Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Oğuz rayonunun Yaqublu kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 2 200-ə yaxın sahibkara 80 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
O qeyd edib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1767 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,4 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.
İşgüzar forum çərçivəsində Oğuz və ətraf rayonlardan olan 55 sahibkara 672 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
APA