İpoteka kreditləşməsindəki artım tempi azalmaqdadır

Azərbaycanda ipoteka kreditlərinin ümumi həcmi 2026-cı ilin ilk yeddi ayının yekununda 4.73 mlrd. manata çatsa da, ipoteka kreditləşməsinin artım tempi əvvəlki illərlə müqayisədə zəif olaraq qalır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyulun sonunda ipoteka portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 284.3 mln. manat və ya 6.4% artıb. 2025-ci ilin iyulunda bu göstərici 4.44 mlrd. manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) açıqladığı məlumatlara görə, 2026-cı ilin yanvar-iyun aylarında Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226.3 mln. manat məbləğində 2 242 ipoteka krediti verilib. Bunun 156.1 mln. manatı 1 418 adi ipoteka kreditinin, 70.2 mln. manatı isə 824 güzəştli ipoteka kreditinin payına düşüb.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə azalıb. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında bu göstərici 232.5 mln. manat təşkil etmişdi. Beləliklə, illik azalma 6.2 mln. manat və ya 2.7% olub.

Bununla belə, verilən kreditlərin sayı artıb. 2025-ci ilin ilk yarısında adi ipoteka üzrə 1 483, güzəştli ipoteka üzrə 789 kredit verilmişdisə, 2026-cı ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 1 418 və 824 təşkil edib. Ümumilikdə kreditlərin sayı 2 272-dən 2 242-yə enib.

Fondun məlumatına görə, 2006-cı ildən etibarən onun vəsaiti hesabına verilən ipoteka kreditlərinin ümumi məbləği 3.98 mlrd. manata çatıb. Bu kreditlər 59 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib. 2025-ci ilin iyulunun əvvəlinə qədər isə ümumi kreditləşmə 3.55 mlrd. manat və 54.8 min ailə təşkil edirdi.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanması məqsədilə Fond tərəfindən 1 iyul 2026-cı il tarixinə 1 571 ipoteka krediti üzrə 149.9 mln. manat məbləğində zəmanət verilib. Bir il əvvəl bu göstəricilər 1 294 kredit və 116.8 mln. manat təşkil edirdi.

Fondun istiqraz yerləşdirmələri də azalıb. 2026-cı ilin yanvar-iyul aylarında İKZF tərəfindən 300 mln. manat həcmində istiqraz yerləşdirilib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 400 mln. manat olub. Beləliklə, istiqraz yerləşdirmələrinin həcmi illik müqayisədə 100 mln. manat və ya 25% azalıb.43

İpoteka kreditlərinin ümumi portfelinə uzunmüddətli dinamika üzrə baxdıqda artım tempinin tədricən zəiflədiyi görünür. 2022-ci ilin mayında portfel illik 20.6%, 2023-cü ilin mayında 25.1%, 2024-cü ilin mayında 19.3%, 2025-ci ilin mayında isə 13.1% artmışdı. 2026-cı ilin mayında illik artım 6.9%-ə, iyulda isə 6.4%-ə düşüb.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib. Kreditlərin təxminən 22%-i isə regionların payına düşüb.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər