16 C
Baku
Thursday, May 2, 2024

İranla sərhəddə Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

21 sentyabrda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə (onlayn) Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaqdır.

Tədbirdə İran İslam Respublikasının nümayəndə heyəti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, 2022-ci ilin 11 mart tarixində İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur.

Mərasimdə diqqətə çatdırılıb ki, uzunluğu 112 kilometr olan Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24.5 m olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər