12 C
Baku
Cümə, Dekabr 3, 2021

İslam lizinqinin tətbiqi lizinq sisteminin inkişafında yeni mərhələdir

Müsahibimiz “Qafqaz Lizinq” ASC-nin Biznesin İnkişafı Şöbəsinin sədri Camid Mövsümov

Nəyə görə lizinq bazarı Azərbaycanda yetərincə inkişaf edə bilmir, bu sahədə ən böyük çətinlik törədən amillər hansıdır?

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində bir çox sahədə olduğu kimi lizinq sahəsində də müəyyən çətinliklər, inkişafdan geri qalma müşahidə olunurdu. Lakin hal-hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi lizinq sahəsində də inkişaf müşahidə olunur. Son illərdə bir çox Beynəlxalq Maliyyə təşkilatının Azərbaycan Lizinq bazarına marağı artmışdır.

Azərbaycan Respublikası MDB üzvləri arasında lizinq haqqında qanunu qəbul etmiş ilk dövlətdir. Qanun qəbul edildiyi zaman lizinq münasibətləri hələ tam formalaşmamışdı. Ona görə də qanun nəzəri xarakter daşıyırdı. Ölkə Prezidenti tərəfindən 2003-cü ilin iyun ayında Lizinq münasibətlərinə dəyişiklik edilməsi barədə qanun qəbul edilmişdir.

2003-cü ilin avqust ayında qüvvəyə minmiş bu qanuna əsasən “Lizinq xidməti haqqında” qanun qüvvəsini itirmişdir. Lakin yeni qanun layihəsi qəbul edilməsi üçün parlamentə təqdim edilməmişdir. Hal-Hazırda Azərbaycan Respublikasında lizinq Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Vergi Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəlləyə edilmiş son dəyişikliklər əsasən müsbət xarakter daşıyır. Burada lizinq sahəsində müəyyən təcrübəyə malik olan ölkələrin (əsasən Rusiya Federasiyasının) praktikasından istifadə edilmişdir. Lakin bununla yanaşı bəzi normaların təkmilləşdirilməsinə ehtiyac qalır.

Ölkədə lizinqin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafına təkan verəcək. Bu isə ilk növbədə daxili bazarın tələbatının ödənilməsinə və ixrac istiqamətli istehsalın stimullaşdırılmasına səbəb olacaq.

– Lizinq şirkətləri ilə bağlı hər hansı bir statistik araşdırmalar aparanda əməkdaşlarımız çətinliklərlə üzləşir, bu şirkətlərin hansı orqan tərəfindən tənzimlənməsi və illik və ya rüblük hesabatların hansı orqana təhvil verməsi ilə bağlı məlumat verə bilərsinizmi?

mövsumovAzərbaycan Respublikası ərazisində lizinq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Lizinqin qanunverici əsasını hal-hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsi və Vergi Məcəlləsi təşkil edir.

“Qafqaz Lizinq” ASC olaraq müvafiq hesabatlarımız və fəaliyyətimiz haqqında bütün məlumatlar daim yenilənərək www.qafqazleasing.com saytında yerləşdirilir. Şirkətimiz haqqında ehtiyac duyduğunuz bütün məlumatları saytımızdan əldə edə bilərsiniz.

Düşünürəm ki, ölkəmizdə nəinki hər hansı bir lizinq şirkəti, ümumilikdə lizinq məhsulları və lizinq bazarı yetərincə tanınmır, məsələn kreditdən fərqli olaraq, bir çox insan lizinqin nə olduğunu bilmir. Fikrinizcə təbliğatı genişləndirmək üçün hansı tədbirləri görmək lazımdır?

Qeyd etdiklərinizlə razılaşmamaq qeyri-mümkündür. Təəssüflər olsun ki, ölkə əhalimizin lizinq haqqında hələ də yetəri qədər məlumatı yoxdur. Lakin bu yöndə bir çox addımlar həm təşkilatımız, həm də bir sıra assosiasiyalar tərəfindən atılır. Bu sahədə AMA (Azrəbaycan Mikromaliyyə Assosiasiyası) tərəfindən atılan bir sıra addımları xüsusilə qeyd etmək istərdim. AMA öz üzvü olan təşkilatların təbliğatı üçün daimi olaraq yerli və beynəlxalq qurumların iştirakı ilə tədbirlər təşkil edir. Buna əyani misal olaraq, bu yaxınlarda AMA-nın təşkilatçılığı ilə SPTF (Social Performance Task Force) təşkilatı ilə birgə Azərbaycanda layihə həyata keçirilmişdir. Layihədə ölkəmizin 13 Maliyyə qurumu iştirak etmişdir, həmçinin “Qafqaz Lizinq” ASC şirkəti də layihənin iştirakçısı olmuşdur. Lahiyə iki mövzu üzrə təşkil olunmuşdur. “Müştərilərə qarşı məsuliyyətli yanaşma” və “İşçilərə qarşı məsuliyyətli yanaşma”. Layihə çərçivəsində şirkətimizə daxil olan hər bir müştəriyə SPTF təşkilatının dəstəyi ilə AMA tərəfindən hazırlatdırılmış məlumatlandırıcı bukletlər paylanmışdır.

Şirkətimiz bu layihə çərçivəsində aktiv iştirakına görə AMA və SPTF tərəfindən sertifikatla mükafatlandırılmışdır.

Regionlarda lizinqin təbliğatı məqsədilə mütəmadi olaraq sahibkarların iştirakı ilə seminarlar təşkil olunmalıdır. Təşkil olunacaq bu seminarlara ölkəmizdə fəaliyyət göstərən beynəlxalq qurumlar da cəlb olunmalıdır. “Qafqaz Lizinq” ASC şirkəti olaraq regionlarda artıq bir sıra beynəlxalq təşkilatlarla birgə bu ilin oktyabr ayından etibarən belə tipli seminarların təşkil olunmasını planlaşdırırıq. Bu isə ölkəmizin kənd təsərrüfatı sektoruna əlavə xarici investisiya cəlbi deməkdir.

– Əslində qərb təcrübəsində lizinq məhsulları kreditdən və digər icarə növlərindən daha sərfəli olur, yəni müştərilər üçün daha münasib olur, bəs Azərbaycanda gerçək vəziyyət necədir?

Azərbaycanda lizinq tək sahibkarlıq məqsədləri üçün deyil, həmçinin məişət, sosial və digər məqsədlər üçün istifadə oluna bilər. Bu ondan irəli gəlir ki, Mülki Məcəllədə lizinqə həmçinin əmlak kirayəsi müqaviləsinin şərtləri şamil edilir.

Bir çox zaman lizinq kredit sistemi ilə müqayisədə daha əlverişli maliyyələşdirmə cəlb edilməsi vasitəsi hesab olunur. Lizinqin kreditdən aşağıdakı üstün cəhətləri var:

  • – Lazımi sənədlərin qısa müddət ərzində toplanması
  • – Qərar qəbulu sisteminin çevikliyi
  • – Lizinqalan avadanlığın alınmasına vəsait qoymur. Həmin vəsaitləri Lizinqalan marketinqə, dövriyyə kapitalının artırılmasına, cari xərclərinin ödənilməsinə yönəldə bilər.
  • – Lizinq avadanlığı lizinq şirkətinin mülkiyyətində olduğundan, Lizinq şirkəti bank kreditlərindən fərqli olaraq adətən müştərilərindən əlavə girov tələb etmir. Bu faktın mövcud olması qeyri təkmil girov qanunvericiliyi olan ölkələrdə fəaliyyət göstərən müəssisələr üçün lizinqi xüsusilə əlverişli edir.
  • – Nəyə görə Azərbaycanlı müştəri lizinqə üstünlük verə bilmir (bildiyim qədəri ilə bu ilk növbədə lizinqlə alınan məhsulun müştərinin deyil, şirkətin mülkiyyətində qalmasıdır).

Sualınıza belə bir misalla cavab vermək istərdim: yeni müəssisə yaradan sahibkar müxtəlif avadanlıqlar almalıdır. Pulu var, amma onu avadanlıqların alınmasına xərcləsə, digər məqsədlər üçün pul qalmayacaq. Bu halda sahibkar banka üz tutmalıdır. Bank onun istədiyi pulu verə bilər. Lakin müəyyən şərtlərin ödənilməsini tələb edir. Bank ilk növbədə girov təminatı istəyir. Digər tərəfdən riskləri nəzərə alaraq yüksək faiz təklif edir və vəsaitin qısa müddətə qaytarılmasını istəyir. Bankdan kredit almaq istəyən sahibkar üçün bu şərtlər uyğundurmu? Yox. Çünki sahibkarın girov təminatı yoxdur. İkincisi vəsaitə qısa müddətə qaytardıqda müəssisə sahibinin kreditinin aylıq ödəniş məbləğləri yüksək olur. Nəticədə sahibkarın təkrar sərmayə qoyuluşu üçün vəsaiti qalmır. Belə vəziyyətdə əlverişli olan seçim lizinqdir. Lizinq yolu ilə avadanlıq əldə etməklə sahibkar bir tərəfdən əlində olan pulunu digər məqsədlər üçün istifadə edə bilər, digər tərəfdən kapitallaşması və buradan qaynaqlanan gəliri artır. Lizinq müqaviləsi başa çatdıqdan sonra sahibkar avadanlığın tam sahibinə çevrilir.

– Bütün çətinliklərə baxmayaraq ümumilikdə lizinq bazarının hazırkı inkişaf templərini necə qiymətləndirmək olar? Bazarda ən çox tələb olunan lizinq məhsulu hansıdır?

Ölkəmizdə lizinqin inkişaf tarixi 1995-ci “Lizinq Xidməti haqqında” qanunun qəbul edilməsi ilə başlanmışdır.

Azərbaycan Respublikasında lizinqin inkişaf templərini lizinq portfeli üzrə rəqəmlərə diqqət yetirdikdə açıq aydın görmək mümkündür. Respublikamızda lizinq portfeli 2,5 mln manat təşkil edirdisə, hal-hazırda bu rəqəm artıq 200 mln manatı

keçmişdir. Lakin bu 100%-lik nəticə deyil. Çünki bu rəqəm 500 mln manat ola bilərdi. Deməli qarşıda hələ görüləsi çox iş var.

Lizinq Sektorunda lizinq portfelinin sahələr üzrə bölgüsünü aşağıdakı kimi göstərmək olar: Tikinti Sektoru(37%), Yük Avtomobilləri(15%), Minik avtomobilləri (12%) və Yüngül və Yeyinti sənayesi(5%)

Lizinq portfelinin sahələr üzrə bölgüsünə diqqət yetirdikdə portfeldə ən böyük payı tikinti sektoru tutur. Lakin hal-hazırda lizinq təşkilatları tibb avadanlıqlarının lizinqləşməsinə də xüsusi diqqət ayırırlar. Son illərdə bu sahədə də dinamik artım müşahidə olunur.

Lizinq bazarının dinamikası və iqtisadi göstəricilərin analizi sektorda olan böyük potensialı əks etdirir. İEÖ-lərin təcrübəsi göstərir ki, ümumilikdə bütün iqtisadiyyatın inkişafı üçün lizinq effektiv mexanizm hesab olunur.

Lizinqin inkişafı istehsalatın müasirləşdirilməsi və sahibkarlığın inkişafı istiqamətində böyük imkanlar yaradır. Lizinq maliyyə bazarında rəqabət qabiliyyətinin artmasına xidmət edir.

Bu yaxınlarla islam şərtləri ilə lizinq haqqında müəyyən təkliflər eşidirik, bazarda islam lizinqinə tələbi necə qiymətləndirirsiniz, ümumiyyətlə bu haqda oxucularımıza məlumat verə bilərsinizmi?

İslam Bankçılığı sistemi əsasən Fars körfəzi ölkələrində BƏƏ, Qatar, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistan Krallığı, İran, Misir, Türkiyə, ABŞ və Böyük Britaniyada inkişaf edib. Avropanın bir sıra iri banklarında Citibank, Barclays, Deutshe Bank, Commerzbank islam pəncərəsi xidməti mövcuddur.

Dünyada İslam Bankçılığı üzrə aktivlərin ümumi həcmi 2012-ci il üzrə 1 trl. ABŞ dollarından çox olmuşdur.

Azərbaycan Respublikasının 1992-ci ildə İslam İnkişaf Bankına üzv olması ölkəmizdə İslam Bankçılığının inkişafına təkan vermişdir. Azərbaycan Respublikası İslam İnkişaf Bankında 9,76 mln ABŞ dolları (ümumi səhm kapitalının 0,13%) pay sahibi olmaqla onun işində yaxından iştirak edir.

Bu gün İslam Bankları “Ljara” adlanan lizinq yolu ilə də müştərilərini maliyyə vəsaiti təmin edirlər. İslam Bankçılığında lizinqin hal-hazırda böyük əhəmiyyət qazandığı məlumdur.

İslam lizinqinin tətbiqi respublikamızda lizinq sisteminin inkişafının yeni mərhələsidir. Bu, beynəlxalq maliyyə qurumlarından əlavə vəsaitlərin cəlb olunması, respublikamızda investisiya mənbələrinin diversifikasiyası, sahibkarlığın inkişafı və əhaliyə yeni lizinq xidmətinin göstərilməsi ilə təmin ediləcək.

Bu ilin iyul ayında AMA(Azərbaycan Mikromaliyyə Assosiasiyası) təşkilatçılığı ilə İslam İnkişaf Bankının, Transregional İslam İqtisadi Mərkəzinin, AMA-nın üzvü olan bir sıra bank olmayan kredit təşkilatlarının nümayəndələrinin və “Qafqaz Lizinq” ASC-nin nümayəndəsi olaraq mənim iştirakım ilə Azərbaycanda İslam Bankçılığının inkişafı imkanları və problemləri mövzusunda görüş keçirilmişdir. Görüş ərzində müvafiq fikir mübadilələri aparılmışdır.

Ümumilikdə, İslam Bankçılığının ölkəmizdə inkişafı üçün İEÖ-lərin təcrübəsindən yararlanmaq lazımdır. Bu sahədə Rusiya Federasiyasının təcrübəsindən geniş surətdə istifadə olunmalıdır.

“Qafqaz Lizinq”-in arsenalında lider lizinq məhsulu hansıdır?

“Qafqaz Lizinq” ASC əsası 30 Oktyabr 2007-ci ildə qoyulan bir lizinq şirkətidir. Şirkət iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar, o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.

“Qafqaz Lizinq” ASC-nin əsas lider məhsulları biznes lizinqi üçün nəzərdə tutulmuş məhsullarıdır.

Sizcə proporsiya baxımından lizinq məhsullarına daha çox şəhərlərdə və ya regionlarda tələbat var və ümumiyyətlə regionlara genişlənməyiniz hansı səviyyədədir?

Azərbaycan regionlarında hazırda fermer təsərrüfatlarının sürətli inkişafı bu sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında xüsusi çəkisinin daha da artacağını göstərir.

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan respublikasının 2009-cu il 14 aprel tarixli Qanunu qüvvəyə minib və bu qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2009-cu il 3 iyun tarixli Fərman imzalanıb. Belə zonaların regionlarda formalaşdırılması da xüsusi diqqət mərkəzindədir. Bu isə Regionlarda investisiya axınına əlverişli şərait deməkdir.

“Qafqaz Lizinq” ASC olaraq artıq Azərbaycanın bir sıra regionlarında fəaliyyət göstəririk – Quba, Xaçmaz, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Şəmkir, Şirvan və s. Bir sıra digər regionlarda yeni filialların açılmasını planlaşdırırıq.

Təşəkkürlər.

Son xəbərlər
Oxşar xəbərlər
X