21 C
Baku
Monday, April 29, 2024

İstanbul Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin mərkəzi şəhəri olacaq

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) İdarə Heyətinin növbəti toplantısında İstanbul şəhəri Birliyin mərkəzi şəhəri elan edilib.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.

Məlumata görə, tədbirdə mərkəzi qərargahın bu şəhərdə yerləşməsi və birliyin beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməsinin Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinə həvalə edilməsi qərara alınıb. Toplantıda Birliyin prezidenti Askar Omerbekov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

O qeyd edib ki, iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis olunan TDQB türk dövlətləri qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Sədr Türkmənistan İqtisadçılar Birliyinin Qiymətləndiricilər Komitəsinin assosiativ qaydada quruma üzv olduğunu və bununla da bütün türk dövlətlərinin birlikdə təmsil olunduğunu diqqətə çatdırıb.

Birliyin icraçı katibi Marat Baytokov tərəfindən 2024-2025-ci illər üçün fəaliyyət planı İdarə Heyəti tərəfindən təsdiq olunub. Bu sənəddə quruma üzv olan dövlətlərin təklifləri nəzər alınıb. Aprelin 28-də Bakıda keçirilən “Zirvə Görüşü”nün birliyin təsis olunmasında xüsusi rolu sənəddə öz əksini tapıb. Fəxri üzvlərin qəbulu ilə bağlı prosedurların hazırlanması və təlim-tədris prosesi ilə bağlı metodoloji fəaliyyətin təşkili Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximovaya həvalə edilib.

Birliyin strukturlarının yaradılması barədə razılığa gələn İdarə Heyətinin üzvləri Təlim-tədris departamentinin, habelə ortaq qiymətləndirmə standartlarının hazırlanması istiqamətində İşçi Qrupunun yaradılması barədə qərar veriblər. 31 may-2 iyun 2023-cü il tarixlərində AQC-nin ev sahibliyi ilə üçüncü “Zirvə Görüşü”nın Azərbaycanda keçirilməsi qərara alınıb. Birliyin beynəlxalq sertifikatlaşdırma prosesini həyata keçirməsi üçün hazırlıqlara başlanılması, eləcə də İntizam, Metodologiya və Beynəlxalq əlaqələr komitələrinin və Arbitraj məhkəməsinin formalaşdırılması barədə müvafiq qərarlar qəbul edilib. Birliyi təmsil edən təşkilatların razılığı ilə türk dövlətlərindən olan digər qurumların birliyə üzv olması və səsvermə hüququnun yalnız təsisçi təşkilatlara məxsus olması barədə razılıq əldə olunub.

Daha sonra Rusiya, Rumıniya, Makedoniya, Belarus qiymətləndirmə birliklərinin də qonaq qismində qatıldığı panel müzakirələri təşkil edilib. Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin açılış nitqindən sonra ilk çıxış AQC-nin sədri, TDQB-nin vitse-prezidenti Vüqar Oruca verilib. AQC sədri Azərbaycanda qiymətləndirmə sektorunun mövcud vəziyyəti, inkişaf dinamikası, görülən işlər barədə qonaqları ətraflı məlumatlandırıb. V.Oruc qeyd edib ki, rəhbəri olduğu qurum 60 peşəkar qiymətləndirmə şirkətini və yüzlərlə qiymətləndirici öz ətrafında birləşdirir. TDQB-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflərini səsləndirən AQC sədri qurumun fəaliyyətindən böyük gözləntiləri olduğunu diqqətə çatdırıb.

Panel müzakirələrində TDQB sədri Askar Omerbekov, Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Refik Tuzcuoğlu, Türkiyənin Xəzinə və maliyyə nazirinin müavini İsmayıl İlhan Hatipoğlu, Türkiyə Sərmayəçilər Birliyinin sədri İbrahim Ömer Gönül, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Şimali Kipr Türk Cümhuriyyətinin Dəyərləmə Uzmanları Birliyinin başqanı Kutay Ramiz, Türkmənistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Sergey Mineyev, Rusiya, Belarus, Rumıniya, Makedoniya Qiymətləndiricilər Birliklərinin funksionerləri, Türkiyə hökumətinin təmsilçiləri və digər qonaqlar spiker qismində çıxış ediblər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər