Amerikanın “Google” korporasiyası tərtibatçılar üçün keçirilən konfransda mobil “Android 12” əməliyyat sisteminin beta-versiyasını təqdim edib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Eyni zamanda şirkət yeni məxfilik ayarlarını, “Wear OS” və “Samsung Tizen” ağıllı saatları üçün əməliyyat sistemlərinin birləşməsini, o cümlədən xidmət yeniləmələrini nümayiş etdirib.
Qeyd edək ki, “Android” əməliyyat sistemi dünya miqyasında 3 milyard aktiv cihaza quraşdırılıb. “Android”in yeni versiyası inkişafetdiricilərə görə tarixin ən böyük dizayn yeniləməsidir. Bütün nişanlar və bildirişlər dəyişdirilib, rəng palitrası pastel tonlara çevrilib, animasiyalar daha axıcı, düymələr isə daha iri və yumru olub.
Yeni məxfilik parametrləri sayəsində indi kamera və mikrofon istifadə edərkən ekranın sağ tərəfindən yaşıl işıq yanacaq. Səs və video sürətli parametrlərdə söndürülə bilər. “Android 12”nin son versiyası 2021-ci ilin payızında buraxılacaq.
“Google” yeni “LaMDA” texnologiyasını təqdim edib. Bu texnologiya söhbət zamanı konteksti nəzərə alır. “Google Photo” animasiyalı fotoşəkillər düzəldə, o cümlədən onları parollu qovluğa köçürə biləcək.