9 C
Baku
Thursday, December 12, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

ECB-dən faiz qərarı, yoxsa ABŞ-dan NFP hesabatı?

ABŞ-ın əsas inflyasiya göstəricilərindən biri olan Şəxsi Xərclər İndeksi və Şəxsi Xərclərin Qiymət İndeksi göstəricilərində sürprizlər artımların olmadığı açıqlandıqdan sonra dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.

Cari həftə isə ABŞ-ın əmək bazarı, xüsusilə də NFP hesabatı, FED sədri Cerom Pavelin çıxışı və Avropa Mərkəzi Bankının faiz qərarı ilə bazarlarda gərgin bir həftə olacaq.

NFP

Cümə günü dərc olunacaq aylıq əmək bazarı, xüsusilə də NFP hesabatı, FED-in ilk faiz endiriminin nə vaxt reallaşacağını müəyyən etməyə çalışan investorlar tərəfindən diqqətlə izləniləcək. Qeyd edək ki, mövcud şərtlərə görə analitiklər FED-in ilk faiz endiriminin iyunda baş tutacağını proqnozlaşdırırlar.

Əmək bazarının güclənməyə davam etdiyinə dair işarələr, FED-in çox tez yumşaldıcı siyasətə başlayacağı təqdirdə, gözləniləndən daha güclü iqtisadiyyatın inflyasiyanı yenidən alovlandıra biləcəyi ilə bağlı narahatlıqları tətikləyə bilər.

İqtisadçılar, yanvar ayında cari ilin ən böyük – 353 minlik artımdan sonra, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sektorunda fevral ayında 190 min yeni iş yeri açıldığını proqnozlaşdırırlar. İşsizlik nisbətinin 3.7% səviyyəsində sabit qalacağı və əmək haqqı artımının mülayim bir seqmentdə olacağı ehtimal edilir.

Həmçinin cümə günü əmək bazarı hesabatından əvvəl investorlar FED sədri Cerom Pavelin çərşənbə günü Nümayəndələr Palatasının Komitəsi və cümə axşamı Senat qarşısında pul-kredit siyasəti ilə bağlı yarımillik təqdimatlarını dinləmək şansına sahib olacaqlar.

Pavelin iqtisadiyyatdakı gücə və davamlı qiymət təzyiqlərinə işarə edən son məlumatların işığında siyasətçilərin faiz dərəcələrini azaltmağa nə vaxt başlayacağına qərar verərkən ehtiyatlı yanaşacaqlarını təkrarlaması gözlənilir.

Riçmond FED sədri Tomas Barkin cümə günü bildirib ki, ABŞ iqtisadiyyatında qiymət təzyiqləri davam etdiyi üçün Federal Ehtiyatlar Sisteminin əsas faiz dərəcəsini nə vaxt azaltmağa başlaya biləcəyini təxmin etmək hələ tezdir.

Həmçinin Amerikada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı göstəriciləri, “JOLTS” Boş və Vakant İşyerləri və “Bej Kitab” Hesabatları dolların major valyutalar qarşısındakı qiymətlərinə ciddi təsir edə bilər.

EUR

Cümə axşamı toplanacaq Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrində hər hansı dəyişikliyə getməsi proqnozlaşdırılmasa da, investorlar rəsmilərin faiz endirimlərini müzakirə etmək üçün hələ tez olduğunu təkrar edib-etməyəcəyini gözləyirlər.

Bir öncəki toplantısında “ECB”-nin faiz dərəcəsinin azaldılması müzakirələrini geri çəkməsinə, rəsmilərin inflyasiyanın 2% hədəfinə qayıtmaq yolunda olduğuna dair daha çox sübut görmələri lazım olduğunu söyləməsinə baxmayaraq, bazarlar hələ də bankın bu ilin sonunda faiz dərəcələrini azaltmağa başlayacağını ehtimal edirlər.

Ötən həftənin cümə günü açıqlanan Avrozona inflyasiya məlumatları “ECB”-nin ehtiyatlı mövqeyini dəstəklədi. Fevral ayında istehlak qiymətləri inflyasiyası proqnozlaşdırılandan daha az yavaşladı. Manşet inflyasiya da ehtimal ediləndən daha az düşdü.

“ECB”-nin ən böyük narahatlığı əmək haqqı inflyasiyasının həddən artıq yüksək olaraq qalması və risklərin qiymətlər üzərində təzyiqlərini artırmağa davam etməsidir.

Bu həftə, həmçinin Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, Avrozonada və Almaniyada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Avrozonada ÜDM-in həcmi, eləcə də, Almaniyada İstehsal Qiymətləri İndeksi (PPİ) və Sənaye İstehsalının Həcmi kimi önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olacaq.

Təhlillərə əsasən, ötən həftəni artım şamı ilə tamamlayan EURUSD məzənnəsində “buğalar” qiyməti 1.08$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Ötən həftə funt da korrektiv bahalaşma ilə yadda qaldı. Cari həftə ərzində Amerikada, Avrozonada və Almaniyada açıqlanacaq iqtisadi göstəricilər funt-sterlinqin də dünya birjalarındakı qiymətlərinə təsir edə bilər.

NEFT

İnvestorların “OPEC+”-un ikinci rüb üçün tədarük müqavilələri ilə bağlı qərarını gözlədikləri və eyni zamanda ABŞ, Avropa və Çindən gələn yeni iqtisadi məlumatları da nəzərə alaraq, neft qiymətləri cümə günü artaraq həftəlik şamını artımla tamamladı.

Aylıq kontraktların dəyişməsindən sonra “Brent” neftri həftə ərzində təxminən 2.4%, “WTI” nefti isə 4.5%-dən çox dəyər qazanıb.

Məlumatlara görə, “OPEC-”in hasilatın azaldılması ilə bağlı qərarının bu həftə ərzində veriləcəyi və hər ölkənin öz qərarını açıqlaması ehtimal edilir.

Analitiklərin fikrincə “OPEC+”-un könüllü olaraq hasilatı 2024-cü ilin ikinci rübünə qədər azaltmağa davam edəcəyi ehtimalları bazarın diqqət mərkəzində yer alacaq əsas xəbərdir.

Qırmızı dənizdəki geosiyasi gərginlik də neft qiymətlərini dəstəkləməyə davam edir.

XAUUSD

Ötən həftə ərzində dollar qarşısında kəskin bahalaşan qızıl, həftəlik şamını 2083$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” göstəriciləri proqnozlaşdırılan kimi zəif olarsa, qızıldakı artım tendensiyası daha kəskin xarakter ala bilər. “Buğalar” “sarı metal”-ın qiymətini 2081$ həddinin üzərində qoruyub saxlaya bilsələr, bahalaşma 2100$, 2120$ və 2144$ hədlərinə kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər