Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə prezident Salome Zurabişviliyə qarşı impiçment proseduru başlayıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
“Gürcü arzusu”na görə, Zurabişvili hökumətin razılığı olmadan Avropa turnesinə çıxmaqla ölkə Konstitusiyasını pozub. Sentyabrın 1-də o, Berlinə səfər edib, burada Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb və Avropa Şurasının rəhbəri Şarl Mişel ilə görüşmək üçün Brüsselə gedib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 4-də bildirib ki, prezident ölkənin Əsas Qanununu “demonstrativ şəkildə pozub”.
Qeyd edək ki, impiçment prosedurunun növbəti mərhələsi prezidentin qanun pozuntusuna yol verib-verməməsi ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən qərarın verilməsidir. Məhkəmə bu faktı təsdiqləsə, o zaman məsələ Milli Məclisə təqdim olunacaq. İmpiçment prosedurunu başa çatdırmaq üçün qərarı 150 deputatdan azı 100-ü dəstəkləməlidir.