15 C
Baku
Wednesday, May 15, 2024

Islam Bankçılığının Azərbaycanda perspektivləri barədə

Müsahibimiz: Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru Behnam Qurbanzadə

İslam Bankçılığı anlayışının mahiyyətinin ənənəvi bankçılıqdan nə ilə fərqləndiyini qısaca oxucularımız üçün qeyd edəsiniz. Doğrudanmı İslam bankçılığı faizsiz bankçılıq deməkdir?

Ümumiyyətlə İslam bankçılığı İslam maliyyə sisteminin tərkib elementi olaraq bank əməliyyatlarının İslam qanunvericiliyi əsasında aparılması formasıdır. Ənənəvi bankçılıqdan fərqli olaraq:

  •     İslam bankı maliyyə bazarlarında spekulyativ əməliyyatlarla məşğul ola bilməz;
  •     İqtisadiyyatı faizlərin hesablanması metodu əsasında maliyyələşdirə bilməz;

İslam dini ilə qadağan olunmuş istehsal, ticarət və xidmət növlərini maliyyələşdirə bilməz. Misal olaraq spirtli içkilərin və donuz əti məşəli məhsulların istehsalı, qumar oyunları və s.

Behnam_qurbanzadehİslam bankları – İslam qanunvericiliyi çərçivəsində gəlir əldə etmək şərti ilə fiziki və hüquqi şəxslərdən əmanətləri qəbul edib müştərinin və ya öz adından investisiya şəklində yerləşdirən və ya digər qadağan olunmayan iqtisadi fəaliyyətə yönəldən maliyyə institutlarıdır. İslam maliyyə institutları (bank olmayan) qrupuna sığorta, lizinq, faktorinq və digər maliyyə institutları, investisiya və xeyriyyəçiliklə məşğul olan fondlar aiddir.

İslam Bankçılığı özündə maliyyələşdirmənin müxtəlif formalarını və maliyyə alətlərini birləşdirir. Hər bir maliyyə aləti özünün ayrı-ayrı fəaliyyət növünə uyğun gələn spesifik xüsusiyyətə malikdir. İslam Bankçılığı özündə 150-dən çox İslam bank məhsulları və xidmətlərini əhatə edir. İslam maliyyələşdirməsinin əsas məhsulları bunlardır: müdaraba, muşaraka, muşaraka mutanagisah, murabaha, icarə təsğiliyə, icara müntəhiyyə bi-tаmlik, Qard al- hasan, istisna, salam, kəfalə, vadiya, və digərləridir. Bu məhsullar İslam banklarının öz müştərilərinə göstərdikləri xidmət portfelinin tərkib hissəsidir.

Rəhbəri olduğunuz İslam Bankçılığı Departamenti cari ilin sentyabr ayında yaradılıb və qeyd edilirdi ki, 2013-cu ilin yanvarında müştərilərə xidmət etməyə başlayacaq.

Sualım belədir ki, Azərbaycanda belə bir departamentinin açılmasını zəruri edən nə idi?

İslam Bankçılığı departamentinin yaranmasında bankın əsas məqsədi mütərəqqi beynəlxalq təcrübəni istifadə etməklə ölkədə investisiya mənbələrinin diversifikasiya edilməsi, korparativ və pərakəndə müştərilərə yeni bank xidmət növlərinin təqdim olunması və ümumilikdə maliyyə bazarında rəqbət mühitinin gücləndirilməsi səbəblərindən irəli gəlmişdir.
Siz bundan öncə də İslam Bankçılığının tətbiqi üzrə də layihə rəhbəri olmusunuz, bu sahəyə marağınız necə yarandı?

Uzun müddətdir ki, İslam Bankçılığı sahəsində elmi araşdırmalar aparmışam və çox maraqlı nəticələr və faktlar əldə etmişəm. Belə ki, 1980-ci ildən bu gunədək dünyada iyirmiyə yaxın iri və orta səviyyəli maliyyə böhranları müşahidə olunmuşdur ki, bunlarında ən böyüyü 2008-ci ildə başlamış və bu gunədək davam edən indiki maliyyə böhranıdır. Böhranlar global maliyyə sisteminibir çox hallarda iflic vəziyyətinə salır, dünya iqtisadiyyatının artım tempini zəiflədir, bank sistemi milyardlarla zərər əldə edir. Lakin həmin böhranlar İslam Banklarına əhəmiyyətli təsir qüvvəsinə malik deyil və əksinə İslam maliyyə sistemi dünyada böhran dövründə 15-20% artım tendensiyası nümayiş etdirmişdir.
Britaniya da daxil olmaqla, bir sıra Avropa ölkələri müsəlman əhalini müştəri qismində cəlb etmək üçün İslam bankçılığının bəzi məhsullarından yararlanır, bu sahənin gələcəkdə ənənəvi bankçılığı sıxışdırması sizcə realdır?

Hal-hazırda ABŞ və Avropa ölkələri bu sistemin geniş tətbiqini uzun müddətdir ki, həyata keçirirlər. Belə ki, ABŞ-da 9, Böyük Britaniyada 22, Avstraliyada 4, Almaniya və Lüksemburqda 1 bank İslam maliyyə qanunlarına əsasən fəaliyyət göstərir. Həmçinin, dünyanın nəhəng bankları hesab edilən HSBC, Citi Bank, Lloyds TSD (U.K.), Deutsche Bank, UBS, Royal Bank of Scotland İslam pəncərələri (Islamic window) çərçivəsində müştərilərə xidməti strukturu fəaliyyət göstərir. Qeyd olunan faktlar dünyada İslam bankçılığına artan marağı və rəqabətin artması haqqında xəbər verir. Əminəm ki, yaxın 20-30 ildə İslam Bankçılığı dünya maliyyə bazarının daha böyük seqmentlərini əhatə edəcək.
İslam bankçılığının məhz hansı modelini (hansı ölkəyə uyğun olaraq) Azərbaycana tətbiqini daha effektiv sayırsınız? Sizcə müştəriləri ən çox maraqlandıran məhsul hansıdır?

Azərbaycanda İslam Bankçılığının tam əhatəli fəaliyyət göstərilməsi üçün ilk öncə mövcud qanunvericiliyə əlavə və dəyişiklik edilməlidir. Yalnız bu prossesdən sonra beynəlxalq təcrübəni və Azərbaycan iqtisadiyyatının spesifikasını nəzərə alaraq hər hansı model üzərində seçim edilməsini nəzərdən keçirmək olar. Bildirmək istərdim ki, buna həmçinin həmin zaman dünya maliyyə bazarlarında baş verən tendensiyalarda öz təsirini göstərə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər