır. Qədim Misirdə dövlət xəzinə və anbarları əmanət qəbul ediblər. Adamlar qızıl, daş-qaş və digər qiymətli əşyalarını saxlamaq üçün bura əmanət edərdilər və qarşılığında bunların dəyərini bildirən sertifikat əldə edirdilər. Əlində belə bir sənəd olan adam istədiyi zaman sertifikat üzərində göstərilən malı və yazılan miqdarını oradan götürə bilərdi. Ticarətlə məşğul olanlar bu sənədləri pul və mal yerinə qəbul edirdilər. Hətta bu sənədlər Mesopotamiyada da tədavül edilirdi.
Faizsiz maliyyə sistemi İslam ölkələrində daha sürətlə və daha geniş yayılmışdır. Faizsiz maliyyə xidmətləri müxtəlif qurumlar tərəfindən həyata keçirilirdi. Bu qurumlara misal olaraq Beyt-ül Mal, yardım sandıqları, pul vəqfləri, mudaraba şirkətlərini göstərə bilərik.
Beyt-ül Mal İslam dövlətlərində dövlət xəzinəsidir. Dövlətə aid hər cür gəlirlərin toplandığı, xərclərin həyata keçirildiyi və digər əməliyyatların aparıldığı müstəqil bir qurumdur. Əsası Hz. Peyğəmbər (s.a.v.) tərəfindən qoyulmuşdur. Hz. Ömər (r.a.) vaxtında isə müstəqil maliyyə qurumu halına gətirilmişdir.
Beyt-ül Mal’ın ən vacib gəlir mənbələri:
• vergilər;
• mədən, meşə və sahə icarəsi;
• gömrük rüsumları, döyüş qənimətləri;
• asılı dövlətlərin illik vergiləri və göndərilən hədiyyələr.
Beyt-ül Malın digər bir vəzifəsi isə əhaliyə ticarət kreditlərinin vermilməsi olmuşdur. Bir bölgədəki Beyt-ül Mal şöbəsindən kredit alan şəxs başqa şöbədəki Beyt-ül Mal şöbəsinə borcunu ödəyə bilirdi.
Beyt-ül Malın ən vacib əməliyyatlarından biri də zəkatların toplanıb ehtiyacı olanlara paylanmasıdır. İqtisadi yöndən yanaşdıqda bu əhalinin kasıb təbəqəsinin, dolayı olaraq da bütün əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Ən əsası da pul dövriyyəsini və iqtisadi inkişafı sürətləndirir.
Beyt-ül Mal şöbələrindən toplanan pul mərkəzə çatdırılır və orada mühafizə edilirdi. Pulun çatdırılması isə ya poçt, ya da şəxsən çatdırmaqla həyata keçirilirdi. Çatdırmada isə bir borcun qarşılığının başqa bir yerdə ödənməsi əmrini özündə göstərən sənəd olan “süftəcə”dən istifadə olunurdu.
Süftəcə, borcu ödəmə əmrini özündə saxlayan məktubdur. Hər hansı bir şəxsin tacirə müəyyən miqdarda pulu başqa bölgədəki alıcıya ödəməsi məqsədilə yol riskini azaltmaq üçün borc verməsidir. Süftəcə müqaviləsi bu cür bağlanır: “Bu pulu filan bölgədəki vəkilinə orada filankəsə ödəməsi üçün təlimat məktubu yazmaq şərtilə sənə borca verirəm”. Qarşı tərəf də bu təklifi qəbul edib pulu təslim alarsa, əqd tamamlanır. Amma, belə şərt qoymamış pulu borca verdikdən sonra bunu borcalandan istəsə, o da yerinə yetirsə, bir problem olmaz.
Süftəcənin köməyilə dövlətlər Beyt-ül Mal şöbələri arasında pul və malların daşınmasını etibarlı şəkildə həyata keçirirdilər.
Beyt-ül Mal çekdən istifadə üçün şərait yaradır və beləcə çek sahibini pul daşıma əziyyətindən və yol təhlükəsinə girmədən ödəmələrini həyata keçirməsinə şərait yaradırdı. Qurumun pul emissiya etmə və istifadəyə yararsız hala düşmüş pulları qəbul etmə kimi hüquqları da var idi.
Göründüyü kimi, Beyt-ül Mal dövrümüzün mərkəzi banklarının və kommersiya banklarının həyata keçirdiyi bir çox funksiyaları həyata keçirirmiş.
Osmanlı Dövlətində faizsiz müxtəlif ticarət kreditləri verilirdi. Bu cəhətdən xüsusilə pul vəqfləri bank kimi fəaliyyət göstərirdi.
İstanbulda 1456-cı və 1551-ci illər arasında 1161 pul vəqfi vardı.
Vəqflər pullardan dörd şəkildə istifadə edirdilər:
• Karz (Borc vermek)
• Mudaraba (Əmək – sərmayə ortaqlığı)
• Bidaa (Vəqfin pulu xeyir məqsədilə işlədib mənfəətin hamısını özündə saxlaması)
• Murabaha (Vəqfin pul ilə nəğd mal alıb, müddətli satmaqla mənfəət əldə etməsi)
Osmanlı vəqflərində ən çox istifadə olunan metod murabaha olmuşdur.
İkinci mərhələ
Haqqında bəhs etdiyimiz ikinci mərhələni biz faizsiz bankçılığın tarixində müasir mərhələ də adlandıra bilərik. Belə ki, müasir faizsiz bankların işləmə mexanizmlərini bu dövrdən sonra ortaya atılan təşəbbüslər və araşdırmalardan sonra müəyyən etmişlər.
Bununla əlaqədar araşdırmalar artıq 1940-cı illərdə başlamışdı. Amma ciddi, planlaşdırılmış bir çalışma 1955-ci ildə pakistanlı alim Muhammed Uzair tərəfindən başlanmışdır.
Lakin, ilk təşəbbüsün Pakistandan gəlməsinə baxmayaraq, faizsiz bankçılığın tətbiqi bu ölkədə bir qədər gecikmişdir.
Faizsiz bankların təsisi fikrini ilk dəfə ortaya atan misirli alim Dr. Ahmed Muhammed en-Neccar olmuşdur.
Dr. Ahmed en-Neccarın faizsiz bank qurma cəhdləri üç nöqtədə toplanırdı:
1. 1959-cu ildə doktorluğu müdafiə edəndən sonra faizsiz bank sistemini Misirə gətirmək təşəbbüsləri başladı.
2. Misirdəki məsul şəxsləri razı saldıqdan sonra 1963-cü ildə Mit-Qamrda tətbiq etməyə başladı.
3. Bu bank modeli özünə 3 hesabı daxil edirdi:
- Qənaət hesabı
- İnvestisiya hesabı
- Zəkat və ictimai xidmət hesabı
25 fevral 1963-cü il tarixində Mit-Qamrda əmanətçilərinin sayı 1000 nəfər olan faizsiz bank açıldı.
Misirdə qurulan bu banklar xalqdan böyük dəstək gördü, üç ildə bankların sayı on üçə, müştərilərinin sayı isə 13 milyon nəfərə çatdı.
1971-ci ildə Qahirədə Nasir Sosial Bankı quruldu. Bu model həm şərikliyi (mənfəət və zərər şərikliyi), həm sığortanı, həm barteri (dəyişmə), icarə (leasing), faktorinq və s. əməliyyatları eyni zamanda həyata keçirən bir model olmuşdur.
1975-ci ildə Dubay İslam Bankı quruldu. Bu sənaye, aqrar sektor və əmlak sahələrini maliyyələşdirən ilk faizsiz bank adlandırıla bilər.
Dünyada fəaliyyət göstərən faizsiz bankların fəaliyyətləri arasındakı fərqləri aradan qaldırmaq üçün 1981-ci ilin 6-8 may tarixlərində Baden Badendə (Almaniya) beynəlxalq konfrans keçirilmişdir. Konfrans “İslam bankları və iqtisadi əməkdaşlıq strategiyaları beynəlxalq simpoziumu” adı altınnda keçirilmişdir. Konfransda təklif edilən sistem aşağıdakıları özündə birləşdirmişdir:- Faizsiz işləyən bank;
– Faizsiz işləyən investisiya bankı;
– Faizsiz işləyən sığorta şirkəti;
– Bu üçünün birlikdə işləməsi və hamısının mənfəət və zərərə şəriklilik prinsipi ilə işləməsi.