Moskva-Antalya müntəzəm aviareysi bərpa olunduqdan sonra biletlər orta hesabla 75,6% bahalaşıb. Bu barədə “Aviakassa” onlayn agentliyinin hesabatına istinadən Rusiyanın turizm operatorları assosiasiyası məlumat yayıb.
Hesabat assosiasiyanın sifarişi ilə hazırlanıb.
Türkiyəyə səfər etmək istəyən turistlərin sayı artdıqca, biletlərin qiyməti də bahalaşır. Məsələn, Moskva-Antalya aviareysinə biletin qiyməti orta hesabla 75,5% artıb. İyunun sonunda “Pegasus Airlines” aviaşirkəti ilə uçmaq istəyənlər (bir istiqamətdə) bileti 7,5 min rubla alırdısa, hazırda biletlər 30,7% bahalaşaraq 9,8 min rubl olub. AZAL-ın biletləri isə 264% bahalaşaraq 13,5 min rubla çatıb. “Aeroflot” və “Turkish Airlines” aviaşirkətlərinin biletləri isə daha yüksək qiymətə tapılır. Belə ki, “Aeroflot”un xidmətlərindən yararlanaraq qeyd edilən istiqamət üzrə uçmaq istəyən 1 şəxs 21,4 min rubl, “Turkish Airlines”la uçmaq istəyən isə 48 min rubl xərcə düşəcək.
Sankt-Peterburqdan Antalyaya olan aviareyslərə biletlər isə orta hesabla 25% bahalaşıb.
Moskva-İstanbul aviareysinin biletlərinin qiyməti 39% artıb.
APA