17 C
Baku
Saturday, May 18, 2024

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri təyin olundu

Beynəlxalq Valyuta Fondu (IMF) Çad Steynberqi (Chad Steinberg) Azərbaycan üzrə missiyasının rəhbəri təyin edib.

Bunu IMF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

“Onun təyinatı ilə bağlı Azərbaycan tərəfi ötən il məlumatlandırılıb, hal-hazırda Bakıya onun ilk tanışlıq səfəri təşkil olunub”, – deyə A.Qədirli dəqiqləşdirib ki,  Ç.Steynberq uzun müddətdir Valyuta Fondunda çalışır.

Ç.Steynberqin sələfi Natalia Tamirisa 2019-cu ilin yanvar ayından IMF-nin Azərbaycandakı missiyasına rəhbərlik edib.

A.Qədirli həmçinin bildirib ki, fevralın 21-dən 25-dək Bakıda olan Ç.Steynberq hökumətə IMF-nin Azərbaycan üzrə icraçı direktoru Petr Trabinski tərəfindən təqdim olunub. IMF-in missiyasına həmçinin Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Jiri Conas (Jiri Jonas) və Qustavo Ramires (Gustavo Ramirez) də daxildir. Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, Mərkəzi Bankda görüşlər keçirən missiya üzvləri həmçinin işğaldan azad olunmuş Ağdama da səfər ediblər. “Report”un məlumatına görə, qonaqlar Şuşaya da səfər edəcəklər.

Qeyd edək ki, 1992-ci ilin 18 sentyabr tarixindən üzvlüyünə qəbul olunduğu IMF-dən Azərbaycan 2006-cı ildən bu yana maliyyə vəsaiti cəlb etmir, tərəflər arasında əməkdaşlıq Fondun Nizamnaməsinin IV maddəsinə dair məsləhətlər və makroiqtisadi siyasətin başlıca istiqamətlərinə dair texniki dəstək missiyaları çərçivəsində həyata keçirilir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər