Piter Oppenheimer hesab edir ki, qlobal fond bazarları ilin ikinci yarısında yüksəlişini davam etdirəcək və bunun əsas hərəkətverici qüvvəsi texnologiya şirkətlərinin mənfəətinin artması olacaq.
Goldman Sachs-ın qlobal səhmlər üzrə baş strateqi Bloomberg televiziyasına müsahibəsində bildirib ki, mənfəət artımının yüksək templəri qorunub saxlanılarsa, ilin ikinci yarısında da yüksəliş trendinin davam edəcəyini gözləmək olar.
Oppenheymer vurğulayıb ki, investorlar məlumat emalı mərkəzləri və bulud platformalarının operatorlarından yarımkeçirici və süni intellekt avadanlığı istehsalçılarına yönəlsələr də, texnologiya sektorunda mənfəət artımı davam edəcək.
Çərşənbə axşamı çip istehsalçılarının səhmləri süni intellekt avadanlıqlarına yüksək tələbat fonunda rekord rüblük artım nümayiş etdirib. PHLX Semiconductor Sector Index ikinci rübdə 88% yüksələrək yeni tarixi maksimuma çatıb və tarixinin ən uğurlu ilini keçirməyə hazırlaşır.
Eyni zamanda, investorları iri texnologiya şirkətlərinin süni intellektin inkişafına yönələn artan xərcləri narahat edir. Bu şirkətlərin qiymətləndirmələri son on ilin ən yüksək səviyyəsinə çataraq S&P 500 indeksinə nisbətən 15%-dən çox mükafatla ticarət olunur.
Bununla belə, Oppenheymer əmindir ki, texnologiya nəhənglərinin xərclərinin artması süni intellektin inkişafını dəstəkləyən sektorların mənfəət artımını stimullaşdırmağa davam edəcək. Onun fikrincə, bu tendensiya Avropa şirkətlərinə də müsbət təsir göstərəcək.







