“Goldman Sachs” 2027-ci il üçün Brent neftinin qiymət proqnozunu aşağı salıb

“Goldman Sachs” Brent markalı neftin 2027-ci il üzrə orta qiymət proqnozunu bir barel üçün 80 dollara endirib. Bank bunu təklifin daha sürətli artması və tələbin zəif qalması ilə izah edib. Bununla yanaşı, analitiklər müxtəlif geosiyasi ssenarilər fonunda qiymətlərin kəskin dəyişə biləcəyi barədə xəbərdarlıq ediblər.

Bank ABŞ, Braziliya, Qayana, Venesuela və BƏƏ-də hasilatın artdığını, həmçinin xüsusilə Çində tələbin struktur dəyişiklikləri ilə üzləşdiyini qeyd edib.

“Biz hesab edirik ki, zəif tələbin bir qədər çoxu 10%-i Çin iqtisadiyyatının alternativ həllərə, o cümlədən elektromobillərə keçidini sürətləndirməsi fonunda davam edəcək”, – deyə “Goldman Sachs”ın analitik qeydlərində bildirilir.

Bank həmçinin Brent neftinin 2026-cı ilin dördüncü rübündə orta hesabla bir barel üçün 90 dollar olacağını gözlədiyini vurğulayıb. Analitiklərin fikrincə, Hörmüz boğazı vasitəsilə tədarükdə yaranan daha uzunmüddətli fasilələrin təsiri gözləniləndən daha aşağı təklif çatışmazlığı ilə qismən kompensasiya olunur.

“Goldman Sachs” qeyd edib ki, Hörmüz boğazında yaranan problemlər ilkin mərhələdə Yaxın Şərqdə maye karbohidrogen hasilatını kəskin azaltsa da, qlobal bazarda ikinci rübdə yaranan çatışmazlıq daha məhdud olub və gündəlik 5–6 milyon barel səviyyəsində qiymətləndirilib. Buna zəif tələb və bazarda əvvəldən mövcud olan təklif artıqlığı təsir göstərib.

“İndi hesab edirik ki, Fars körfəzi ölkələrindən neft ixracı avqustun sonuna qədər normallaşacaq. Əvvəlki proqnoz iyunun sonu idi. Bu, Hörmüz boğazından neft axınının müharibədən əvvəlki səviyyənin 70%-nə qədər bərpası hesabına mümkün ola bilər”, – deyə bank bildirib.

“Goldman Sachs” qiymətlərin yüksəlməsi risklərinə də diqqət çəkib. Mənfi ssenariyə görə, ixrac problemləri daha uzun müddət davam edərsə, Brent neftinin orta qiyməti 2026-cı ilin sonunda 110 dolları keçə bilər. Daha ağır ssenaridə isə Hörmüz boğazındakı fasilələr bir il davam edərsə, 2027-ci ildə qiymətlər 140 dollara çata bilər.

Digər tərəfdən, təklifin daha sürətli normallaşması və tələbin zəifləməsi Brent neftinin qiymətini 2026-cı ilin sonunda təxminən 70 dollara, 2027-ci ildə isə 60 dollara qədər endirə bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər