Goldman Sachs: Fars körfəzi ölkələrində neft hasilatının bərpası ləngiyəcək

ABŞ-ın Goldman Sachs bankı ABŞ ilə İran arasında münaqişənin yenidən kəskinləşməsi fonunda Fars körfəzi ölkələrində neft hasilatının bərpa tempinin zəifləyəcəyini gözləyir. Bu barədə bankın analitik qeydinə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Bankın analitikləri bildiriblər ki, iyun ayının yekunlarına görə, Fars körfəzi regionunda gündəlik neft hasilatı təxminən 10,5 milyon barel səviyyəsində qalıb. Bu göstərici ABŞ-nin 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlamasından əvvəlki səviyyədən aşağıdır.

Goldman Sachs həmçinin qeyd edir ki, son günlər Fars körfəzindən neft tədarükü adi səviyyənin təxminən 70%-i həcmində olub.

Bank hesab edir ki, ABŞ və İran arasında danışıqlar yenidən başlasa, neft tədarükü iyulun sonunadək tam bərpa oluna bilər.

ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-də ABŞ Prezidenti Donald Tramp İranı ikitərəfli razılaşmaları pozmaqda ittiham edərək atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan edib.

Bundan sonra İran parlamentinin (Məclisin) sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İrana endirdiyi yeni zərbələrdən sonra bildirib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri yerinə yetirildikdən sonra açılacaq, Vaşinqtonun təhdidləri ilə deyil.

Onun sözlərinə görə, ABŞ-nin hədələri və verdiyi vədləri pozması artıq nəticəsiz qalmayacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər