15 C
Baku
Friday, March 29, 2024

İşçinin səhvi qlobal banka $50 mln.-a başa gəldi

“Citigroup”da evdən işləyən bir işçinin səhvi banka $50 mln.-a başa gəldi. Sözügedən səhv maliyyə nəhənglərinin evdən işləmək məsələsini yenidən müzakirə etməsinə səbəb ola bilər.

Banker.az “Financial News”a istinadən xəbər verir ki, mayın 2-də Londonda rəsmi tətil səbəbindən evdən işləyən bir kommersiya bankının əməkdaşı sifariş vermək istəyərkən səhv nömrə daxil edib. Baş verən xaosdan sonra Avropanın əsas fond indekslərində kəskin enişlər müşahidə olunub və birjada ticarət müvəqqəti olaraq dayandırılıb.

“Citigroup”dan verilən açıqlamada deyilir: “Treyderlərimizdən biri əməliyyat zamanı xətaya yol verib. Bir neçə dəqiqə ərzində bu xətanı gördük və düzəltdik”.

Xəbərə görə, müştərilərə veriləcək kompensasiyadan itkilər bank üçün əhəmiyyətli olmayacaq. Citi-nin birja ticarəti əməliyyatları birinci rübdə $1.5 mlrd. gəlir əldə etmişdi.

Bununla belə, xətanın baş verdiyi dövr həssas vaxta təsadüf edir. “Citigroup” bankı və onun müştərilərini qorumaq üçün texnologiya və risklərin idarə edilməsi sistemlərini inkişaf etdirən tənzimləyicilər tərəfindən nəzarət altındadır. Milyardlarla dollarlıq bu layihə yüksək səviyyəli idarəçilərin həm vaxtını, həm də səylərini tələb edir.

“Citigroup”un bazarlar bölməsində bir neçə yüksək səviyyəli idarəçi bu il öz vəzifələrini tərk edib. Onların arasında bölmənin həmsədri olan Keri Latrop və bir müddət səhmlər bölməsinin həmsədri olmuş Den Kiqan da var.

Evdə işləyən bir treyderin belə böyük səhvi “Wall Street”də gələcək iş tərzinin necə olacağı ilə bağlı müzakirələri yenidən alovlandırıb. İş üsulları baxımından digər banklara nisbətən daha mütərəqqi distant rejimi olan “Citigroup” bu cəhəti ilə “Wall Street” nəhəngləri arasında seçilirdi.

Bununla belə, “Citigroup” xətanın evdən işləmə sistemi ilə bağlı olduğunu düşünmür. “Financial News”un xəbərinə görə, banka yaxın mənbələr evdən işləmə üsulu ilə treyderin səhvi arasında heç bir əlaqə olmadığını bildirib.

Son xəbərlər
Digər xəbərlər