18 C
Baku
Saturday, May 4, 2024

İnternet (onlayn) sığorta -Bu barədə kifayət qədərmi məlumatlıyıq?

Sirr deyil ki, XXI əsr informasiya texnologiyaları əsridir. Bu texnologiyadan hərtərəfli və maksimum səmərəli  istifadə etmədən istehsal və xidmət sahələrinin iqtisadiyyatı, idarə edilməsi və inkişafından söhbət belə gedə bilməz. İnsanlar da gündəlik məsələlərinin həlli məqsədilə getdikcə daha çox müasir texnologiyaya üz tuturlar. Müasir müştəri hər şeyi daha rahat, tez və keyfiyyətli əldə etmək istəyən müştəridir. O, cibində gəzdirdiyi bir əlcə ağıllı telefonla əksər problemlərinin asan həllində maraqlıdır və həmişə də buna can atır. 

Lakin müasir müştərinin bu xəyallarını kifayət qədər inkişaf etmiş və İT-nin ən yeni vasitələri ilə təchiz edilmiş şirkətlər gerçəkləşdirə bilərlər. Onlar bundan sonra  tamamilə yeni şəraitdə və yeni şərtlər altında fəaliyyət göstərməyə məhkumdurlar. İnsanların yuxarıda qeyd etdiyimiz tələbatını dərindən duyan çoxsaylı istehsalçılar və ya xidmət satıcıları onun qarşılanması üçün hər il yeni-yeni onlayn platformalar yaratmalı olurlar. Başqa sözlə, onlar bu günün deyil, həm də gələcəyin şirkəti olmaq üçün bütün mövcud imkanlardan maksimum istifadə etməli və bir tək ölkə daxilində deyil, bütün dünyada artan rəqabətə davam gətirmək üçün normal internet brendlər yaratmaq zorundadırlar.

Bu gün sığortaçılar da onlayn satış kanallarını genişləndirmək əzmindədirlər. 

Satışın internet üzərindən təşkili, həyata keçirilməsi və əlaqəli proseslərin idarə edilməsi bütün maliyyə seqmentində, o cümlədən sığorta və təkrarsığorta xidmətində də aktualdır. Çünki bu formada satış bir çox aspektlərdən onların özü üçün də sərfəlidir. Belə ki, bu, bir tərəfdən xidmətin maya dəyərini aşağı salaraq, sığortaçıların rentabelli fəaliyyətinə imkan yaradır, digər tərəfdən əlavə vaxt və pul itkisinin aradan qaldırılması baxımından əlverişlidir. Birinci növbədə sığorta obyektinə baxış tələb etməyən kütləvi məhsullar ŞƏBƏKƏ üzərindən onlayn qaydada satılır.  Məsələn, xaricə gedən şəxslərin tibbi xərclərinin sığortası, icbari məsuliyyət sığortaları, yeni avtomobillərin KASKO sığortası, məsuliyyət sığortası və s. buna misal ola bilər. 

Azərbaycanda da fəaliyyət göstərən sığortaçılar onlayn satış imkanlarından istifadəni artırmaqdadırlar. Lakin qeyd etmək lazımdır ki, burada hər şey ilk baxışda göründüyü kimi bəsit və asan başa gələn iş deyildir. Heç də bütün sığorta məhsullarının onlayn şəbəkə vasitəsilə uğurlu satışını təşkil etmək həmişə mümkün olmur.

Burada bir sıra statistik məlumatları nəzərdən keçirmək yerinə düşərdi. Hazırda dünya üzrə bütün sığorta satışında onlayn satışın payı 10%-dən azdır. Qərbi Avropada onlayn sığorta daxilolmalarının həcmi təxminən 100 milyard avro təşkil edir.  Statistikaya görə Böyük Britaniyada bütün sığorta satışının təxminən 12%, Türkiyədə 3%, İspaniyada 2%, Rusiyada 1,9% onlayn satışın payına düşür. Niderland sığorta sənayesi bu sahədə digər ölkələrdən daha da qabağa getmişdir. Lakin sistemin ödənişlə bağlı xətalarının çözülməsində yaranan çətinliklər, kleym və risklərin düzgün qiymətləndirilə bilinməməsi səbəbindən Türkiyədə bir neçə sığortaçı onlayn satışdan imtina etmişdir. TSEV (Türk Sığorta Enstitütü Vakfı) əməkdaşı Mehmet Muratoğlu da sığortaçıların tədbirlərindən birində bunu təsdiq etmişdir.

Gəlin razılaşaq ki, ölkəmizdə də bütün sığorta bazarı üzrə bu xidmət hələ də arzu olunan səviyyədə deyildir. Sığorta sistemində onlayn satışın artan xətlə inkişafını təmin etmək üçün ilk növbədə iri sığortaçıların üzərinə müəyyən vəzifələr düşür. Şübhə yoxdur ki, informasiya texnologiyalarında müşahidə olunan keyfiyyət dəyişiklikləri, ümumi sığorta mədəniyyəti, o cümlədən müştəri səviyyəsinin yüksəldilməsi fonunda bu satışda da dinamik inkişafın şahidi olacağıq.  

Lakin bütün digər xidmət sahələrində olduğu kimi internet sığortanın da üstünlükləri və çatışmazlıqları vardır. 

A. Sığortaçı üçün müsbət cəhətləri: 

  1. İqtisadi faydalılığı.
  2. İnternet satışla şirkət bir sıra xərclərinə, o cümlədən, ofis icarəsi, agent komissiyası və s. ilə bağlı xərclərinə qənaət etmiş olur. Eyni zamanda adi ofisdə müştəri xidmətləri üzrə tələb olunan əməliyyat xərcləri də azalır. 
  3. Potensial  müştərilərin sayının artırılması imkanları yaranır. Başqa sözlə, əgər adi halda biz öz xidmətimizi yalnız ölkə hüdudları ilə məhdudlaşdırmalı oluruqsa, internet imkanları bütün dünyaya çıxmağımıza imkan yaradır.
  4. Müştərilərə 24 saat ərzində xidmət göstərmək imkanı yaranır.                                       
  5. .Şirkətin və onun məhsullarının rəqabət qabiliyyətliliyi yüksəlir.
  6. Şirkətin imici yaxşılaşır.


B. Sığortalı üçün müsbət cəhətləri: 

  1. Vaxta qənaət. Sığorta xidməti və tariflərlə tanış olmaq üçün əlavə vaxt itkisi ilə sığortaçının ofisinə getməyə ehtiyac qalmır. Belə ki, siz elektron sığorta müqaviləsini öz evinizdə sifariş edə, ödəniş edə və şəhadətnaməni çap edə bilərsiniz. Siz artıq sığortaçılara zəng edib öz tələbatınızı müştəri xidməti əməkdaşlarına izah etmək məcburiyyətində deyilsiniz. Bəzən siz bunu robota və ya avtocavabverənə söyləməli olurdunuz
  2. Müxtəlif sığorta şirkətlərinin xidmət və məhsulları ilə tanış olmaq və optimal seçim etmək imkanı. Müştəri sayta girərək, onu maraqlandıran suallar barəsində tam məlumat alır və onları digər sığortaçıların təklifləri ilə müqayisə edə bilir.  Siz çox vaxt sığorta almaq üçün çətinliklərlə qarşılaşırsınız. Məlumat çoxluğu, sığorta vasitəçisinin məhsulu sizə sırımaq cəhdi və s. sizin soyuqqanlı şəkildə qərar qəbuletmək imkanlarınıza mənfi təsir göstərir. Siz sığortaçının saytında sığorta məhsulları və onların şərtləri haqqında ətraflı məlumat alır və hansı məhsulu, hansı şərtlərlə almağa hazır olduğunuzu özünüz müəyyənləşdirirsiniz.
  3. Şəffaflıq. Sığortaçılar internet satışda öz vəsaitlərinə qənaət etdikləri üçün sığorta xidmətlərinin əksəriyyətinə endirimlər tətbiq olunur.  Onlayn fəaliyyət göstərən sığortaçılar qüvvədə olan qanunvericiliyə əsasən bazarda şəffaflığı təmin etməlidirlər. Saytda təklif edilən qiymət və şərtlər almaq istədiyiniz sığorta müqaviləsinin əsası olduğunda tam əminsiniz.
  4. Daha yaxşı qiymət. Sığorta biznesinin internetə keçməsilə rəqabət artır. Bu sığortaçıların özləri üçün arzu olunan olmasa da, siz müştəri olaraq, bundan faydalana bilərsiniz. Siz qapı-qapı düşüb sığortaçıların təkliflərini götür-qoy etməyəcəksiniz. Məhsulu bəyənmirsinizsə, sadəcə digər sığortaçının təkliflərinə müracit edə biləcəksiniz.
  5. Qiymət təkliflərinin müqayisə edilməsi imkanı.  Onlayn alışın ən böyük üstünlüyü ondan ibarətdir ki, Siz burada sizin üçün daha əlverişli seçim etmək imkanı qazanırsınız. Şirkətlərin hamısının qiymət təklifləri və təminat şərtləri necə deyərlər, əlinizin altında olur. Heç bir halda tələsmədən öz durumunuza uyğun təminat əldə edənədək “axtarışınzı” davam etdirirsiniz.

Lakin onlayn sığorta satışının müsbət məqamları ilə yanaşı onun müəyyən çatışmazlıqlarını da danmaq olmaz:

  1. Heç də bütün sığorta növlərini internet vasitəsilə təklif etmək mümkün olmur. Yuxarıda qeyd edildiyi kimi, əksər obyektlərin real dəyərini dəqiq müəyyən etmək üçün həmin əmlaka sığortaçının baxış keçirməsi tələb olunur.
  2. Vətəndaşların əksəriyyəti, nə qədər təəssüf doğursa da,  sığorta şirkətlərinə etibar etmir. Səbəblərdən biri bu sahədə dələduzluq hallarının olması ehtimalıdır. Müştərilərin çoxu sığorta şəhadətnamələrini birbaşa şirkətin özündən və ya onun satış nümayəndəsindən almağı və kağız üzərində sənəd əldə etməyi üstün tuturlar.
  3. İstehlakçıların heç də hamısının (məsələn, ucqar bölgələrdə yaşayanlar və s.) kompyuteri olmur, yaxud olsa da, onlar qlobal setə çıxış imkanlarına malik olmur. Hətta kompyuterdən istifadəni bacarmayanlar da vardır.
  4. Sığortaçının onlayn satış imkanlarından istifadə etmək üçün böyük sərmayə tələb olunur. Ona görə də bu xidmətdən yalnız iri şirkətlər istifadə edə bilirlər.
  5.  Sığortalı məlumatı daxil edərkən təsadüfən səhvlərə yol verərsə, sənədin dəyişdirilməsi üçün süründürməçiliklə qarşılaşa bilər.   
  6. Normal sığorta təklifləri əldə etmək üçün siz sığortaçının platformasına daxil olmalı və müvafiq formanı doldurmalısınız. Bu sənəddə həddindən artıq şəxsi səciyyə daşıyan məlumatlar da yer alır. Əfsuslar olsun ki, təcrübədə bəzi fırıldaqçı şirkətlərin peyda olması və həmin məlumatları üçüncü tərəfə satması halları da mövcuddur. Odur ki, məlumatları daxil etməzdən öncə şirkətin müvafiq qaydaları ilə tanış olmağı unutmayın. Dələduzlar peyda ola bilər, onlar saytlara girə, ödənişi qəbul edə bilərlər, sığorta şəhadətnaməsinin verilməsi isə müşkülə çevrilə bilər. 
  7. Onlayn ödəniş zamanı sistem məbləğdə səhvə yol verə bilər. Bu halda artıq ödənilmiş məbləği geri almaq sığortalı üçün çətin olacaqdır.
  8. Bütün məlumatların daxil edilməsi təxminən bir saat vaxt tələb edir. Bundan başqa, sığortalı sistemə daxil etdiyi məlumatları yoxlamalıdır ki, səhvlər olmasın.
  9. Sığortalı bütün məlumatları sistemə daxil edir, yoxlayır və “Davam etmək” düyməsini sıxır. Yalnız bundan sonra saytın səhvi üzə çıxır və sığortalı hər şeyi yenidən başlamaq məcburiyyəti ilə qarşılaşır. 

Yuxarıdakılardan belə nəticə çıxara bilərik ki, hətta bəzi çatışmazlıqlarına baxmayaraq, onlayn sığorta xidməti bütün potensial müştərilər üçün cəlbedici olaraq qalır və biz onu tərəddüd etmədən, cəmiyyətdə sürətlə inkişaf edən xidmət sahələrinə aid edirik. Təbiidir ki, bu, ölkəmiz üçün də müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Belə ki, bütün dünyada olduğu kimi, Azərbaycan sığortaçılarının da əsas vəzifələrdən biri informasiya texnologiyalarını daha geniş tətbiq etmək və onu davamlı şəkildə təkmilləşdirməkdən ibarətdir. Əgər belədirsə, o zaman bütün bunlar gələcəkdə səyyari fəaliyyət göstərən sığorta vasitəçilərinin xidmətinə ehtiyacı azaltmayacaqmı?!

Yazının əvvəlində qeyd etdiyimiz kimi, sığorta məhsullarının onlayn satışı əksər hallarda bəzi icbari sığorta növlərinə, habelə səfər sığortasına və təzə avtomobillərə tətbiq olunur. Bu gün inkişaf etmiş Qərbi Avropa, ABŞ və bəzi digər ölkələrdə isə insanlara yüzlərlə sığorta məhsulu təklif olunur. Təbiidir ki, Azərbaycanda da cəmiyyət inkişaf etdikcə, digər məhsullara da tələbat getdikcə artacaqdır. Müqayisə üçün qeyd edək ki, hazırda ölkədə tətbiq edilən sığorta məhsulları 35-45 arasında tərəddüd edir.                                                                                                                                                                  

 Hörmətli oxucular!

Bütün yuxarıdakıları qeyd etməkdə əsas məqsədimiz heç də Sizləri yeni bir kəşfin təqdimatına dəvət etməkdən ibarət deyildir. Nə interneti, nə də onlayn sığortanı biz kəşf etməmişik. Məqsəd tələbə və gəncləri və bütövlükdə vətəndaşlarımızı bu sahədə mümkün olduğu qədər maarifləndirməkdən ibarətdir. Aydındır ki, hamı hüquqşünas və ya sığorta peşəkarı ola bilməz və olmamalıdır da. Lakin hər kəs hüquqa, o cümlədən sığorta hüququna dair bəlli məlumat və bilgilərə yiyələnməli, heç olmazsa, lazım olanda onlayn təkliflərə baxarkən düzgün seçim etməyi və lazım gəldikdə, öz haqqını tələb etməyi bacarmalıdır. Axı nə qədər də olsa, sığortaçıların onlayn platforma üzərindən təklif etdikləri sığorta məhsullarından hansının seçilməsi qərarını özünüz verməlisiniz. Sığorta işi, sığorta hüququ, sığorta müqaviləsinin təfərrüatları haqqında minimum bilgilərə sahib olmadan bunu necə etmək olar?! 

Böyük fransız filosofu və yazıçısı Jozef (Joseph)  de Maistrenin dillər əzbəri olan bir deyimi var: “Hər bir xalq öz hakimiyyətinə layiqdir”  (“Every country has the government it deserves”). Bunun nə qədər uğurlu müqayisə olduğunda israr etmirəm, lakin eyni zamanda aşağıdakıları da qeyd etməyə bilmirəm. Bir şey dəqiqdir ki, bəzi sığorta təşkilatlarının qeyri-qənaətbəxş və müştəri yönümlü olmayan fəaliyyəti bir çox hallarda elə sığortalıların laqeydliyinin və öz hüquqlarını bilməmələrinin nəticəsi ilə bağlı olur. Hətta internet sığortaçılıq da bazarın müştəri xidmətləri istiqamətində tam saflaşmasına gətirib çıxarmamışdır. Yığılıb qalmış problemlərin tam və köklü həlli bir çox aspektlərdə yenə də müştərilərin özündən asılıdır desək, səhv etmərik. Belə ki, tələbkar və savadlı müştəri sığortaçılara da təsir imkanlarına malik olur və onları həmişə “formada” olmağa sövq edirlər. 

Lakin bunun əksi olanda isə, biz, böyük təəssüf hissi ilə deməli oluruq: 

“Hər bir cəmiyyət öz sığortaçılarına layiqdir.”  

Müəllif: Şükür Hüseynov

Son xəbərlər
 ⁠
Digər xəbərlər