10 C
Baku
Wednesday, December 11, 2024

❝Heç nə plan üzrə” getmir və getməyəcək…❞ [şərh]

Bir il əvvəl Putin qorxulu görünürdü.

Sözlərinin çəkisi və təsiri var idi.

İndi isə öz-özünə eyni şeyləri təkrarlayıb duran qoca marazmatik kimi görünür, sözlərinin əvvəlki çəkisi və təsiri qalmayıb.

Bir il əvvəl Putin ABŞ-a və NATO-ya ultimatum vermişdi:

– NATO-nun genişlənməsini dayandırın!

– Keçmiş sovet respublikalarının NATO-ya qəbulundan və bu dövlətlərlə ikitərəfli hərbi əməkdaşlıqdan imtina edin!

– Rusiyanın quru və dəniz sərhədləri yaxınlığında ağır bombardmançı təyyarələrin uçuşunu, bütün siniflər üzrə hərbi gəmilərin hərəkətini dayandırın!

– Nəinki öz ərazilərinizdən kənarda, hətta öz ölkələrinizin Rusiya ərazisindəki hədəfləri vurmağa imkan verən rayonlarında kiçik və orta mənzilli raketlər yerləşdirməyin!

– Öz ərazilərinizdən kənarda nüvə silahı yerləşdirməkdən imtina edin və əvvəl yerləşdirilmiş bu tip silahları oradan çıxarın!

– NATO-nun hərbi infrastrukturunu 1997-ci il vəziyyətinə geri çəkin!..

Bu tələblər o vaxt da absurd görünürdü, indi isə həm də komik sayıqlama təsiri bağışlayır.

NATO Peterburqun bir addımlığındadır

NATO-nun genişlənməsi davam edir, bu hərbi blok Sankt-Peterburqa 150 km məsafədə yerləşən və Rusiya ilə 1200 km quru sərhədi olan Finlandiyaya qədər gəldi.

NATO-nun Rusiyanın dəniz və quru sərhədləri yaxınlığındakı hərbi mövcudiyyəti və hərbi infrastrukturu daha da genişləndi, təkcə Avropadakı ABŞ qoşunlarının sayı 100 mini ötdü.

Bir il əvvəl Ukraynanın avroatlantik inteqrasiyası tamamilə qeyri-müəyyən mövzu kimi görünürdü: NATO-ya yaxın gələcəkdə qəbul olunmayacağı aydın idi, Avropa Birliyi isə ümumiyyətlə, üzvlük perspektivi (yəni “gələcəkdə, nə vaxtsa sizi qəbul edə bilərik” vədi) verməkdən imtina edirdi. Ukrayna artıq AB üzvlüyünə rəsmi namizəddir və müharibədən sonra qısa müddətdə üzv qəbul olunacaq.

Ukrayna sürətlə NATO silah sistemləri ilə silahlanır, yəni ittifaqın hərbi infrastrukturuna inteqrasiyası başlayıb. Müharibədən sonra Ukrayna qısa müddətdə (böyük ehtimalla AB üzvlüyündən də əvvəl) NATO-ya qəbul olunacaq, bunu artıq NATO baş katibinin və aparıcı üzv dövlətlərin rəhbərlərindən də eşidirik.

Rusiya rəhbərliyi bu qış Avropanın Rusiya qazı olmadan donacağını bildirir və bu mövzuda ergen videoları çəkib yayırdı. Qış qurtarır və heç kim donmadı. Üstəlik, Avropa Rusiyanın enerji asılılığından xilas oldu.

Rusiya Ukraynanın enerji infrastrukturuna yüzlərlə raket atdı: güman edirdi ki, bununla Ukraynada yaşayışı dözülməz edəcək və insanlar ya kütləvi şəkildə Avropaya axışacaq, ya da Zelenskiyə qarşı üsyana qalxacaq. Amma Rusiya Ukraynanın enerji infrastrukturuna zərər vursa da, onu məhv edə bilmədi, insanlar qaçmadı və ya hökumətə qarşı etirazlara başlamadı.

Heç nə “plan üzrə” getmir və getməyəcək…

Müəllif:
Şahin Cəfərli,
siyasi şərhçi


 

Son xəbərlər
Digər xəbərlər