6 C
Baku
Saturday, December 14, 2024

İnvestisiya şirkətinin sahibləri bazarda yenidən mövqe qazanmaq istəyir

Son üç ayda kapital bazarından “uzaq” dayanan “MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin səhmdarları hərəkətə keçib, ona mövqe qazandırmaq istəyirlər.

Banker.az-ın məlumatına görə, səhmdarların qərarı ilə investisiya şirkətinin nizamnamə kapitalı 770 min manata çatdırılıb.

“MFX-Trading İnvestisiya Şirkəti” 2020-ci ilin avqustunda yaradılıb və 2020-ci ilin oktyabrından kapital bazarında iştiraka Mərkəzi Bankdan lisenziya əldə edib.

Şirkətin nizamnamə kapitalı bundan öncə 500 min manat idi. Bu da o deməkdir ki, son əməliyyatla nizamnamə kapitalı 54% artırılmış olur.

Mərkəzi Bankın qaydalarına görə, investisiya fondlarının idarə edilməsini həyata keçirən investisiya şirkətinin nizamnamə kapitalının minimum məbləği 125 min həcmində müəyyən edilir. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10 milyon manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200 min manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625 faiz həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2 milyon manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.

“MFX-Trading İnvestisiya Şirkəti”nin 1 yanvar 2022-ci il tarixinə olan aktivlərinin həcmi 503 min manat olub, 218 min manat zərər edib (bu yeni yaranmış şirkət üçün normal haldır). Amma bu da qeyd edilməldir ki, 2022-ci ilin birinci rübündə investisiya şirkəti hansısa aderaytinq xidmətində iştirak etməyib. Bu barədə Bakı Fond Birjasının rüblük statistikası bildirir.

Bu arada bunu da qeyd etmək lazımdır ki, “MFX-Trading” ötən il ərzində kapital bazarında mühüm mövqe qazanmaqda idi. 56.83 mln. manatlıq, o cümlədən bunun 10.64 mln. manatlıq səhm, 16.49 mln. manatlıq dövlət istiqrazları üzrə dövriyyəyə sahib idi.

İnvestisya şirkəti hazırda kapital bazarı ilə bərabər, həm də broker xidməti ilə məşğuldur. Məsələn, müxtəlif maliyyə alətləri ilə foreks brokerliyini də həyata keçirməkdədir.

Qeyd edək ki, “MFX-Trading İnvestisiya Şirkəti”in səhmlərinin 40%-i Anar Nəbiyev, 34%-i Cəmşid Novruzov və 26%-i Zərifə Həsənovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər