9 C
Baku
Thursday, December 12, 2024

İlk Yerli bankımız

Müəllif: Rövşən Qəniyev, Mərkəzi Bankın əməkdaşı

Bakı Tacir Bankı

XX əsrin əvvəlində yaranmış neft böhranı ilə əlaqədar Rusiya səhmdar kommersiya bankları öz fəaliyyət dairələrini genişləndirmək, Bakı rayonunda yeni şöbələr açmaq istəmirdi. 1909-cu ildə neft sənayesi və onunla bağlı istehsal müəssisələri uzunmüddətli durğunluqdan sonra öz fəaliyyətini bərpa etdiyi bir şəraitdə Bakıda kredit-bank sisteminin yeni inkişaf mərhələsi başladı. 1909-cu ildə Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı. 1900-1913-cü illərdə Bakıdakı 9 bank kontoru arasında ən mühümləri Əbdül Həmid Ələsgərov, Hacı Şıxəli Dadaşov, H.Z.Tağıyev və Tumanyan qardaşlarına məxsus idi, onlar kommersiya banklarından daha çox ixtisaslaşması ilə fərqlənirdi.

Bakı Tacir Bankı hansı zərurətdən yaradılmışdır?

bankm2

Neft sənayesində istehsalın təmərküzləşməsi və kapitalın mərkəzləşməsi, neft sənayesinin bu sahəsində inhisarçı birləşmələrin meydana çıxması bank kapitalının neft sənayesinə nüfuzuna yol açdı. Banklar böyük qüvvəyə malik inhisarlara çevrilirdilər. Bakı neftində rus kapitalı, qərb kapitalı ilə yanaşı yerli kapital təmsil olunsa da, onların payı xeyli az idi. (167 neft sənaye müəssisəsindən yalnız 49-u, yaxud 29,3% – i Azərbaycan kapitalistlərinin əlində idi)

Belə bir şəraitdə 1912 – Rusiyanın və xarici ölkələrin 7 nəhəng bankı tərəfindən “Oyl” inhisar birliyi təşkil edilir. Bu ilk növbədə kredit borclandırması yaratmaqla yerli kapitalın neft sənayesindən sıxışdırılıb çıxarılmasına, yaxud da asılı vəziyyətin yaradılmasına hesablanmışdı. Təbii ki, orta və kiçik sahibkarlar hədəf götürülmüşdü, H.Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, Ş. Əsədullayev kimi iri sahibkarlardan söhbət getmirdi. Bu iri kapitalistlərə qarşı da sıxışdırma siyasəti yeridilirdi və bankların himayə etdiyi arzuolunmaz müştərilər kimi onlara daha az kreditlər verilirdi . Məsələn təkcə dövlət bankındakı veksellərin uçotuna görə 1907-ci ildə Tağıyevə 300 min manat kredit verilmişdir. Dövlət bankının Bakı şöbəsi H.Z.Tağıyevə verilmiş kredit barədə bildirirdi ki, “müştəriyə məxsus əmlakın dəyəri ilə müqayisədə açılmış kreditlər olduqca az hesab edilməlidir”. Bu o demək idi ki, Tağıyevə daha böyük kredit vermək olardı.

Bankir kontorundan Tacir Bankına…

banmi1

XX əsrin ilk dekadasında Azərbaycanda bank sahibləri arasında, mövcud kredit-bank müəssisələrindən kredit almaqlarına baxmayaraq milli sahibkarların nümayəndələri yer almırdı. Bu sahibkarlardan bəzilərinin (məsələn, Ş.Əsədullayev, M.Nağıyev və başqaları) öz bankir kontorları var idi, lakin bank sahibi deyildilər. “H.Z.Tağıyev” bankir kontoru, 1904-1913-cü illərdə xüsusi kredit müəssisələri şəbəkəsinə daxil oldu. O, Dövlət bankı uçot komitəsinin üzvü seçildi.

Azərbaycan tarixində bir çox ilklərə imza atmış H.Z. Tağıyevin, xarici kapitalın neft sənayesindəki təmərküzləşməsini, yerli kapitalın məqsədli olaraq asılı vəziyyətə salınmağa çalışıldığını görərək, öz nüfuzundan istifadə etməklə digər yerli iri kapitalistləri ilə danışıqlar apararaq yerli bankın təşkili üçün onları razı salmaq cəhdləri baş tutdu. Tağıyev öz bankir kontoru əsasında və Qorçakov küçəsindəki evində (indiki Tarix Muzeyi yerləşən bina) yer ayırmağı və öz nüfuzundan istifadə edərək Nizamnamənin və digər sənədlərin dövlət qeydiyyatından keçirilməsini öhdəsinə götürmüşdü.

H.Z.Tağıyevin uzaqgörənliyinin bir çox hallarda şahidi olmuş digər yerli kapitalın nümayəndələri, yaranmış şəraitdə bank açmağın mümkün risklərinin yuxarı olmasına baxmayaraq, onun təşəbbüsünə qoşuldular. 1913-cü ildə 3 milyon rubl məbləğində əsas kapitalı olan Bakı Tacir Bankının nizamnaməsi təsdiq edildi və ilk səhmlər buraxıldı. Nizamnaməyə görə 20 səhm 1 həlledici səs,50 səhm 2, 80 səhm 3, 120 səhm 4 həlledici səsə malik olmaq hüququ verirdi. Az səhm sahiblərinin də mənafeyi nəzərə alınmışdı. Məsələn, 20-dən az səhmə malik olan səhmdar 1 və daha çox səs hüququ almaq üçün ümumi ehtibarnamə üzrə öz səhmlərini birləşdirə bilərdilər.

Bankın Şurasına milli kapitalın nümayəndələrindən H.Z.Tağıyev (şuranın sədri), Ş. Əsədullayev, A.Əhmədov, S.Z.Tağıyev, A.Q.Tağıyev, idarə heyətinin üzvlüyünə M.Nağıyev (idarə heyətinin sədri), F.B.Rüstəmbəyov, təftiş komissiyasının tərkibinə Ə.Ə.Kərimov, M.Ə.Miriyev daxil oldular. Lakin ilk dövrlərdə bankın fəaliyyətə başlaması mümkün olmadı. Əvvəla xarici sərmayə bütün imkanlarından istifadə edərək bu bankın fəaliyyətinə mane ola bilərdi. İkinci səbəb isə peşəkar kadr çatışmamazlığının olması idi.

Nəhayət, 1914-cü il aprelin 12-də Bakı tacir bankı səhmdarlarının birinci ümumi yığıncağı H.Z.Tağıyevin Qorçakov küçəsindəki evində, Bankın yerləşdiyi binada keçirildi. Tağıyev yığıncağı açaraq bildirdi ki, bu vaxtadək Nizamnamənin 6-cı və 61-ci paraqraflarına uyğun olaraq, 332 səs hüququ verən bütün 12 000 səhmin pulu verilmiş və səhmdarlar kitabına salınmışdır, ümumi yığıncağa özlərinə görə və 10 053 səhmlə razılaşma üzrə 155 səsə malik olan 38 səhmdar gəlmişdir. İlk ümumi yığıncaqda bankın aprelin 15-də işə başlaması qərara alınmışdı.

Bankın təsis edilməsində əsas məqsəd

bnam3

Bank təsisçilərinin başlıca məqsədi sənaye və ticarət müəssisələrinin geniş məbləğdə maliyyələşdirilməsi, ilk növbədə Azərbaycan sahibkarlarına kömək göstərilməsi idi. Onlar müxtəlif təsərrüfat sahələrinin inkişafına, mədəni-maarif müəssisələri şəbəkəsinin genişlənməsinə kömək göstərməyi qarşılarına vəzifə qoymuşdular və perspektivdə diyarın bir sıra digər şəhərlərində Bankın şöbələrini açmaq niyyətində idilər.

Bankı təsisçilərin ümidlərini doğruldur…

banks5

Fəaliyyətə başlamasından qısa müddət sonra Bakı Tacir bankı təsisçilərin ümüdlərini doğrultdu. Onun müştərilərinin sayı kreditcə artırdı, həm də “müştərilərin xeyli faizi müsəlmanlar idi”. Volqa-Kama bankı Bakı şöbəsinin arayışında bildirilirdi ki, Tağıyev “çox varlı və kommersiya dairələrində hörmət və etibara malik bir adamdır. Səhmdarların 1915-ci il fevralın 15-də keçirilmiş yığıncağında 1915-ci ildə Bankın Şurasına Azərbaycan sahibkarlarının daha bir neçə nümayəndəsi – Əli bəy Aşurbəyov, Ağa Muxtarov, Səfər Əliyev, Zeynal bəy Səlimxanov seçildilər.

Ümumi yığıncağın qərarına əsasən və maliyyə nazirinin icazəsi ilə bank ümumi məbləği 2 mln manat olan 8 min yeni səhm buraxdı. Bu əsas kapitalın 5 mln. manatadək artırılması demək idi. tacir bankı da digər bankların qiymətli kağızlarına maraq göstərirdi. Qısa müddətdə Bankın səhmlərinə şəhərin kredit müəssisələri arasında böyük tələbat yarandı. Həmçinin Bank da Rusiya banklarının səhmlərinə maraq göstərir. Petroqrad kommersiya bankı ilə onu daha sıx əlaqələr birləşdirirdi. 1916-cı il noyabrın 12-də hər biri 149 manat 50 qəpik olan Petroqrad kommersiya bankının 5800 səhmini satın almışdı.

İstifadə edilmiş ədəbiyyat:

1. Nərimanov N. Hacı Zeynalabdin Tağıyevin 50 illik məişətə və cəmaətə xidmətləri. Bakı,1994.
2. Süleymanov M. Hacı Zeynalabdin Tağıyev. Bakı, 1996.
3. Süleymanova S. Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu XX yüzilliyin əvvəlləri). Bakı, 1999.
4. Ежегодник, Баку и его районы. Баку, 1913.
5. Ежегодник, Баку и его районы. Баку, 1914.
6. Сеидзаде Д.Б. Из истории Азербайджанской буржуазии начала XX века. Баку, 1997.
7. Əşir Bəşiroğlu. Hamının sevimlisi (H.Z.Tağıyev haqqında) Bakı: “Təknur” nəşriyyatı, 2012
8. https://banker.az/bank-isi/bank-isi/6011-bankc-l-g-n-inkisaf-tarixin-q-sa-ekskurs

Son xəbərlər
Digər xəbərlər