9 C
Baku
Thursday, December 12, 2024

Gecə vaxtı işə görə əməkhaqqı necə hesablanır?

Gecə vaxtında iş rejimi iki halda mümkündür: yalnız gecə növbəsində işləyənlər (mühafizəçi, gözətçi və s.) və növbəli iş rejimində işləyənlər (kassirlər, sorğu mərkəzinin əməkdaşları, bəzi dövlət orqanlarının (təcili yardım, polis, fövqalədə hallar və s.) müəyyən işçiləri və s.). Bu rejimdə çalışanlara əməkhaqqının hesablanması ilə bağlı sualları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əvvəlcə gecə növbəsində işləyənlərin əməkhaqlarının hesablanması qaydasını nəzərdən keçirək. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işə əməkhaqqı işəgötürən tərəfindən,Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaq şərti ilə ödənilir.

Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilib.

Misal. Gecə növbəsi olmayan marketdə kassir vəzifəsində işləyən işçinin əməkhaqqı 500 manatdır. İşçinin 5 günlük həftəlik iş rejimində iş saatı saat 16:00-da başlayır və saat 24:00-da bitir. İş saatından göründüyü kimi, işçinin cəmi iki saatı (saat 22:00-dan 00:00-ə qədər olan müddət) gecə vaxtına təsadüf edir.

Bu zaman işçinin əməkhaqqının hesablanması aşağıdakı qaydada aparılır:

2019-cu ilin oktyabr ayında 23 iş günü olmasını nəzərə alsaq, işçinin hər saatına düşən əməkhaqqı 2.72 manat (500 manat / (23 gün x 8 saat)) təşkil edəcək.

Aylıq əməkhaqqı = 23 gün x 8 saat x 2,72 manat(ümümi iş saatlarına görə əmək haqqı) + 23 gün x 2saat x 2.72 manat x 20% (gecə vaxtına görə əlavə) (2 saatlıq gecə vaxtına görə hesablanan əlavə əmək haqqı)= 500+ 25.02= 525.02 manat.

Sual: Bu cür iş rejimi növbəli iş rejimi sayılmır, o zaman axşam növbəsi anlayışı bu hala niyə tətbiq olunmur?

Ədliyyə və Əhalinin Sosial Müdafiəsi nazirliklərində qeydiyyata alınan “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə” İzahatın 6-cı bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli vəya ikinövbəli iş rejimlərinə aid edilmir. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir.

O səbəbdən də gecə vaxt görülən işləri iki yerə ayırdıq ki, məsələ daha aydın olsun. Bizim misalımızda axşam növbəsi yoxdur, çünki bu iş rejimi çoxnövbəli iş rejimi hesab edilmir.

MənbəVergiler
Son xəbərlər
Digər xəbərlər