10 C
Baku
Thursday, December 12, 2024

“Huawei” Rusiyanı tamamilə tərk edə bilər

Çinin “Huawei” şirkəti smartfonların Rusiyaya birbaşa çatdırılmasını tamamilə dayandırıb. Şirkət Rusiya bazarını tərk edə bilər.

Bu barədə “İzvestiya” qəzeti müxtəlif mobil operatorlara yaxın iki mənbəyə, eləcə də əsas smartfon istehsalçısı olan şirkətdə işləyən mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, “Huawei” Rusiyaya planşetlər, notbuklar, televizorlar və digər avadanlıq da idxal etmir.

“Huawei” indi öz cihazlarını birbaşa Rusiyaya tədarük etmir”, – nəşrə başqa mənbə təsdiqləyib.

“Telecom Daily”nin baş direktoru Denis Kuskov “İzvestiya”ya bildirib ki, bəzi avadanlıqlar hələ də brendin rəsmi mağazasında satılır, lakin bunlar öncəki tədarüklərin qalıqlarıdır. Yeni partiyaların olmaması isə “Huawei” onlayn mağazasının bağlanmasına səbəb ola bilər. Şirkət yazda Rusiyaya mobil rabitə üçün baza stansiyalarının tədarükünü dayandırıb. D.Kuskov həmçinin qeyd edib ki, şirkət öz işçilərini Qazaxıstan və Özbəkistana köçürüb və onların yaxın gələcəkdə qayıtmayacağı dəqiqdir.

“Huawei” şirkətinin Rusiyadakı “Consumer Business Group”un piar meneceri Mariya Krivtsova qəzetə çatdırılmaların dayandırılması və satıcının Rusiya bazarını tərk etmək planları barədə suala cavabında bu barədə məlumatı olmadığını bildirib. “İzvestiya” həmçinin “M.Video-Eldorado”, “Svyaznoy”, DNS, “MTS”, “Vımpelkom”, “Meqafon” və “Tele2” şirkətlərinə müvafiq suallar yönləndirib.

Qəzetin “Huawei”in tərəfdaş şirkətindəki mənbəsi bildirib ki, “Huawei” Rusiya bazarını tərk edərsə, brend məhsullar ölkəyə paralel idxalla (əmtəə nişanı sahibinin icazəsi olmadan malların ölkəyə gətirilməsi), eləcə də birbaşa istehsalçıdan deyil, Çindəki vasitəçilərdən avadanlıq alacaq distribütorlar vasitəsilə idxal oluna biləcək. Mənbənin sözlərinə görə, hazırda “Huawei” vasitəçilər yolu ilə smartfon və digər avadanlıqların tədarükü ilə bağlı danışıqlar aparır.

“Mövcud şəraitdə birbaşa tədarük çox mürəkkəb anlayışdır. Çindəki tərəfdaşı vasitəsilə Rusiyaya avadanlıq idxalı sxemini ilk dəfə irəli sürən “Xiaomi” olub. O, uzun illərdir ki, bundan istifadə edir. Bu halda Rusiyaya mal tədarük edən Çin şirkəti bütün riskləri öz üzərinə götürür, vendor isə bütün proseslərə nəzarət edir”, – “Mobile Research Group”un analitiki Eldar Murtazin nəşrə bildirib. Onun sözlərinə görə, avadanlıqların qiymətləri, çox güman ki, eyni səviyyədə qalacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər