ABŞ Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iki günlük iclası bu gün yekunlaşır. Açığı, iclasın nəticələri təxminən 1 ay öncədən məlum idi. Böyük ehtimalla, FED uçot dərəcəsini artıracaq. Bəli, ötən ilki ssenari təkrarlanır. Uçot dərəcəsi 0,25-0,50% qaldırılacaq. Lakin ötən ildən fərqli olaraq bu il bu addımı atmaq üçün səbəblər daha çoxdur.
“MAKE AMERICA GREAT AGAİN!”
Heç şübhəsiz ki, iclasda Donald Tramp da iştirak edəcək. Yeni seçilmiş prezident fiziki olaraq iclasda olmasa da, iclasda ən çox adı çəkiləcək şəxs məhz mister Tramp olacaq. Onun prezident seçilməsi FED-in planlarını alt-üst etdi desək, yanılmarıq. Tramp erasının başlaması uçot dərəcəsinin artırılması ehtimalını 100%-ə (“FedWatch” sisteminin məlumatlarına əsasən, hazırda bu göstərici 97% təşkil edir) çatdırıb. “Reuters” agentliyinin 120 ekspert arasında keçirdiyi sorğunun nəticələri də göstərir ki, heç bir mütəxəssis uçot dərəcəsinin artırılacağına zərrə qədər də şübhə etmir. Niyə? Bu suala ekspertlər bu cür cavab verir: “ABŞ iqtisadiyyatına dair göstəricilər olduqca optimistik təsir bağışlayır”.
ABŞ iqtisadiyyatı III rübdə 3,2% böyüyüb ki, bu da son iki ilin ən yaxşı göstəricisidir. Lakin Tramp seçkiöncəsi çıxışlarında, o cümlədən prezident seçildikdən sonra dəfələrlə bildirib ki, infrastruktur xərclərini kəskin artıracaq, vergiləri isə azaldacaq. Bu isə iqtisadiyyatı möhkəmləndirməklə yanaşı, eyni zamanda inflyasiyanın kəskin artmasına səbəb ola bilər. Heç şübhəsiz, FED bunu bizdən yaxşı anlayır və bu gün axşam açıqlayacağı qərarda bunu bir daha isbatlayacaq.
“HAPPY” NEW YEAR!
2007-2008-ci illərdəki qlobal maliyyə böhranından sonra FED uçot dərəcəsini yalnız 1 dəfə – ötən ilin dekabr ayında baş tutan iclasda artırıb. Bugünkü iclasda da uçot dərəcəsi artırılsa, bu, əsl Yeni il “hədiyyəsi” olacaq.
Maraqlıdır ki, FED-in rəhbərliyində təmsil olunan və iclaslarda səsvermə hüququna malik olan bəzi şəxslər uçot dərəcəsinin artırılmasına alternativ tapmaq istəyirdi. Onlar düşünür ki, pul-kredit siyasətinin sərtləşdirilməsi iqtisadi artımı stimullaşdırmaq baxımından effektivliyini itirib. FED rəsmiləri xəbərdarlıq edir ki, hökumətin xərcləri sırf (!) iqtisadiyyatın məhsuldarlılığının artırılmasına yönəlməlidir. Çünki ABŞ-da məşğulluq səviyyəsi hədəflənən həddə çatıb, dövlət borcu isə, sözün əsl mənasında, həddini aşıb.
TRUMP-YELLEN QARŞIDURMASI
Birjalar bugünkü iclasın yekununda FED yeni proqnozlarını da səbirsizliklə gözləyir. Artıq hamı dilemma qarşısındadır: monetar-büdcə keçidi olacaqmı, yoxsa Trampın planlarının reallaşdırılmasını hələ yaxın perspektivdə gözləməyə dəyməz? Bəzi ekspertlər deyir ki, yeni prezidentin planları detallı şəkildə müzakirə olunmalı. Bundan başqa, onların reallaşdırılması üçün Konqresin razılığı lazımdır.
Bu suallara iclasda sonra keçirdiyi mətbuat konfransında FED rəhbəri Canet Yellen cavab verəcək.
Seçkilərdən öncə keçirdiyi təşviqat kampaniyası çərçivəsində Tramp FED rəhbərinin siyasətini dəfələrlə tənqid edib. Məşhur sitatlardan biri: “Yellen uçot dərəcəsini aşağı səviyyədə saxlamaqla, mənim rəqibim Hillari Klintona dəstək verir”. Seçkilərdən sonra isə Tramp bildirib “korporativ Amerika” ilə bağlı narazılığını ifadə edib.
Birjalarda artıq belə fikirlər yayılır ki, iclasın nəticələrindən asılı olmayaraq, yeni seçilmiş prezident gələn həftə FED ilə münasibətlərinə aydınlıq gətirəcək. Birjalar narahatdır. Ekspertlər hesab edir ki, hətta FED bu gün uçot dərəcəsini artırsa da, “Tramp FED-də əl çəkməyəcək”. İndiyədək yüksək rütbəli məmurlar, xüsusilə prezident, FED-i tənqid etməkdən çəkinir. Xüsusilə, FED-in iclaslarından öncə onlara təzyiq göstərmək mərkəzi bankın müstəqil siyasət yürütməsinə kölgə sala bilər.
Razılaşaq ki, hazırda bərpa olunmaqda olan ABŞ iqtisadiyyatı Donald Trampın büdcə planlarının reallaşdırılması “inflyativ şok” yarada bilər. Nəticədə FED uçot dərəcələrini proqnozlaşdırılandan daha tez və çox artırmağa məcbur olacaq.
Son günlər ərzində bir neçə FED rəsmisi etiraf edib ki, Trampın planları “bizi strategiyamızı dəyişməyə məcbur edir”. “Hazırda arxayın şəkildə bir çıxarış etməyə dəyməz”, – deyə Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli bildirib. Qeyd edək ki, Dadli bugünkü iclasda səsvermə hüququna malikdir.
Dadli onu da əlavə edib ki, “unutmayaq ki, Trampın qələbəsindən sonra dollar, səhm bazarı möhkəmlənib, istiqrazların gəlirliliyi artıb”: “Böyük ehtimalla, FED pul-kredit siyasətini gözləniləndən daha tez sərtləşdirəcək”.