“İqtisadi islahatlar göz qabağındadır. Təkcə şəffaflıq hesabına keçən il biz büdcəyə proqnozdan 1 milyard manat çox vəsait daxil etdik və bu proses davam etdirilir. Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar, məhz şəffaflığa görə, məhz kölgə iqtisadiyyatına qarşı mübarizəyə görə. Kölgə iqtisadiyyatına qarşı mübarizə öz nəticəsini verməkdədir və getdikcə kölgə iqtisadiyyatının əhatə dairəsi daralacaq”.
Banker.az xəbər verir ki, bunu martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident, “Əlbəttə, bunu bir gündə etmək mümkün deyil, bu, bir prosesdir, amma indi bütün hökumət qurumları səfərbər edilib və bu işdə fəaldırlar” deyərək sözlərinə belə davam edib:
“İki ayın iqtisadi göstəriciləri də çox müsbətdir. Ümumi daxili məhsul 2,8 faiz artıb, qeyri-neft sektorunda isə yanvar-fevral aylarında 6,7 faiz artıb, biz əsas göstərici bunu sayırıq. Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7 faizdir. Bu da son illər qeyri-neft sektorunun inkişafına görədir. Çünki neft sektorunda bu artım yoxdur, əksinə, hasilat düşür, qiymətlər də dünən tamamilə çökdü. Deməli, əhalinin gəlirləri iki ayda 9 faiz artıb, inflyasiya cəmi 2,8 faizdir. Bu tendensiya əminəm ki, gedəcək. Düzdür, indi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq. Halbuki indi bir çox ölkələr bundan ciddi əziyyət çəkir. Azərbaycanda isə operativ qərargah yaradıldı və bu gün səhər mənə verilən məlumata görə, artıq xəstələnmiş vətəndaşların sağalması prosesi də uğurla gedir. Karantində olanlar da artıq karantin müddətini başa çatdırırlar və evlərə buraxılırlar. Yəni, vəziyyətə tam nəzarət edilir. Sərhədlərdə də vəziyyət nəzarət altındadır və yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün polis müşayiəti ilə xüsusi kalonlar formalaşdırılır. Yolda sürücülərə yemək verilir ki, onlar maşınlarından tez-tez çıxmasınlar. Yəni, bütün lazımi tədbirlər görülür”.
İlham Əliyev qeyd edib ki, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır:
“Mən hesab edirəm ki, hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, – mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, – həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır”.