İspaniya Şimali Afrikada yerləşən Seuta eksklavında Mərakeşlə sərhəddə asayişi təmin etmək üçün ordunu cəlb edəcək. Burada minlərlə mərakeşli miqrant sərhədi yararaq İspaniya ərazisinə daxil olub. Bu barədə El País və Associated Press İspaniya hakimiyyətinə istinadən məlumat yayıb.
“Hərbi qüvvələr Seuta şəhərində təhlükəsizliyin təmin olunması üçün tələb oluna biləcək tapşırıqların icrasında Mülki Qvardiyaya dəstək verəcək. Səfərbər edilən qüvvələr operativ komandanlıq tərəfindən koordinasiya olunacaq və Mülki Qvardiyaya yardım göstərəcək”, — deyə hökumət mənbələri El País-ə bildiriblər.
“Mövcud vəziyyət tam xaosdur. Dəqiq rəqəmləri demək mümkün deyil. Minlərlə miqrant sərhədi keçir”, — deyə AP-yə Seutada İspaniya Mülki Qvardiyası əməkdaşlarını təmsil edən assosiasiyanın rəhbəri Raşid Sbihi bildirib. O, sərhəddəki vəziyyəti “tam iflic” adlandırıb.
El País yazır ki, sərhədi keçməyə cəhd zamanı azı 18 nəfər həlak olub, minlərlə miqrantın axını isə Madridin bütün proqnozlarını üstələyib. Son 10 gün ərzində muxtar şəhərə 1 500–2 000 nəfər daxil olub.
Bundan əlavə, hökumət Mərakeşlə sərhəddə yerləşən Melilya şəhərində yeganə Beni-Enzar sərhəd-keçid məntəqəsindən keçmək cəhdindən sonra sərhədi bağlayıb. El País-in məlumatına görə, İspaniyanın baş naziri Pedro Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaska iyulun 31-də Seutaya yollanacaqlar.
Seutanın meri Xuan Xesus Vivas Madriddən ölkə üzrə fövqəladə vəziyyət elan etməyi tələb edib. O, baş verənləri “tam humanitar və sosial fəlakət” adlandıraraq, “vahid komandanlıq” və “qətiyyətli tədbirlər” görülməsinə çağırıb.
Merin sözlərinə görə, şəhərə hər gün təxminən 300 miqrant gəlir. Son bir həftədə isə Seutaya 1 500 nəfər daxil olub ki, bu da şəhər əhalisinin təxminən 2%-nə bərabərdir. Gələnlərin azı 700-ü yetkinlik yaşına çatmayanlardır, 500 nəfərlik qəbul mərkəzləri isə artıq dolub. Bununla belə, İspaniya hökuməti fövqəladə vəziyyət elan etməkdən imtina edib. El País yazır ki, hökumət bunu mülki müdafiə haqqında qanunda miqrasiya axınının belə status üçün əsas kimi nəzərdə tutulmaması ilə izah edib.
İtaliyanın baş naziri Corca Meloni X sosial şəbəkəsində vəziyyəti şərh edərək bildirib ki, “İtaliya kənarda qalmayacaq”. O qeyd edib ki, daxili işlər naziri Matteo Piantedosi ilə məsləhətləşmələrdən sonra İtaliya sərhədlərin qorunması üçün fövqəladə tədbirlər görməyə, o cümlədən İspaniya ilə Şengen sazişinin tətbiqini müvəqqəti dayandırmağa hazırdır.
Seuta 2021-ci ildə də kütləvi miqrant axını ilə üzləşmişdi. Həmin vaxt bir neçə gün ərzində təxminən 10 min nəfər sərhədi keçmişdi və onların əksəriyyəti Mərakeş vətəndaşları idi.







