Amerikalı milyarder İlon Maska məxsus X platforması tətbiq daxilində fəaliyyət göstərən X Money adlı maliyyə xidmətini istifadəyə verib. Xidmətdən yalnız ABŞ-də yaşayan və Premium və ya Premium+ abunəliyinə malik istifadəçilər yararlana bilərlər.
X Money-in rəsmi səhifəsində bildirilib ki, istifadəçilər X kartı vasitəsilə ani köçürmələr edə, 3% keşbek əldə edə və illik 6%-dək faizlə depozit yerləşdirə bilərlər. Bundan əlavə, istifadəçilərə üzərində X platformasındakı istifadəçi adının həkk olunduğu fiziki kart sifariş etmək imkanı da təqdim olunur.
Depozitlər Cross River Bank-da saxlanılır və 250 min dollara qədər sığortalanır. Hər bir əməliyyat Visa-nın risklərin idarə edilməsi sistemi ilə qorunur.
İlon Mask fevral ayında xAI şirkətinin restrukturizasiyasını və X Money xidmətinin beta versiyasının istifadəyə verildiyini elan etmişdi. Onun sözlərinə görə, bu xidmət “bütün pulların cəmləşdiyi və bütün maliyyə əməliyyatlarının mərkəzi mənbəyinə çevrilə biləcək” platforma ola bilər.







