ABŞ prezidenti Donald Tramp, daha əvvəl Suriya prezidenti Bəşər Əsədin öldürülməsinə icazə verməyə hazır olduğunu söyləyib. Banker.az xəbər verir ki, Trampın sözlərinə görə, ona bu planı həyata keçirməyə ölkənin müdafiə naziri Ceyms Mettis mane olub.
“Onu öldürməyə üstünlük verərdim. Hər şey hazır idi. Mettis bunu etmək istəmədi”, – deyə Tramp “Fox News”un yayımında söyləyib.
Trampın Əsədi məhv etmək təklifi barədə məlumat, 2018-ci ildə jurnalist Bob Vudvordun “Fear: Trump in the White House” kitabında qeyd edilib. O, 2017-ci ilin aprelində Suriyada mülki şəxslərə qarşı təşkil edilən kimyəvi hücumdan sonra, Trampın Pentaqon rəhbərinə telefonla “Əsədi öldürmək lazımdır” söylədiyini yazıb. Mettis prezidentlə razılaşdığını göstərsə də, telefonu yerə qoyandan sonra köməkçilərinə “daha balanslı yolla” hərəkət etməyi tapşırıb. Nəticədə kimyəvi hücuma cavab olaraq, ABŞ Suriyanın hərbi obyektlərinə raketlə hücum etməklə kifayətlənib.
Kitab nəşr olunduqdan dərhal sonra Tramp Əsədin öldürülməsinin “müzakirə olunmadığını” söyləyib. O, Vudvordun kitabını “böyük fantastika” adlandırıb.