23 C
Baku
Tuesday, April 23, 2024

İşsizlikdən sığorta ödənişinin təyin olunmasında şərtlər yumşaldılır – 3 aylıq gözləmə ləğv edildi

İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldır. Belə ki, tələb olunan staj müddəti 6 ay azaldılıb, əmək müqaviləsi bitdiyi andan 3 ay gözləmə müddəti ləğv edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib.

Agentlik bildirir ki, sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.

Yəni, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişi 3 halda ödənilir:

  • İşəgötürən ləğv edildikdə;
  • Ştat ixtisar edildikdə;
  • Müddətli əmək müqaviləsinin müddəti bitdikdə.

İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.

Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir.

Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.

Qeyd edək ki, 2020-ci ildə də qanunvericiliyə dəyişiklik edilərək, işsizlikdən sığorta ödənişi müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərə də şamil olunub.

Bildirək ki, ölkədə son bir ildə 3.7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub. DSK-nin hesabatına görə isə 2021-ci ilin sonuna Azərbaycanda işsiz əhalinin sayı 300 mindən çoxdur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər