Gələn ildən etibarən Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq. Məhsulun hamısı ölkədə emal ediləcək.
Bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici ticarət naziri Sardor Umurzakov jurnalistlərə bildirib. O qeyd edib ki, xarici ölkələrə hazır toxuculuq məmulatları ixrac ediləcək.
S.Umurzakov deyib: “Bu il Özbəkistandan xarici ölkələrə 2 milyard dollardan çox toxuculuq məmulatları ixrac olunacaq, 2025-ci ilə qədər isə bu rəqəm 8 milyarda yüksələcək”.
O bildirib ki, Özbəkistan xarici ölkələrə xam pambıq satışını getdikcə azaldır. Belə ki, 2010-cu ildə xaricə 1,5 milyard dollar həcmində xam pambıq satılmışdısa, 2015-ci ildə bu rəqəm 736 milyon dollara qədər azalıb, keçən ilin göstəricilərinə görə isə 222 milyon dollar təşkil edib.
©Azərtac