Beynəlxalq sığorta şirkəti Munich Re cari ilin birinci yarısında təbii fəlakətlər nəticəsində yaranan qlobal zərərin həcmini açıqlayıb. Ümumi iqtisadi itkilər 112 milyard dollar təşkil edib (ötən il bu göstərici 131 milyard dollar olub), bunun 60%-i sığortalanmayıb. Şirkət sığortalanmış zərərin həcmini 44 milyard dollar qiymətləndirir. Ötən il bu göstərici 80 milyard dollar idi.
Munich Re iyunun 24-də Venesuelada baş vermiş ikiqat zəlzələni 2026-cı ilin ilk yarısında şirkət üçün “ən dağıdıcı təbii fəlakət” adlandırıb. Şirkətin ekspertlərinin qiymətləndirməsinə görə, zərər təxminən 30 milyard dollar təşkil edib. Bunun 1 milyard dollardan az hissəsi sığortalanıb.
Şirkət ümumi itkilərin həcminə görə ikinci yerdə ABŞ-də baş verən qasırğaların vurduğu zərəri göstərir. Bu zərər 30 milyard dollar qiymətləndirilir ki, bunun da 22 milyard dolları sığortalanmış itkilərin payına düşür.
Munich Re Avropada ilin ilk yarısında təbii fəlakətlərdən dəyən ümumi zərəri 22 milyard dollar qiymətləndirir. Bu məbləğin 7 milyard dolları sığortalanıb.
Şirkətin fikrincə, ilin ikinci yarısı El-Ninyo iqlim fenomeni və davam edən qlobal istiləşmənin təsiri altında keçəcək.
“Bu, çox təhlükəli kombinasiyadır: qlobal istiləşmə fonunda dünya həm də temperaturun daha da artmasına səbəb olacaq Super El-Ninyoya doğru irəliləyir. Onun nəticələrinin ilin ikinci yarısında aydın şəkildə hiss olunacağı ehtimal edilir”, — deyə şirkətin baş klimatoloqu Tobias Grimm bildirib.
Munich Re 2026-cı ilin ikinci yarısı və bütövlükdə il üzrə zərərin həcmi ilə bağlı proqnoz açıqlamayıb. Şirkət ötən il təbii fəlakətlərdən illik qlobal zərəri 224 milyard dollar qiymətləndirmişdi.







