21 C
Baku
Thursday, April 25, 2024

“Hibrid” innovativ kreditləşdirmə texnologiyası

MüəllifZaur İbişov, “Business Consulting” MMC, Direktor, Baş məsləhətçi

 “Hibrid” innovativ kreditləşdirmə texnalogiyası (bundan sonra “HİKT”)  – bir neçə bank məhsulunun birgə istifadəsini nəzərdə tutan yeni kreditləşdirmə texnologiyasıdır.

“HİKT”, Azərbaycan, MDB, Avropa ölkələri və dünya bank sistemində təcrübədən keçirilməmiş və tam yeni (innovativ) bir kreditləşdirmə texnologiyasıdır. 

Texnologiyanın tətbiqində birdən artıq bank məhsulunun birgə istifadəsinin və əlaqəli xüsusiyyətlərinin mövcudluğu faktı, onu “HİBRİD” adlandırılmağa əsas vermişdir.

“HİKT” –– sabit və ya dəyişən dövrü ödənişlərin həyata keçirilməsi yolu ilə, kapitallaşan yığım əmanəti hesabına, müəyyən müddətə verilən kreditin, həmin yığım əmanətinin son qalığı hesabına müddətin sonunda birdəfəlik və tam şəkildə ödənilməsini (silinməsini) nəzərdə tutur.

“HİKT”-nin istifadəsi üçün “ödəmə fondu”nun (ing., “sinking fund”) yaradılması nəzərdə tutulur. Ödəmə fondu, uzunmüddətli maliyyələşdirmələr zamanı ödənişi illik bərabər hissələrlə fonda yatırmaqla şərtlənir. Hal-hazırda bu, bir üsul kimi Fransa, İngiltərə, Almaniya və bir sıra qərb ölkələrinin bank təcrübəsində tətbiq olunmaqdadır.

“HİKT”-nin maliyyə əsaslandırılması

“HİKT”, tərkibinə “ödəmə fondunun yaradılması” üsulunu, kredit və əmanət əməliyyatlarını öz tərkibinə almaqla, Azərbaycan və dünya bank sistemində tətbiq oluna biləcək bütöv bir kreditləşdirmə texnologiyası kimi təklif edilir.

Banklarda adi şərtlərlə əmanət hesabının girova götürülməsi yolu ilə, həmin əmanət hesabına müştəri tərəfindən əvvəlcədən yatırılmış məbləğin həcminin 50-90%-dən artıq olmamaq şərtilə, kreditin verilməsi forması geniş yayılmışdır. Bu, əslində əmanətlərin cəlbi və onun təminat qismində istifadəsini nəzərdə tutan əmanətçi müştərilərin cəlb edilməsi üçün istifadə edilir. Lakin bu əməliyyat aparılan zaman müştərinin hansısa tarixdə banka yatırmış olduğu əmanət hesabına kreditin əldə edilməsi baş tutur. Həmin əməliyyat üzrə verilmiş kredit nağd təminatlı kreditə çevrilir ki, bunun “HİKT” ilə hər hansı bir əlaqəsi və ya əsaslı bənzərliyi haqda söz demək absurd olar.

“HİKT” üzrə, bank tərəfindən kredit alan müştəriyə təklif edilən yığım əmanəti (depoziti) növlərindən hər hansı biri üzrə müvafiq müddətli hesab açılır ki, gələcəkdə borcalanın kreditinin ödənilməsi üçün məhz bu hesabdan istifadə edilməsi nəzərdə tutulur. “HİKT” üzrə kredit bank tərəfindən “ödəmə fondu”nda olduğu kimi, mütləq müddətin sonunda ödənilməsi şərti ilə təqdim edilir və müştəri bank tərəfindən kreditləşdirilərkən, o, eyni zamanda həmin bankın əmanətçisinə çevrilmiş olur (məhz bundan sonra “HİKT” üzrə müştəri “multi-müştəri” adını almış olur).

“HİKT” üzrə kreditləşdirmə zamanı, bank və müştəri arasında, yığım xarakterli əmanət müqaviləsinin bağlanması nəzərdə tutulur. Bu zaman borcalanın sənədlərinə, vəsaitlərin yığım əmanəti üzrə sərt qaydalara əsaslanan və vaxtlı-vaxtında riayət edilməli olan əvvəlcədən hazırlanmış “ödəniş qaydaları” haqqında sənəd də əlavə olunur.

Kredit, bankın qərarına uyğun olaraq, qısa, orta və ya uzun müddətə verilə bilər. Amma, kreditin bağlanması (silinməsi) əməliyyatı, yığım əmanəti üzrə son ödənişin həyata keçirildiyi tarixdə aparılır. Eyni zamanda, kredit üzrə ümumi borcun (kredit və ona hesablanmış faizlərin) gələcəkdə ödənilməsi (silinməsi) üçün, bank tərəfindən dövrü (əsasən az intervala malik dövlərlə, yəni, aylıq və ya rüblük) ödəniş məbləği müəyyən edilir. Dövrü ödəniş məbləği, bərabərhissəli və ya dəyişən olaraq fərqlənə bilər. Dəyişən ödəniş məbləği ilə tərtib olunmuş ödəmə qaydalarına isə, ədədi (adi faiz) və həndəsi (mürəkkəb faiz) silsilə ilə dövrü şəkildə artan və ya azalan ödəniş cədvəlləri aiddir.

“HİKT”-nin istifadəsi zamanı, kreditlərin verilmə müddətindən asılı olaraq, bank tərəfindən kredit və əmanət (depozit) portfellərinin qalıqlarını uzun müddət lazımi səviyyədə saxlamaq və dinamik şəkildə artırmaq imkanı yaranır. Bu onunla izah olunur ki, müştəri tərəfindən dövrü ödənişlər onun cari hesabına mədaxil edilərək borcların dərhal silinməsinə deyil, məhz cari (tranzit) hesaba ödənilməsi ilə, “mülti-müştəri”nin adına açılmış yığım əmanəti hesabına köçürülərək yığılır (akkumulyasiya olunur) və kredit üzrə borc və faizlərin, yalnız müqavilə ilə nəzərdə tutulmuş olduğu müddətin sonunda tam şəkildə ödənilməsinə (silinməsinə) yönəldilir.

Təklif olunan innovativ kreditləşdirmə texnologiyası, bank sisteminə tanış deyil və ümumiyyətlə dünya bank sistemində təklif olunan şəkildə istifadə edilmir. Banklarda likvidliyin artırılması, bankın əmanətçilərdən asılılığının azaldılması və bir çox müsbət amillərə görə, “HİKT”-nin istifadəsi qaçılmazdır.

“HİKT” – bir texnologiya kimi, Ümumi Qəbul Olunmuş Mühasibat Uçotu Standartlarının və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğundur, banklarda mühasibat uçotunun təşkili və aparılması tələblərinə tam şəkildə cavab verir.

“HİKT”-dən istifadənin bank və müştəri üçün əsas müsbət tərəfləri və texnologiyanın innovativliyini və səmərəliliyini isbat edən amillər
1. Kredit və əmanət portfellərinin qalıqlarında yüksək dinamik artım müşahidə edilir. Yəni, kredit verilmiş olduğu müddət ərzində azalmır, ödənilmir (silinmir) və ona müddətin sonunadək faizlər hesablanır. Əmanət portfeli isə, müqavilələrin qüvvədə olma müddəti ərzində dövrü şəkildə artaraq maksimum həddə çatır;
2. Bahalı reklam aksiyalarından istifadə edilmədən, banka ucuz başa gələn kredit və əmanət portfelləri yaradılmış olur;
3. Əmanət və kredit müqavilələri bərabər müddətə rəsmiləşdirilir. Aktivlərin müddəti passivlərin müddəti ilə bərabərləşir ki ,(taktivlər = tpassivlər), bunun da nəticəsində bankın müddətli likvidliyi qorunmuş olur;
4. Hər bir borcalan, bankın əmanətçisinə çevrilir (“multi-müştəri”);
5. Hər bir kredit özünə ödəmə fondu yaradır;
6. Müştərinin yalnız faiz xərcləri deyil, eyni zamanda faiz gəlirləri də yaranır ki, bu da bank qarşısında öhdəliyin müddətin sonunda ödənilməsi (silinməsi) üçün istifadə edilməsinə hesablanır;
7. Bank üzrə, bir çox maliyyə nəticələri üzrə göstəricilər yaxşılaşır (yəni, kredit və depozit portfellərinin yüksək dinamika ilə artımı, kredit portfelinin sağlamlaşması (ehtiyatların həcmi müqavilə ərzində dəyişmir), kredit və əmanət üzrə valyuta riskinin olmaması, cari aktivlərin və onlara görə yaradılmış cari passivlərin müddətinin bərabərləşməsi, təminatların kreditlərə nisbətən mütənasibliyi dərəcəsinin dövrü olaraq artması bu maddəyə aiddir);
8. Kreditlər üzrə gecikmələrin hədsiz dərəcədə azalması, bankda kredit mütəxəssisləri və problemli aktivlərlə məşğul olan mütəxəssislərin işini sürətlə azaltmış olur;
9. Kredit portfeli üzərində diqqət və nəzarət dərəcəsi azalır, və ya portfel üzərində nəzarətin forması dəyişmiş olur;
10. Bankın və əməkdaşlarının kreditlərin ödənilməsi üzrə kommunikasiya, rabitə xərcləri və vaxt sərfi kifayət qədər azalmış olur;
11. Bankın yüksək xərc tələb edən əmanət cəlbi metodlarından qismən imtina etməsi imkanı yaranır;
12. Əmanət və kredit müqavilələrinin qüvvədə olduğu müddət ərzində, aktivlər üzrə ehtiyat (adi ehtiyat, 2%) təyin edilərək dəyişməz qalır, gecikmə isə aradan qalxmış olur. Bu onunla izah olunur ki, kredit üzrə ödəniş cədvəli mövcud olmur və bunun əvəzinə yığım fondu üzrə “dövrü ödəniş qaydaları” (cədvəli) tərtib edilir.
13. Bankda kredit üzrə ödənişlərdən fərqli olaraq, yığım əmanəti hesabına ödənişin vaxtlı-vaxtında və intizamlı şəkildə həyata keçirilməsi daha da asanlaşır, çünki, müştəri, onun əmanət hesabı qalığına faiz hesablandığını bilir və dərk edir, əks halda müştərinin özü uduzmuş (itirmiş) olur.
14. “HİKT” üzrə kredit mədəniyyəti səviyyəsinin aşağı olduğu “Azərbaycan borcalanı”nın kredit (yığım əmanəti) ödənişlərinə faizlərin hesablanması, “Azərbaycan borcalanı”nı intizamlı ödəniş etməyə sövq edəcəkdir. Banklarda “HİKT”-nin istifadəsi ilə, “Azərbaycan borcalanı”nda ödəniş intizamı yaranacaqdır ki, bu da müddət keçdikcə “Azərbaycan borcalanı”nda kredit mədəniyyətinin formalaşmasına və məsuliyyətliliyinə gətirib çıxaracaqdır.
15. “HİKT” istifadə edildikdə, sövdələşmənin valyuta seçimi sərbəstləşir. Amma “HİKT”-nin tətbiqi zamanı, əsasən hər bir ölkənin milli valyutasından istifadə edilməsi daha məqsədəuyğundur.
16. Faiz gəlirləri və faiz xərcləri arasındakı fərq (marja) böyük olmasa da, banklarda “HİKT” üzrə əldə ediləcək faiz gəlirləri, müştərilərin kreditləşdirilməsi üzrə digər məhsullardan əldə olunan faiz gəlirlərindən daha təhlükəsiz və sağlam olacaqdır.
17. Cari texnologiyanın istifadəsi, kəmiyyətlə keyfiyyəti uzlaşdıracaqdır. Yəni, kredit portfeli kəmiyyətcə artmaqla bərabər, “HİKT”-nin xüsusiyyətləri ilə əlaqədar olaraq portfelin keyfiyyəti də yaxşılaşacaqdır;
18. Statistik kəmiyyət və keyfiyyət göstəriciləri yüksələcək və yaxşılaşacaqdır. Belə ki, kreditləşdirilən müştərilərin sayı artdıqca, əmanətçilərin sayı mütənasib şəkildə artmış olacaq, yəni, bankın statistik kəmiyyət göstəriciləri yaxşılaşacaqdır. Bundan başqa, statistik keyfiyyət göstəriciləri də artmış olacaqdır. Yəni, “HİKT”-nin istifadəsindən irəli gələn və hazırkı sənəd üzrə sadalanan bir çox maddələrlə əsaslandırılan maliyyə nəticələri üzrə göstəricilər yaxşılaşacaqdır;
19. “HİKT” üzrə, bankların cari kreditləşdirmə proqramları üzrə digər kredit məhsullarından fərqli olaraq real faiz dərəcəsi, effektiv faiz dərəcəsinə bərabər olur;
20. “HİKT”-nin istifadəsi ilə, bank ən məsuliyyətli borcalanları özünə cəlb etmiş olacaqdır. Ödənişlərinə faizlərin hesablanacağı faktını dərk edən müştərilər, məhz ödəniş məsuliyyəti olan şəxslər olacaqdır ki, bu müştərilər də gələcək ödənişlərinin həyata keçirilməsində qüsurlara yol verməyəcəklər.

“HİKT”-nin əsasənı təşkil edən bir sıra əlavə xüsusiyyətlər

1.    “HİKT”-nin tətbiqi ilə yeni bir bank məhsulu növü yaranmış olur ki, bu da “HİBRİD” adlandırılır.
2.    “HİKT”-nin istifadəsi ilə, həm kredit, həm də əmanət üzrə əməliyyatlar eyni bankda eyni vaxtda tətbiq edilir.
3.    “HİKT” üzrə əmanətin müddəti, kreditin müddətinə bərabər olur.
4.    “HİKT”-nin tələblərinə əsasən yalnız azfasiləli (qısa intervallı) ödəmə qaydası (yığım əmanəti hesabına ödənişlər) tətbiq edilir.
5.    “HİKT”, bankın kredit siyasətində ipoteka kreditlərindən başqa, demək olar ki, bütün növ kreditlər üçün tətbiq edilə bilir (yəni, kütləvi şəkildə istifadəni nəzərdə tutur).
6.    “HİKT”, kredit və əmanətin valyutasının eyni olmasını tələb edir.
7.    “HİKT” üzrə hüquqi prosedurlar adi kreditləşdirmə prosedurlarından fərqlidir.
8.    “HİKT”-nin bankda tətbiqi, bankın maliyyə göstəricilərində müsbət dəyişikliklərin yaranmasına səbəb olur.
9.    “HİKT” üzrə bankın iki ayrı məhsul formasının, kredit və əmanətin məhsul formalarının ayrılmaz bir bank məhsulu şəklində istifadəsi və tətbiqi nəzərdə tutulur.
10.    “HİKT”, ayrıca bir kreditləşdirmə texnologiyası olub, hər hansı bir bankın bütün kredit siyasətinin əsasını təşkil edə bilər.
11.    “HİKT” digər bank məhsulları ilə müqayisə olunmazdır, çünki alternativi mövcud deyil.
12.    “HİKT” bir neçə bank məhsulunun sintezindən əmələ gəlmiş və bir çox müxtəliflikləri ilə vahidliyə əsaslanır.
13.    “HİKT” bank tərəfindən kreditlərin istənilən müddətə verilməsi və əmanətlərin istənilən müddətə cəlb edilməsində istifadə oluna bilər.
14.    “HİKT”-nin istifadəsi zamanı, bankın öhdəlikləri olan könüllü əhali əmanətləri, köməkçi funksiyasını daşıyır.
15.    “HİKT”, yalnız gəlirin əldə edilməsinə deyil, eyni zamanda bankın bir çox maliyyə nəticələrinin yaxşılaşmasına xidmət göstərir.
16.    “HİKT”, bank fəaliyyətində həm fiziki (pərakəndə müştərilər), həm də hüquqi şəxslər (korporativ müştərilər) üçün tətbiq oluna bilər (spesifik olan, ipoteka (mənzil) kreditləri istisna olmaqla).

“HİKT” -nin tətbiqi qaydalar və misallar

“HİKT”-nin istifadəsindən irəli gələn yığım əmanəti hesabı üçün ödənişlərin hesablanması və ödənilməsi qaydaları, növləri, növ müxtəliflikləri (aylıq, rüblük, yarımillik və ya illik şəkildə həyata keçirilən dövrü bərabərhissəli və ya dəyişən ödəniş məbləği ilə fərqlənən ədədi (adi faiz) və həndəsi (mürəkkəb faiz) silsilə ilə artan və ya azalan ödəniş cədvəlləri) də mövcuddur.

“HİKT”-nin SADƏ FAİZLİ KREDİT ÜZRƏ BƏRABƏRHİSSƏLİ AYLIQ ÖDƏNİŞLƏRİN HƏYATA KEÇİRİLMƏSİ YOLU İLƏ YIĞIM ƏMANƏTİNİN FORMALAŞDIRILMASI üzrə misal:

Verilənlər:
Kreditin məbləği, (D) = 1 000,00 manat
Müddət, (n) = 12 ay
Güzəşt müddəti, (n’) = 0 ay
Güzəşt dövrü nəzərə alınmaqla yığım əmanətinin müddəti, (n-n’) = 12 ay
Kreditin illik (effektiv) faiz dərəcəsi, (g) = 24,00%
Yığım əmanətinin illik faiz dərəcəsi, (i) = 16,00%

 Yuxarıda göstərilən sadə faizli kredit üzrə aylıq ödənişləri bərabər hissələrlə ödənilən əmanət növü kimi, eyni zamanda, ədədi silsilə ilə d həcmdə artan və ya azalan yığım əmanətlərinin, habelə mürəkkəb faizli kredit üzrə aylıq ödənişləri bərabər hissələrlə ödənilən əmanət növü və həndəsi silsilə ilə k həcmdə artan və ya azalan yığım əmanətlərinin formalaşdırılması da mümkündür.

Təklif olunan innovativ kreditləşdirmə texnologiyası, bank sisteminə tanış deyil və ümumiyyətlə dünya bank sistemində təklif olunan şəkildə istifadə edilmir.

Qeyd: “HİKT”, məqalə şəklində dərc olunduğuna görə, onun məzmunu 10 dəfə qısaldılmışdır. Cari texnologiyanı məqsədəuyğun şəkildə Sizin diqqətinizə çatdırmaq üçün, maksimum dərəcədə qısa və asan anlaşılan məzmunda dərcinə üstünlük verilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər