26 C
Baku
Tuesday, April 30, 2024

İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1.1 milyard manata çatdıracaq

2023-cü ildə Azərbaycanın bank sektoru dinamik inkişafını davam etdirib. Bu dövrdə bazarda mövqeyini ciddi şəkildə möhkəmləndirən banklardan biri də “AccessBank” olub. “AccessBank”ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev bankın 2023-cü ildəki fəaliyyətinin yekunları, eləcə də 2024-cü ilə olan planları barədə danışıb.

– 2023-cü ildə “AccessBank” Azərbaycanın sürətlə inkişaf edən banklarından biri olub. Xüsusilə bankın aktivləri 19%, kredit portfeli təxminən 25%, mənfəəti isə 2.6 dəfə artıb. Bu artımı təmin etmək necə mümkün oldu?

Biz 2023-cü ili 39 milyon manata yaxın xalis mənfəətlə başa vurduq. “AccessBank”ın son 10 ildəki inkişafına nəzər salsaq, bu göstərici (2023-cü il üzrə mənfəət – İF) xüsusilə bankın çətin zamanlardan keçdiyi devalvasiya dövründən sonra ən yüksək göstərici oldu. 2022-ci ildə mənfəət göstəricisi 15 milyon manat təşkil edib. Son illərə baxsaq, bankın mənfəətində sabit artımın olduğunu görə bilərik.

39 milyon manatlıq mənfəətdən başqa, bankın komandası olaraq səhmdarların qoyduğu kapitaldan səmərəli şəkildə istifadə etməyimiz bizim və səhmdarlarımız üçün ən əsas göstəricidir. Bu kapital gəlirliliyi (Return on Equity, ROE) göstəricisidir. Əgər Azərbaycanın bank sektorunun kapital gəlirliliyi göstəricilərinə nəzər salsaq, “AccessBank” ötən il digər banklarla müqayisədə öz kapitalından daha səmərəli şəkildə istifadə edən liderə çevrilib.

Keçən il kredit portfeli təxminən 25% artıb və bizim üçün bu artımın əsas seqmenti bankın yaranmasından etibarən prioritet seqment olan mikrokreditləşmədir. İkinci yerdə pərakəndə kreditləşmə gəlir. Burada böyük sıçrayış müşahidə olunmur, çünki 2023-cü ildə portfelin kəmiyyətini deyil, keyfiyyətini qarşımıza hədəf qoymuşuq. Əsas göstərici bazarın dempinqi deyil, düzgün qiymətləndirmə əsasında seçim etməkdir. Beləliklə, 2023-cü ildə biz portfeli 223 milyon manata qədər artırdıq, baxmayaraq ki, 2023-cü ilin əvvəlində bu rəqəm 190 milyon manat təşkil edirdi. Əvvəllər bu seqmentin “AccessBank” üçün prioritet olmadığını nəzərə alaraq, cari həcmi yaxşı göstərici hesab edirik.
Üstəlik, mənfəətimiz həm pərakəndə seqmentdən, həm də orta və korporativ biznesdən əldə edilən komissiya gəlirləri hesabına təmin edilib. Korporativ bizneslə bağlı aqressiv planlarımız yoxdur, bununla belə, deyə bilərik ki, biz həm korporativ seqmenti, həm də kiçik və orta biznesi (KOB) özündə birləşdirən bankıq. Korporativ seqment həm də tranzaksiya biznesi və müştəri xidmətləri nöqteyi-nəzərindən bizim üçün prioritetdir.

– “AccessBank”ın 2024-cü il üçün hədəfləri nələrdir?

İqtisadi aktivlik və bank sektorunun inkişafı baxımından biz 2024-cü il üçün göstəricilərin ən azı 2023-cü ildəki göstəricilər səviyyəsində olacağını gözləyirik. Ancaq 2023-cü ildən fərqli olaraq daha az iddialı hədəflər müəyyən etmişik. Biz artıq cari və növbəti il üçün strategiyanı təsdiq etmişik, çünki həm ölkə daxilində, həm də qonşu ölkələrdə bazar inkişaf etməyə davam edir, lakin sırf xarici amillərlə bağlı dəyişkənlik davam edir. Bununla əlaqədar indiki şəraitdə 5 illik dövrü əhatə edən strategiya hazırlamaq məqsədəuyğun deyil. Yeni strategiyamızda mikrokreditləşmə bank üçün prioritet istiqamət olaraq qalır. Buna görə də bu seqmenti və pərakəndə kreditləşməni daha intensiv surətdə inkişaf etdirməyi planlaşdırırıq.

Bütövlükdə 2024-cü ildə bank üzrə 15% səviyyəsində artım planlaşdırırıq – bu, o qədər də aqressiv göstərici deyil, amma hesab edirik ki, səmərəliliyə görə 15%-lik artım ötənilki göstəriciyə bərabər olacaq. Biz 2024-cü ilin sonuna kredit portfelinin 1.2 milyard manat təşkil edəcəyini planlaşdırırıq. ROE göstəricisinə gəlincə, əgər 2023-cü ildə bu göstərici 36% idisə, bu il ən azı 20% və daha yüksək olacağını gözləyirik. Bizim üçün əsas göstəricilərdən biri də Cost Income Ratio (CIR) göstəricisidir (satışların maya dəyəri, kommersiya və idarəetmə xərcləri daxil olmaqla əməliyyat xərclərinin gəlirə nisbəti – İF). Keçən il bu göstərici 57% olub, bu il isə təxminən 60% səviyyəsində gözləyirik. Bu cüzi artım, ilk növbədə, bazar və müştərilərin də tələbinə uyğun olaraq komandamızın inkişafı, rəqəmsal xidmətlərlə bağlı xərclərlə əlaqədardır. Bu isə öz növbəsində, bazar payımızı artırmağa imkan verəcək.

– “AccessBank” biznes kreditləri və mikrokredit seqmentində bazar liderlərindən biridir. Bəs orta və korporativ seqmentlərin, eləcə də pərakəndə biznesin kreditləşdirilməsi sahəsində vəziyyət necədir? Bankın 2024-cü il üçün bu istiqamətlərdə hansı planları var?

Biz mikrokreditləşmə seqmentində bazar liderləri sırasında yer alırıq. Gözləntilərimizə gəldikdə isə, 2024-cü il ərzində korporativ seqment və portfelin şaxələndirilməsi üzrə kiçik və orta biznes (KOB) və korporativ biznes portfelini 120 milyon manat və daha yüksək həcmdə planlaşdırırıq. Eyni zamanda, inkişaf etdirmək istədiyimiz əsas istiqamət korporativ müştərilərimizlə əməkhaqqı layihələri, korporativ müştərilərimizdən əldə olunan qeyri-faiz gəlirləridir. 2026-cı ilin sonunadək pərakəndə kredit portfelinin 380 milyon manata qədər təşkil edəcəyini gözləyirik. Biznes planında bu rəqəmlər hər hansı bir ciddi iqtisadi dəyişiklik baş verməyəcəyi təqdirdə mövcud şərtlər nəzərə alınmaqla müəyyən edilir.

– Biznes kreditləşməsini genişləndirmək üçün banka yeni satış və xidmət nöqtələri lazımdır. Hazırda “AccessBank”ın Quba və Goranboy filiallarında təmir işləri aparılır. Bank yaxın illərdə, o cümlədən 2024-cü ildə neçə yeni filial açmağı planlaşdırır?

“AccessBank” bu il bank sektorunun az təmsil olunduğu və əhaliyə məhdud çərçivədə bank xidmətlərinin göstərildiyi bölgələrdə bazar payını genişləndirməyi planlaşdırır. Bununla əlaqədar üç filialın açılması planlaşdırılır.

– “AccessBank” 2023-cü ildə xarici maliyyə təşkilatlarından bir neçə kredit cəlb edib. Bankın cari borc portfeli ilə bağlı vəziyyət necədir və xaricdən, o cümlədən bankın ən böyük səhmdarı olan Asiya İnkişaf Bankından yeni vəsaitlərin cəlb edilməsi planlaşdırılırmı?

2023-cü ilin sonuna xarici maliyyə institutlarından cəlb edilmiş kredit portfeli 30 milyon dollar təşkil edib. “Yaşıl” iqtisadiyyatın inkişafı üçün cəlb edilən son iki kredit bərpa olunan enerji mənbələrinin inkişafına vəsait ayırmağa imkan verir. Bilirik ki, ölkə hökuməti bu sahədə fəal işləyir və biz də bu istiqaməti inkişaf etdirmək niyyətindəyik. Verdiyiniz sualla bağlı isə onu deyə bilərəm ki, Azərbaycanda sahibkarlığın maliyyələşdirilməsinin davam etdirilməsi üçün xarici maliyyə təşkilatlarından vəsait cəlb etməyə davam edəcəyik.

– Bankın rəqəmsal satış kanallarının inkişafı və plastik kartların istifadəsi ilə bağlı hansı planları var?

Bu il biz nağdsız kart əməliyyatlarını, eləcə də rəqəmsal kanalları inkişaf etdirməyi planlaşdırırıq, çünki mobil tətbiq kart biznesinin inkişafı ilə birbaşa bağlıdır, çünki kart əməliyyatları xidmətlərin böyük hissəsini əhatə edir. Buna görə kart biznesinin və rəqəmsal bankçılığın inkişafı paralel gedir. Biz rəqəmsal bankçılığın müştərilərimizin tələb və istəklərinə uyğun olmasını istəyirik. Eyni zamanda, bu il Apple Pay, Google Pay ödəniş sistemlərinə qoşulmağı planlaşdırırıq, təəssüf ki, əməkdaşlıq etdiyimiz prosessinq mərkəzinin imkanlarına görə bunu edə bilmədik.

– “AccessBank” 2023-cü ildə əhalidən cəlb olunan əmanətlərin həcmini 17% artırıb. Bank 2024-cü ildə bazarda hansı yeni depozit məhsulları təklif etməyi planlaşdırır?

“AccessBank”ın depozit portfeli əsasən əhalinin əmanətlərindən (təxminən 60%), eləcə də biznes müştərilərimizin vəsaitlərindən ibarətdir. 2023-cü ilin sonuna depozitlərin həcmi son illərdə (devalvasiyadan sonra) ilk dəfə 1 milyard manatı ötərək 1 milyard 40 milyon manat təşkil edib. Biz bu il əhalinin və müştərilərin vəsaitləri hesabına portfeli 1.1 milyard manata çatdırmağı planlaşdırırıq. Əlbəttə ki, bu məbləğə xarici tərəfdaşlardan cəlb olunan vəsait daxil deyil.

– “AccessBank” beynəlxalq ödəniş sistemləri ilə birgə layihələr həyata keçirməyi planlaşdırırmı?

Bəli, biz bu yaxınlarda VİSA ilə Azərbaycan bazarı üçün yenilik olan kobrend filialını açdıq. Bu filialda ödəniş kartlarının istehsalını sürətləndirmək üçün nəzərdə tutulan Smart Embosser Machine (SEM) ağıllı terminalı quraşdırılıb ki, bu da müştərilərə adlı kredit və debet kartlarını bir dəqiqə ərzində yerində çap edib əldə etmək imkanı yaradır.

Hazırda bir çox bank yüksək keşbek qazandıran plastik kartlar buraxır və bununla da bir-biri ilə rəqabət aparır. “AccessBank”ın da belə planları varmı?

– “AccessBank” kart biznesində böyük oyunçu deyil. Bundan başqa, bizim üçün əsas prioritet prosessinq mərkəzinin miqrasiyası olub. Buna görə də bank son iki ildə “keşbek uğrunda yarış”da iştirak etməyib, çünki bu, ilk növbədə, bankın gəlirlərinə mənfi təsir göstərir. Lakin bizim öz keşbek sistemimiz var, keşbekin müştərilərin cəlb edilməsində əsas amil olmadığını görürük. Bizim prioritetimiz müştəri loyallığını inkişaf etdirməkdir. Buna görə də prosessinq mərkəzinin miqrasiyası başa çatdıqdan sonra müştərilərə banka məxsus plastik kartlardan istifadə etməklə qazanmaq imkanı verəcək yeni layihəyə başlamağı planlaşdırırıq. Layihənin əsas məqsədi müştərilərə pul qazanmaq və xərcləmək yollarını müstəqil şəkildə seçmək və bonuslar əldə etmək imkanı verməkdir. Bu layihəyə cari ilin sonuna yaxın start verilməsi planlaşdırılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər