“GL” ASC (Sizin Lombard) 2025-ci ili 5.05 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 66% çoxdur.
Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, mənfəətliliyin yüksəlməsi əsasən xalis faiz gəlirlərinin 25.9% artaraq 17.67 mln. manata yüksəlməsi, habelə haqq və komissiya gəlirlərinin 6.1 dəfə artaraq 1.24 mln. manata çatmasınan təsirlənib.
Bununla yanaşı, ümumi və inzibati xərclər 19.1% artaraq 11.88 mln. manata, mənfəət vergisi xərci isə 56.3% artaraq 1.37 mln. manata yüksəlib. Faiz xərcləri 22.8%, faiz gəlirləri isə 25% artıb.
2025-ci ildə şirkətin ümumi gəlirləri (faiz, komissiya, digər gəlirlər) təxminən 25.59 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 28.2% çoxdur. Faiz, komissiya, inzibati, ehtiyat və vergi xərcləri göstərən ümumi xərclər isə təxminən 20.54 mln. manata çataraq 20.4% artıb.
2025-ci ilin sonuna “GL” ASC-nin cəmi aktivləri 61.06 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15.3% artım deməkdir. Müştərilərə verilmiş kredit və avanslar 50.83 mln. manata yüksələrək 9.9% artıb. Kredit portfeli və ya lombard xətti ilə verdiyi borc pullar aktivlərin 83.2%-ni formalaşdırıb.
Hesabat dövrünün sonunda cəmi öhdəliklər 57.59 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 13.4% çoxdur. Cəmi kapital 3.47 mln. manata yüksələrək 60.3% artıb. Bölüşdürülməmiş mənfəət 3.22 mln. manat təşkil edib ki, bu da 68.3% artım deməkdir.
Şirkəti 2025-ci ildə səhmdarlarına 3.74 mln. manat dividend ödəyib. Müqayisə üçün, 2024-cü ildə dividend ödənişi 3.11 mln. manat olmuşdu.








