Gürcüstanın paytaxtı Tbilisidə beynəlxalq İpək Yolu Forumu keçirilir.
Gürcüstanın baş naziri Giorgi Qaxarianın himayəsi altında təşkil olunan tədbirdə 60 ölkədən 30-dan çox yüksək vəzifəli rəsmi şəxslər, 400 xarici özəl sektor təmsilçisi də daxil olmaqla 2 000-dən çox nümayəndə iştirak edir.
Forumun əsas məqsədi İpək Yolu təşəbbüsü təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi üçün platforma yaratmaqdır. Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.
Azərbaycanı beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, onun müavini Elmir Vəlizadə,“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov,“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC–ninbaş direktoru Taleh Ziyadov təmsil edirlər.
Foruma beynəlxalq korpus, təşkilat və maliyyə qurumlarının təmsilçiləri də qatılıblar. Tədbiri 200-ə yaxın yerli və xarici media nümayəndələri işıqlandırır.
Oktyabrın 23-də də davam edəcək beynəlxalq tədbir çərçivəsində 200-ə yaxın B2B görüşlər planlaşdırılıb.
Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu 2015-ci ildən etibarən iki ildə bir dəfə keçirilir.
©Report