9 C
Baku
Thursday, December 12, 2024

İsveç alimləri zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi yaradırlar

Stokholmda yerləşən İsveçin Kral Texnoloji İnstitutu zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi üzərində işləyir.

Bu institut tərəfindən həyata keçirilən “ArtEmis” Avropa tədqiqat layihəsi gələcəkdə güclü zəlzələlərdən daha mükəmməl xəbərdarlıq sisteminin yaradılmasını nəzərdə tutur. Layihənin rəhbəri, fizika professoru Ayşə Ataç Nyuberq bildirib ki, bir neçə ölçü vahidinin mənalarını birləşdirməklə, zəlzələ tədqiqatçıları irəliyə doğru böyük addım ata bilərlər.

Artıq layihəyə 2027-ci ilədək olan müddətdə 2 milyon avro qrant ayrılıb. Bu vəsait zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi üçün şəraitin yaradılması, o cümlədən Avropanın müxtəlif regionlarında radonun səviyyəsini ölçəcək sensor şəbəkəsinin yaradılmasına yönəldiləcək.

Ayşə Ataç Nyuberq əlavə edib: “Biz radioaktivliyi, suyun təzyiqini, pH-nin əhəmiyyətini və hərəkətini, əvvəllər zəlzələdən zərər görməmiş yerin qatlarında plitələrin birləşməsini ölçə biləcək 100 ədəd detektor yerləşdirmək istəyirik”. Onun sözlərinə görə, 1960-cı ildən etibarən ekspertlər zəlzələnin proqnozlaşdırılması məqsədilə köklü süxurlarda yer qabığının hərəkəti zamanı meydana gələn kiçik çatlarda olan qazformalı radonu ölçürlər. Lakin indi daha çox məlum olur ki, radonun tərkibinə havada və ya torpaqda temperatur və rütubət dəyişiklikləri də təsir edir. Bu səbəbdən alimlər indi onu yeraltı sularda ölçəcəklər. Ekspertlərin rəyinə görə, bu halda radonun göstəriciləri daha sabit və etibarlı müəyyən olunacaq. Bundan başqa, əldə olunan tədqiqat materialları texnologiya və süni intellektin köməyi ilə təhlil ediləcək. Bu birgə layihədə Avropanın 14 müəssisəsindən seysmoloqlar, geoloqlar, fiziklər və süni intellekt tədqiqatçıları iştirak edirlər.

Layihə rəhbəri bildirib ki, ilk tədqiqatlar Yunanıstan, İtaliya və İsveçrədə yer qabığında plitələr arasında birləşmələrdə aparılır. Bundan sonra tədqiqat qrupu detektorların yerləşdirilməsi üçün yeraltı sulara çatacaq. “Biz, həmçinin mağaralar, tunellər və quyularda ölçmə işləri aparmaq üçün rayon bələdiyyələri ilə də əməkdaşlıq edirik. Qrupumuz 2027-ci ildən sonra da öz fəaliyyətini davam etdirəcək”, – deyə A.Nyuberq vurğulayıb. O əlavə edib ki, tədqiqatlar üçün ayrılacaq əlavə maliyyə vəsaiti Türkiyədə və zəlzələdən zərər çəkmiş digər ölkələrdə də detektorların yerləşdirilməsinə imkan verəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər