-1 C
Baku
Sunday, December 15, 2024

Son üç ayda “Günay Bank”ın fiziki şəxs müştəriləri depozitlərinin 21%-ni geri çəkib

“Günay Bank” ASC 2021-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, son üç ayda fiziki şəxslər bankda onlara məxsus depozitləri geri çəkiblər. Belə ki, III rübdə fiziki şəxslərin 80.67 milyon manatlıq depozitləri  IV rübdə 64 milyon manata düşüb. Bu da son üç ayda fiziki şəxslərin depozitlərinin 16.67 milyon manatının,  yaxud 21%-inin geri çəkilməsi deməkdir.

Fiziki şəxslərin vəsaitləri “Günay Bank”ın depozitlərinin 68.4%-ni formalaşdırır. Bu vəsaitlərin azalması da ümumi depozit portfelinin 103.02 milyon manatdan 93.56 milyon manata düşməsinə səbəb oldu (hüquqi şəxslərin depozitlərinin artımına rəğmən). Bankın depozitlərinin cəmi 29.56 mln. manatı hüquqi şəxslərin vəsaitləridir.

1 yanvar 2022-ci il tarixinə “Günay Bank”ın öhdəlikləri isə 190.85 milyon manat olub. Bankın aktivləri son bir ildə 245.04 mln. manatdan 256.47 mln. manata yüksəlib.

Bank 2021-ci ildə öncəki illə təqribən eyni – 409.61 min manatlıq xalis mənfəət edib.

Bu bankın adı yaxın keçmişdə depozitlə bağlı yaxşı hadisələrlə xatırlanmır. Ümumiyyətlə, bank ötən il və onda öncəki zamanlarda vəzifəli şəxslərin “qanunsuz əməlləri” ilə bağlı  gündəmə gəlib. Bankın 7 saylı filialının müdir müavini olmuş Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da qanunsuz olaraq, xüsusilə külli miqdarda –  780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.

Bank bunun üstünü təkziblə ört-basdır etməyə çalışsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu bildirdi ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən – 29 sentyabr 2021-ci il tarixədək çalışıb.

“Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilmiş, aşkar edilmiş cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanmış və yalnız bundan sonra, yəni 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunmuşdur” – deyə həmin press-relizdə bildirilirdi.

Daha əvvəllər isə, ölkə bank tarixində nadir hadisələrdən biri –  “Günay Bank”ın illər öncə İdarə Heyətinin sədr müavini olmuş Emin Zeynalovun bank əmanətlərini mənimsəyərək bankdan çıxarmasına dair məlumatlar mediada tirajlanmışdı. Məhkəmə proseslərində bildirilirdi ki, Emin Zeynalov “GünayBank” ASC-nin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”ə yatıraraq ziyana düşdüyü məlum olmuşdu.

Günay Bank haqqında

“Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64.9 milyon manatdır. Bankın səhmlərinin 52.13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40.05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71.94%-lik səhmdarı), 2.67%-i Günay İldırımzadəyə, 2.31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11.45%-lik səhmdarı), 1.12%-i Samir Cəfərova, 1.1%-i Mahir Xəlilova, 0.63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

3131312332131 Günay Bank-ın maliyyə hesabatı, 2021-ci ilin dördüncü rübü

Son xəbərlər
Digər xəbərlər